Nermine Abbasova

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Baxış sayı: 459

Bu gün oxucularımıza insanların çoxunun xəbəri olmayan bir xəstəlikdən – mononükleozdan bəhs edəcəyik. Mononükleoz, mono da adlanır…

Xəstəliklə bağlı oxucularımızı MayoMed Medikal Fizioterapiya vətər Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova məlumatlandırır.

Nərminə xanım bildirir ki, bu xəstəlik də COVID-19 kimi müalicə tələb edir:

Yoluxucu xəstəlik olan mononükleoz adətən Epstein-Barr virusundan qaynaqlanır. Sübut edilib ki, mono adətən bədən mayeləri vasitəsilə yayılır və tüpürcəkdə cəmləşir. Virus cinsi əlaqə, qan və ya orqan transplantasiyası yolu ilə də ötürülə bilər. Epstein-Barr virusuna yoluxmuş hər dörd nəfərdən ən azı birində mononükleoz inkişaf edir. Simptomlar infeksiyadan 4-6 həftə sonra özünü göstərir.

Həkim deyir ki, xəstəliyin hərarət, boğaz ağrısı, baş və bədən ağrıları, gərginlik, limfa şişməsi, qaraciyər və ya dalağın şişməsi kimi əlamətləri daha çox yayılıb:

Bu simptomlar arasında mononu digər xəstəliklərdən fərqləndirən cəhət limfa düyünlərinin şişməsidir. Təbii ki, hər kəsdə eyni anda bütün bu simptomlar müşahidə olunmur. Epstein-Barr virusuna yoluxan və mono inkişaf edən insanların əksəriyyəti 2-4 həftə ərzində sağalır. Bəzi insanlarda simptomlar yüngülləşə və sonra bu şəkildə ağırlaşa və azala bilər.

Ailə həkimimiz vurğulayır ki, COVID-19 ilə müqayisədə mono virusunun diaqnozu asan deyil. Onun sözlərinə görə, fərqi izah etmək üçün limfa düyünlərinin, badamcıqların, qaraciyərin və dalağın şişkinliyinə baxılmalıdır:

Qan analizi ilə də diaqnoz qoyula bilər. Qeyd edim ki, mononun müalicəsi üçün xüsusi dərman yoxdur. Bol su içmək, ağrı və qızdırma salan dərmanlar qəbul etmək tövsiyə olunur. Mono dalağın şişməsinə səbəb olduğuna görə dalağın yırtılması riskinə qarşı bəzi idman hərəkətlərindən qaçmaq lazımdır. Bununla yanaşı, başqaları ilə ümumi əşyalardan istifadə etməməli, əl gigiyenasına diqqət yetirməli və yaxın təmasdan qaçmalısınız”.

Həkim deyir ki, mononükleoz öpüşmə əsnasında tüpürcək yolu ilə yayıldığı üçün öpüş xəstəliyi də olaraq bilinir:

“Uşaqları öpməklə keçən bu xəstəlik qeyd etdiyim kimi, Epşteyn-Barr adlı bir virus tərəfindən törədilir. Yoluxma yolu tüpürcək vasitəsilə olduğu üçün uşaqları ağızdan və ya ağıza yaxın yerdən öpmək olmaz. Sıx görülən bir xəstəlikdir. Böyük yaşa gələn insanların 95%-i bu xəstəliyi keçirmiş olur. Bəzi uşaqlarda bu xəstəlik hiss edilmədən keçə bilir, bəzilərində isə ağırlaşmalarla üzə çıxır. Uşağı yoluxduran şəxs adətən sağlam olur. Çünki bu xəstəliyi keçirən şəxsin tüpürcəyində virus 6 ay, bəzən də 1 ilə qədər qala bilir və bu “sağlam” şəxs uşağı öpməklə onu çox ciddi bir təhlükə ilə qarşı-qarşıya qoyur”.

Nərminə xanım bildirdi ki, xəstəlik klinik gedişatında öz-özünə sağalır, lakin bəzən ağırlaşmalarla da üzə çıxa bilir. Həkimin sözlərinə görə, ağırlaşmalar ensefalit, meningit, ürək əzələsinin zədələnməsi, miokardit, perikardit ilə müşahidə olunur:

“Spesifik bir müalicəsi yoxdur. Antibiotiklərdən və ya virus əleyhinə preparatlardan istifadə yersizdir. Müalicə simptomlara yönəlik, dəstək müalicə və yataq istirahəti ilə aparılır. Xəstəlikdən qorunmaq üçün uşaqları öpmək olmaz. Xüsusilə bağçaya gedən uşaqlar oyuncağı ağıza götürməklə xəstəliyə yoluxa bilər. Bundan başqa ağızdan su axan uşaqlar tüpürcəklə asanlıqla digər uşaqları yoluxdura bilər. Ona görə bu tip toplumlarda gigiyenaya mütləq riayət edilməlidir. Yəni oyuncaqlar tez-tez yuyulmalı, uşaqların əli tez-tez yuyulmalı, oyuncaq ağıza alınmamalıdır. Diqqətlə riayət olunan təmizlik xəstəliyin yayılmasını əngəlləyər”.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir