Bitkoin… Əgər internet istifadəçisinizsə, mütləq adını eşitmisiniz. Dünyaya səs salan bu kriptovalyuta bir çox insanlara milyonlar qazandırıb. Bunlardan ən populyar olanı norveçli gəncin hekayəsidir. Bu gənc vaxtilə 26 dollar xərcləyərək 5 min bitkoin alıb. Sonradan bahalaşma nəticəsində onun bitkoinlərinin ümumi məbləği 65 milyon dollara çatıb. Belə misallar çox çəkə bilərik. Şanslıların içində azərbaycanlılar da var. Bəs bitkoinə pul yatırmaq üçün nələrə diqqət etmək lazımdır?
Bitkoin nədir?
Bitkoin mərkəzləşdirilmiş və yaxud ənənəvi valyuta ilə əlaqəli iqtisadi problemləri həll etmək üçün ortaya çıxan maraqlı bir valyuta formasıdır. Kağız pul formasında olmadığı üçün necə işlədiyini başa düşmək çətin görünə bilər. Amma çox sadədir. Bitkoin 2009-cu ildəki maliyyə böhranı zamanı yaranmış rəqəmsal valyuta formasıdır. 2008-ci ildə nəhəng beynəlxalq investisiya banklarından olan Lehman Brothers tarixin ən böyük iflasını yaşayıb. Bu nəhəng hadisə qlobal maliyyə böhranına start verib. Bir neçə ay sonra isə bitkoin meydana gəlib. Sadə dildə izah eləsək, bitkoin banksız internet puludur. Satoshi Nakato və developer Hel Finney tərəfindən yaradılıb.
Bitkoin necə işləyir?
Manat, dollar, avro, yen və digər mərkəzləşdirilmiş pul vahidlərindən fərqli olaraq bitkoin mərkəzləşdirilməmiş valyuta kimi təsnif edilir. Müasir iqtisadiyyatımızı müəyyənləşdirən standart valyutalar banklarda mərkəzləşdirilir və hökumət tərəfindən idarə olunur. Bitkoini idarə edən heç bir bank və ya mərkəzi orqan yoxdur. Bitkoin pul əməliyyatlarını idarə edən və təsdiqləyən istifadəçilər şəbəkəsi tərəfindən idarə olunur. Bitkoin ilə əlaqəli bir üstünlük də onun yerli valyutalara əsaslanmamasıdır. Normalda insanın pulu yaşadığı ölkə tərəfindən idarə olunur. Məsələn, ABŞ-da yaşayırsınızsa və hansısa əşyanızı Yaponiyada yaşayan insana satmaq istəyirsinizsə, ABŞ dollarından istifadə etdiyiniz üçün onu Yapon yeninə sata bilməzsiniz. Lakin bitkoin dünya valyutasıdır. Birisi yapon satıcısından bir şey alıb bitkoin ilə ödəyirsə, nə konvertasiya haqqı, nə bank gecikməsi, nə də bank haqqı var. Pul dərhal göndərilir və əlavə ödəniş yoxdur.
Bitkoin almaq və saxlamağın təhlükələri nələrdir?
Beynəlxalq ekspertlər deyir ki, bitkoinə uğurlu investisiya qoyuluşu haqqında çox sayda hekayəyə baxmayaraq, satın almadan əvvəl bütün mümkün riskləri araşdırmaq lazımdır. Əsas risk amillərinə aşağıdakılar daxildir:
Qiymət dəyişkənliyi
Bitkoinin qiyməti gündəlik dəyişir. 10-15 faiz yuxarı və ya aşağı dəyişə bilər. Belə dəyişkənlik qazanmaq üçün imkanlar yaratmaqla bərabər, pul itkisinə də səbəb ola bilər.
Tənzimləyicilərin qeyri-müəyyənliyi
Bir çox ölkələr rəqəmsal pulun statusu, vergi sistemi və varlıqlarını bəyan etmə yolları üçün qanuni konsepsiya hazırlaya bilmir. Hazırda bitkoin bəzi ölkələrdə təşviq, bəzilərində isə qadağan edilən maliyyə alətidir.
Gəlirlərin qanuniliyi məsələsi
Ölkələr bitkoin haqqında qanun qəbul etmədiyi üçün banklar kriptovalyutalardan gəliri müxtəlif cür şərh etmək hüququna malikdirlər. Bəzi şirkətlər əməliyyatları problemsiz həyata keçirir, bəziləri isə pulun qanuniliyinin təsdiqini tələb edir.
Tənzimləmə
Vasitəçilər və ya ənənəvi varlıqlara yatırımlar halında hər şey son dərəcə şəffafdır. Bir şəxs investisiyalar üçün bir istiqamət seçir və qanuna uyğun işləyən vasitəçiyə müraciət edir. Əksər birja və dəyişdiricilərin işinin qanuniliyi sual altındadır.
Bitkoin açarı
Kripto valyuta üzrə ekspert Rövşən Kazımovun sözlərinə görə, bitkoin almaq üçün elektron pul kisəsi yaradıb, işləmə prinsiplərini anlamalısınız. Əsas olan xüsusi açarı etibarlı şəkildə saxlamaq və üçüncü şəxslərə ötürməməkdir. Çünki bu açar pulların idarə olunmasına giriş açır: “Bitkoin əldə etmək üçün kriptovalyuta birjalarından, internet üzərindən fəaliyyət göstərən 200-dən çox valyuta mübadiləsilə məşğul olan saytlardan, telefonlara rahatlıqla yüklənməsi mümkün olan CEX.io, Binance, Coinbase kimi platformalardan istifadə edilir. Sözügedən vasitələr həmçinin bitkoinin pula çevrilməsi üçün də istifadə olunur. Bir çox birjalarda hazırda kriptoları qiymətli kağıza çevirmək üçün birbaşa köçürmələr var. Bitkoini sataraq qiymətli kağıza çevirmək və plastik kartlara, bank hesablarına köçürmək mümkündür. Bitkoindən qazandığımız pulu almaq üçün bunu ilk olaraq birjada təsdiqlətmək, sonra istənilən valyutaya çevirib pulu öz bank hesabına köçürmək lazımdır. Həmin birjalarda şəxsiyyəti təsdiq edən vəsiqə və ya pasport tələbi mövcuddur. Bitkoini konvertasiya etdikdə birjanın özü və bank tərəfindən komissiya tutulur. Nağd pulla bitkoin satışının həyata keçirilməsi qeyri-qanunidir, “qara bazar”dır.
Bitkoin almaq üçün əsas yollar
Bu yollardan biri mübadilə platformalarıdır. İnternetdə kiçik bir komissiya ilə bitkoin almağa və ya satmağa imkan verən çox sayda sayt var. Əməliyyatlar üçün bank hesabları, populyar internet bankçılıq saytları və elektron pul kisələri istifadə olunur.
Birjalar
İnvestorlar birjanın veb saytında qeydiyyatdan keçə, yoxlanışdan keçə və bank kartı istifadə edərək hesablarını doldura bilərlər. Bundan sonra bitkoin almaq mümkün olacaq. Aldıqdan sonra bitkoini həm birjada, həm də şəxsi pul kisənizdə saxlaya bilərsiniz. Gəlir qazandıran hər sahədə fırıldaqçılar olduğu üçün bitkoin alanda da diqqətli olmaq lazımdır.
Saxta saytlardan fişinq
Kriptovalyuta birjalarının və bitkoin mübadilə xidmətlərinin çox sayda saxta saytları kiber cinayətkarların varlanmasının sübut olunmuş yollarından biridir. URL-də bir hərfi dəyişdirərək, bitkoin, etereum və digər kriptovalyutaları saxlaya biləcəyiniz və ya mübadilə edə biləcəyiniz saxta internet mənbələri klonları yaradırlar. Fişerlərin məqsədi qeydiyyat məlumatlarını oğurlamaq və ya istifadəçini kriptovalyutası ilə əməliyyat aparmağa məcbur etməkdir ki, bu da fırıldaqçıların pul kisəsində qalacaq.
Piramidalar və bitkoin depozitləri
Müəyyən miqdarda kriptovalyutaya sahib olanlar və onu artırmaq istəyənlər MLM strukturlarının yaradıcıları tərəfindən hədəf alınır. Bitkoinləri depozitə qoyaraq investisiya qoymağı təklif edirlər və yüksək gəlirlər vəd edirlər – məsələn, gündə iki-üç faiz. Bu cür layihələrdən biri də məşhur Triniti olub. Təxminən üç ay ərzində referral proqramı vasitəsilə xidmət müştəriləri cəlb edib və mütəmadi olaraq istifadəçilərinə pul göndərib: əmanət faizləri cəlb olunan insanların ödənişləri hesabına artırılır və nəticədə fırıldaqçıların pul kisəsində qalırdı.
“Bulud mədəni” (Klaud mayninq)
Digər bir bitkoin fırıldaqçısı bulud mədənidir. Əslində, müəyyən bir miqdarda hesablama gücü icarəyə götürərək kriptovalyutanı güclü kompüter və proqram təminatı olmadan çıxarmaq imkanı verir. Kriptovalyuta üzrə ekspertlər izah edir ki, “Bulud mədəni” 90 faiz saxtakarlıqdır. Bu cür saytlar guya mayning prosesini (kompüterlərinin gücləri əsasında kriptovalyuta əldə etmək prosesi) əks etdirən bir sayğaca giriş imkanı verir, ancaq bir pulu hesabınıza çəkməyə çalışdığınız zaman “texniki problem” yaranır və ya müştəri hesabına qəpik-quruş daxil olur.
Aygün ƏZİZ
Həsən Ağacanov kollaj