ev

Bakıda ən ucuz və ən baha obyektlər harda icarəyə verilir? – QİYMƏTLƏR

Baxış sayı: 1. 711

Əmlak bazarına icarə məqsədi ilə təklif olunan kommersiya obyektlərinin orta icarə qiymətləri 2017-ci ilin II rübü üzrə 7.83 $/kv.m qeydə alınıb ki, bu da öz növbəsində 2017-ci ilin I rübü ilə müqayisədə 1.66% artıb. Bu barədə məlumat “MBA Ltd” qiymətləndirmə və konsaltinq şirkətinin monitorinq qrupunun açıqladığı hesabatda yer alıb. Hesabatda qeyd olunur ki, son rüb ərzində kommersiya obyektlərinin seqmentləri arasında ən çox icarə qiymət dəyişikliyinə “zirzəmi” təyinatlı obyektlər məruz qalıb. Bu seqment üzrə 1 kv.m-in orta qiyməti 3.54% artaraq 3.39 $/kv.m təşkil edib. Digər seqmentlərə gəldikdə isə “xidmət” təyinatlı obyektlərdə icarə qiymətləri 2.63% artaraqq 6.47 $/kv.m, “ofis” təyinatlı obyektlərdə qiymətlər 2.81% artaraq 6.75 $/kv.m, “sənaye” təyinatlı obyektlərdə qiymətlər 2.22% artaraq 4.5 $/kv.m, “boş yer” və “mağaza” təyinatlı obyektlərdə isə icarə qiymətləri müvafiq olaraq 1.52% və 0.50% artaraq ayrı-ayrılıqda 7.87 $/kv.m və 18.02 $/kv.m bəndində qərarlaşıb.

 

İcarəyə verilən ən ucuz ofislər Qaradağda, ən bahalı ofislər isə Səbaildə yerləşir

Yerləşməsindən, sahəsinin ölçüsündən və təmirliyindən asılı olaraq ən baha qiymətə icarəyə təklif olunan “ofis” təyinatlı obyektlər əsasən Bakı şəhərinin Səbail, Nərimanov, Nəsimi və Yasamal rayonlarında qeydə alınmışdır. Bu rayonlarda ofislərin 1 kv.m-nin icarə qiymətləri müvafiq olaraq 8.7 $/kv.m, 6.9 $/kv.m, 7.3 $/kv.m və 6.9 $/kv.m təşkil edib. Nisbətən ucuz ofislər isə Nizami və Xətai rayonlarında qeydə alınıb, hər iki rayon üzrə 5.2 $/kv.m. Şəhər üzrə bahalı mağaza təyinatlı yerlər ofis təyinatlı yerlərdə olduğu kimi Səbail və Nəsimi rayonlarında yerləşir, müvafiq olaraq 20.4 $/kv.m 17.1 $/kv.m. Nisbətən ucuz qiymətə olan mağazalar isə Yasamal və Nərimanov rayonlarında qeydə alınıb, hər bir kvadrat metrinə görə müvafiq olaraq 16.3$/kv.m və 16.2$/kv.m. Xidmət və boş yer (bu tip obyektlərin təyinatı dəqiq deyil və onlar ofis, mağaza və ya xidmət təyinatı altında istifadə oluna bilərlər) təyinatlı kommersiya sahələrinə gəldikdə isə ən bahalılar Səbail və Nəsimi rayonlarında, ən ucuzları isə Abşeron, Xəzər və Qaradağ rayonlarında yerləşir.

 

İcarəyə verilən kommersiya obyektlərinin 24,9%-i Nəsimi rayonunun payına düşür

İcarə məqsədi ilə bazara təklif olunan kommersiya obyektlərinin həcmində rayonlar arasında əsas paya 24,9%-la Nəsimi rayonu liderlik edir. Növbəti yerlərdə isə Yasamal və Xətai rayonları qərarlaşıb, müvafiq olaraq 17,7% və 14,3%. Ən az təklif Qaradağ və Xəzər rayonlarında qeydə alınıb, ümumi təklif portfelinin 1,5%-i bu iki rayonun payına düşür.

Son rüb üzrə bazara icarə məqsədi ilə təklif olunan kommersiya obyektlərinin seqmentləri üzrə bölgüyə gəldikdə isə, burada əsas paya 35.8%-lə “xidmət” təyinatlı sahələr malikdir. “Boş yer” (bu tip obyektlər o obyektlərdir ki, hansılar ki, təyinatı dəqiq deyil, və onlar ofis, mağaza və ya xidmət təyinatı altında istifadə oluna bilərlər) və “mağaza” təyinatlı yerlər bazarda müvafiq olaraq 23.8% və 14.7% paya sahibdirlər. Satışda olan “ofis”, “anbar”, “zirzəmi” və “sənaye” təyinatlı yerlərin birgə sayı isə ümumi payın 25.7%-nə malikdir.

 

İcarə məqsədi ilə bazara təklif olunan ən böyük sahə 2400 kv.m olub

İcarəyə verilən qeyri-yaşayış obyektlərinin orta sahəsi II rüb üzrə 153.5 kv.m təşkil etmişdir ki, bu da öz növbəsində cari ilin I rübü ilə müqayisədə 7.2% artıb. Sahənin artmasının əsas səbəbi kimi əmlak bazarında ayrıca böyük sahələrə malik tikili obyektlərinin icarə təklifinin artması ilə əlaqələndirmək olar. Araşdırmalar nəticəsində Bakı şəhərində icarə məqsədi ilə bazara təklif olunan ən böyük sahə Nərimanov rayonunda, Əhməd Rəcəbli küçəsində, “xidmət” təyinatlı, yeni tikilmiş, yaxşı təmirli bina qeydə alınmışdır, 2400 kv.m. Ən az sahəyə malik icarəyə veirlən kommersiya obeykti isə Nəsimi rayonunun mərkəzində, “Gənclik” m/st yaxınlığında qeydə alınıb, 8 kv.m sahəyə malik olan “xidmət” təyinatlı obyekt.

II rüb üzrə “boş yer” təyinatlı kommersiya obyektlərin 25%-i ümumi sahəsi 80-119 kv.m sahə aralığında olan obyektlərdir. “Ofis” və “xidmət” təyinatlı kommersiya obyetklərində də 80-119 kv.m sahə aralığında olan obyektlər sayca üstünlük təşkil edib, müvafiq olaraq 31% və 25%. “Mağaza” təyinatlı kommersiya obyektlərində isə 40-79 kv.m sahə aralığında olan obyektlər çoxluq təşkil edib ki, bu da bu seqment üzrə ümumi payın 28%-i deməkdir.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir