valideyn

Bala baldan şirindir deyirik, amma…

Baxış sayı: 498

Son vaxtlar KİV-in gündəmindən düşməyən mövzulardan biri də uşaqlara qarşı zorakılıq göstərilməsi, onların döyülüb təhqir edilməsidir. Özü də bu əməllər o müəssisələrdə baş verir ki, həmin qurumlar uşaqlara və körpələrə qayğı göstərməli, onlarda yaxşı vərdişlər yaratmalı, əməyə və insanlara məhəbbət və hörmət aşılamalıdırlar. Ancaq təəssüf ki, cəmiyyətimizdə bunun əksi olan elə eybəcərliklərə rast gəlirik ki, damarlarımızda qanımız donur. Düşünürsən ki, bəşəriyyətin sivilizasiyaya doğru getdiyi bir zamanda bu cür neqativ halların baş verməsinə nə ad vermək olar?

Bu günlərdə paytaxtın Nizami rayonu ərazisindəki “Mehnur” loqopedik mərkəzində anlaqsız əlil uşağın psixoloq qadın tərəfindən saçının yolunaraq əzab verilməsi, xəsarət yetirilməsi, döşəmədə sürütlənməsi hamı tərəfindən qəzəblə qarşılandı. Bildirilən rəylərdə tələb olundu ki, psixoloq dərhal işdən qovulsun. Əlbəttə, haqlı tələbdir. Uşaqlara psixoloji yardım göstərmək əvəzinə ona yeni psixi travmalar yetirən işçi orada saxlana bilməz. O qadının mərhəmət hissindən yəqin ki, heç xəbəri yoxdur, olsa elə iyrənc hərəkət etməzdi. Bəlkə də özünün psixoloji durumu qaydasında deyil.

kemale agazade

Məsələ ilə bağlı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə mətbuata açıqlamasında bildirib ki,  bu cür problemli reabilitasiya mərkəzlərinin açılmasına görə səlahiyyətli qurumları məsuliyyət daşımalıdırlar: “Belə mərkəzlərin açılmasından aidiyyəti qurumların hansı halda xəbəri olur? Nəyə görə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün lisenziyasız mərkəzlər fəaliyyət göstərir? Deməli, burada məsuliyyət aidiyyəti qurumun – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə düşür. Yox, əgər bu mərkəzlər Elm və Təhsil Nazirliyinin nəzarətindədirsə, o zaman nazirlik cavab versin: hansı keyfiyyətlərinə görə belə bir mərkəzlər açılır?”

 

Təəssüf ki, belə hallara ümumtəhsil məktəblərində və körpələr evi-uşaq bağçalarında da rast gəlinir. Hətta ailələrdə valideynlərin uşaqları öldürməsi faktları var ki, bunlar dəhşət və vəhşət yaradır. Halbuki bizim ata-babalarımız, nənələrimiz canlarını övladlarının yolunda gözlərini qırpmadan qurban veriblər.

Keçən əsrin 60-70-ci illərinin dəsliklərində bakılı Tofiq Hüseynovun qəhrəmanlığı haqqında hekayə tədris edilirdi. Hekayədə bildirilirdi ki, gənc Tofiq bir neçə uşağın dənizdə batdığını görür və vaxt itirmədən suya atılır. O, şahə qalxmış dalğalarla çarpışaraq qızlardan üçünü xilas edir. Dördüncü qızı da xilas etməyə gedərkən yorulur və həmin qızla birlikdə dənizdə batıb həlak olur. Yazıçı Anarın ssenarisi əsasında hadisə ilə bağlı “Var olun, qızlar!” bədii-sənədli filmini də çəkilib. Bəli, özündən kiçikləri canı ilə qorumaq bizim ən gözəl ənənələrimizdən biridir. Saysız-hesabsız belə misallar gətirə bilərik. Görkəmli yazıçımız Yusif Vəzir Çəmənzəminlinin sevə-sevə oxuduğumuz “Qan içində” romanında buna parlaq nümunə olacaq bir səhnə var. Qarabağ xanının vəziri Molla Pənah Vaqifi oğlu Əliağa ilə birgə qollarını bağlayıb edam etməyə aparırlar. Edam yerinə çatanda əvvəlcə Əliağanı öldürmək istəyəndə Vaqif üsyan edir. Cəlladlara od püskürən şair hayqırır ki, əvvəl məni öldürün, övlaq dağı görməyim. Bu səhnə atanın övlada məhəbbətinin zirvəsidir.

valideyn

Bizə verilən tərbiyədən, göstərilən qayğıdan belə nəticə çıxarılmalıdır ki, böyüklər həmişə kiçiklərə ehtiram göstərməli, onları döyməklə, əzab və işgəncə verməklə deyil, başa salmaqla, inandırma üsulu ilə tərbiyələndirməlidirlər. Axı, kiçiklərin də qüruru var, onları kobud surətdə sındırmaq olmaz. Uşaqları şirin dillə danışdırmaq, sözünü kəsməmək və onlara mehriban rəftar təlqin etmək lazımdır. Azmı görmüşük pis oxuyan şagirdə müəllim hörmətlə yanaşmaqla, zəif bildiyi dərsə görə ona yüksək qiymət yazıb onu əlaçıya çevirməyi! Deməli, o müəllim uşağın qəlbini ələ almağı bacaran pedaqoqdur. Uşaqları alçaltmamaq, onların qürurunu sındırmamaq, özünəinam yaratmaq bacarıqlı pedaqoqların kəsərli tərbiyə silahıdır. Kim bu silahdan istifadə edirsə, uğur qazanır. Ümumiyyətlə, tərbiyə çətin kompleks tədbirlərin tətbiq edildiyi mürəkkəb bir prosedir. Bu prosesi həyata keçirənlərin özləri tam hazırlıqlı olanda effekti daha yüksək olar.

 

Vəli İlyasov




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir