aile munaqisesi

Beyinsizlik deyil, nəsə başqa bir şeydir – Boşadı, sonra öldürdü…

Baxış sayı: 601

Hər xalqın özünə xas və onu digərlərindən fərqləndirən milli-mənəvi dəyərləri, tarixi ənənələri var. Onların sırasında qadına münasibət, qadının cəmiyyətdəki rolu da öncül yerlərdən birini tutur. Bu baxımdan Azərbaycanda da əsrlər boyu formalaşan ümumi, orta bir yanaşma mövcuddur. Ana, bacı, həyat yoldaşı, qız övladı bu diyarda hər zaman müqəddəslik rəmzi, namus və qeyrət təcəssümü hesab ediliblər və onlara yanaşma da müvafiq olub. Zaman olub ki, qadın bir hərəkəti – başının örtüyünü çıxarıb iki düşmən ordunun arasına atması ilə böyük qanların qarşısını alıb.

Amma istəyib-istəməməyimizdən asılı olmayaraq, təəssüflə qeyd etmək lazımdır ki, son onilliklərdə məmləkətimizdə qadının müqəddəslik dərəcəsinin orta göstəricisi xeyli aşağı düşüb. Düzdür, hələ nudist çimərliklərinin və leqal fahişəxanaların yaradılmasına gedib çıxmamışıq. Amma proses və onun sürəti göz önündədir.

Buna səbəb kimi elimizə qərbin və milli mentalitetimizə zidd mədəniyyətlərin ekspansiyasını da göstərmək olar, başqa səbəblər də aramaq mümkündür. Ancaq səbəbdən asılı olmayaraq nəticə dəyişmir. Fakt faktlığında qalır. Amma və lakin! Nə olursa olsun, milli mənəviyyat dənizində hansı təlatümlərin və kataklizmlərin cərəyan etməsindən asılı olmayaraq, kişi qadına münasibətdə kişi olmasını heç zaman unutmamalıdır.

zorakiliq

Kişilər və “kişilər”

Son illərin rəsmi statistikası ölkədə boşanmaların sayının durmadan artdığını göstərir. Azərbaycan adət-ənənələrinə uyğun böyük təmtəraqla təməli qoyulan ailələr bir müddət sonra dağılır. Bu tendensiyanın hansı səbəblər üzündən meydana gəlməsi ayrıca bir söhbətin mövzusudur. Biz isə diqqəti məhz heç kimin yaşamaq istəmədiyi bu xoşagəlməz hadisədən sonra müşahidə edilənlərə cəlb etmək istərdik.

Məsələ burasındadır ki, bəzi kişilər əslində boşanmanın arxasında hansı hüquqi, mənəvi və hətta dini motivlərin və bundan irəli gələn vəzifələrin dayandığını anlamırlar. Əsas səbəb savadsızlıq, dünya görüşünün sıfırdan aşağı olmasıdır. Nəticədə isə faciələr bir-birini əvəzləyir.

Müəllifi Bəşər Səmədov olan Azərbaycan dilinin etimologiya lüğətinə əsasən, “boşamaq” –sərbəst, azad buraxmaq deməkdir. Elə bu səbəbdən də “bəzi dialektlərdə ərsiz qadınlara “başıboş” (yəni azad) deyirlər”. Bu qeyd olunanları məişət səviyyəsinə endirsək, boşanan qadını sabiq ərinə artıq heç nə bağlamır. Adam gələcək həyatını qurmaqda tam sərbəstdir.

Eyni ilə kişi də artıq keçmiş həyat yoldaşına görə heç bir mənəvi məsuliyyət daşımır. Onun geyimi, həyat tərzi, kiminlə ünsiyyətdə olmasına da müdaxilə edə bilməz və etməməlidir. Çünki artıq dünyanın bütün digər özgə qadınları ilə keçmiş həyat yoldaşı arasında heç bir fərq yoxdur: həm qanunlar, həm də mənəviyyat baxımından.

Amma xəbər lentlərində rast gəldiyimiz məlumatlar bu sadə məsələnin bəzilərinin beyin hüceyrələri tərəfindən hələ mənimsənilmədiyini göstərir. Elə buna görə də qadınlar zorakılığa məruz qalır, bəziləri isə hətta qətlə yetirilirlər. Bu cinayətləri törədən kişilərin məntiqini anlamaq isə çox çətindir: əgər bu qadın sənə bu qədər əziz idisə, əgər bu qədər onun halına alışıb yanırdınsa, o zaman ürəyinə hansı zaval töküldü ki, onu boşadın?

Hərçənd, qadına əl qaldıran, hətta onu bıçaqlayan məxluqa “kişi” demək nə dərəcədə düzgündür? Ta qədimdən bu torpaqlarda kişi başqa xüsusda tanınıb, başqa xüsusda vəsf olunub. Amma günümüzün reallığı belədir, nə edək?

zorakiliq

İfrat hər şeyi eybəcərləşdirir

Bəs yaranmış xoşagəlməz vəziyyəti necə düzəltmək olar? Əlbəttə ki, cəmiyyətdə hansı dəyişikliklərin baş verməsindən və hansı ruzigarların əsməsindən asılı olmayaraq, Azərbaycanda qadını yenə də uca sayan, ona hörmətlə yanaşan, onlara münasibətdə həddini aşmayan kişilərin kökü kəsilməyəcək. Eyni zamanda qadın yenə də namus və qeyrət təcəssümü kimi öz rolunu qoruyacaq. Bu, xalqımızın çox böyük dəyəridir və heç kim də ondan imtina etməyi təklif etmir və edə də bilməz.

Ancaq hər şeydə və hər sahədə olduğu kimi, burada da ifrat yanaşma yersizdir. Məhz ifrat baxışlar və dəyərləndirmələr hətta ən gözəl amalları belə, eybəcərləşdirir, tanınmaz hala salır. Odur ki, cəmiyyətdə sözü keçən, hörməti olan ağsaqqallar, ziyalılar, din xadimləri bütün vasitələrdən istifadə edərək insanlarımıza məsələnin əsl mahiyyətini çatdırmalıdırlar. Bu, onların öhdəsinə düşən vətəndaşlıq borcudur.

Yaşından asılı olmayaraq hər kəsə anlaya biləcəyi tərzdə izah olunmalıdır ki, dünyada zorakılıqla şəxsi münasibətlərin yoluna qoyulmasına dair bir nümunə belə, yoxdur.

Eyni zamanda dövlət qanunları ilə boşanan, dini qaydalara uyğun talaq verilən qadınlar üzərində keçmiş ərlərin heç bir hüquqi və mənəvi haqqı yoxdur. Belə qadınlara qarşı vəhşilik edənlər isə ifşa olunmalı, cinayət məsuliyyətinə cəlb olunmaqla yanaşı sərt ictimai qınağın da hədəfinə çevrilməlidirlər. Yol vermək olmaz ki, ülvi və uca hisslər, mənəvi dəyərlərimiz bir qrup nadan, savadsız, hozu və tərbiyəsizlərin güdazına getsin.

 

Polad Xudayarlı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir