Məktəbə başlamaq uşağın həyatında mühüm bir mərhələdir. Bu dövr yalnız təhsil prosesinin başlanğıcı deyil, həm də sosiallaşma, müstəqillik və yeni mühitə uyğunlaşma mərhələsidir. Xüsusilə birinci sinfə gedən uşaqlar üçün məktəb, həm yeni imkanlar, həm də müəyyən stress mənbəyi ola bilər. Psixologiyada bu mərhələ “adaptasiya dövrü” adlanır və uşağın emosional, sosial və idrak inkişafında mühüm rol oynayır.
Məktəbəqədər dövrdən məktəb həyatına keçid uşağın həyatında yeni səhifə açır. Yeni səhifə açılması ilə kifayətlənmir, uşağın aparıcı fəaliyyəti olan oyun təlimlə əvəzlənir. Məktəbəqədər dövrdə uşaq daha çox oyunla məşğul olur, qayğısı valideyn tərəfindən qarşılanır. Məktəbə başlayan uşaq isə ilk dəfə nizam-intizam, qaydalar və məsuliyyətlə qarşılaşır. Məsələn,vaxtında dərsə getmək,tapşırıqları yerinə yetirmək,müəllim göstərişlərinə əməl etmək,yeni dostluqlar qurmaq və s.
Bu dəyişikliklər uşaqda həyəcan, qorxu, ya da coşqu yarada bilər.
Birinci sinifə başlamaq şagirdlərdə bir sıra psixoloji çətinliklər yaradır. Aşağıdakıları nümunə göstərə bilərik ;
1) Ayrılma narahatlığı – Uşaqlar məktəbə gedərkən valideyndən ayrılmaqda çətinlik çəkə bilərlər.
2) Qaydalara uyğunlaşma – Oyun mühitindən ciddi dərs qaydalarına keçid çətin ola bilər.
3) Yeni mühit qorxusu – Tanımadığı müəllim və uşaqlarla ünsiyyət qurmaq stres yarada bilər.
4) Özünüqiymətləndirmə – Oxuma-yazma bacarıqları zəif olan uşaq özünü başqaları ilə müqayisə edib aşağı dəyərləndirə bilər.
Müsbət tərəfləri isə bunlardır;
-Uşaqda müstəqillik və məsuliyyət hissi formalaşır.
-Sosial bacarıqlar inkişaf edir: paylaşmaq, əməkdaşlıq, dostluq.
-İdrak sahəsində böyük sıçrayış baş verir – oxuma, yazma, hesablama bacarıqları inkişaf edir.
-Uşaq özünü daha “böyük” hiss edərək şəxsiyyət kimi formalaşmağa başlayır.
Valideynlər üçün tövsiyələr
– Emosional dəstək verin – Məktəbə başlamanı təzyiq yox, sevinc kimi təqdim edin.
– Müstəqilliyi təşviq edin – Çantanın hazırlanmasında, geyim seçməsində uşağın iştirakını təmin edin.
-Müəllimlə əməkdaşlıq edin – Uşağın məktəb həyatına uyğunlaşmasını izləyin, müəllimlə əlaqədə olun.
– Müqayisə etməyin – Uşağı başqaları ilə yox, özü ilə müqayisə edin: “dünənlə müqayisədə bu gün daha yaxşısan”.
– Oyun və dərsi balanslaşdırın – Uşağın dərs yükü ilə yanaşı oyun ehtiyacını da təmin edin.
Məktəbə başlamaq uşağın həyatında yeni bir dövrün başlanğıcıdır. Bu prosesdə həm uşağın, həm valideynin, həm də müəllimin rolu böyükdür. Əsas odur ki, uşaq məktəbi yalnız öyrənmək yeri kimi deyil, həm də özünü kəşf etdiyi, dostluqlar qurduğu və inkişaf etdiyi bir mühit kimi görsün.
Psixoloq Aysu Əliyeva