gunes

Günəş kremləri dərimizi nə dərəcədə qoruyur?

Baxış sayı: 621

Dərini günəşin zərərli şüalarından qorumaq üçün günəş kremlərinin (SPF tərkibli kremlər) istifadəsinin vacib olduğu bildirilir. Tək yayda deyil, elə digər fəsillərdə də bu kremlərin istifadəsi məsləhət görülür. Ancaq yay aylarında günəşin istiliyi daha çox olur və dəriyə mənfi təsirlərini də məhz bu fəsildə daha çox görürük. Bu yay isə günəşin istiliyi öyrəşdiyimizdən daha çoxdur. Bəs daha isti keçən bu yay aylarında istifadə etdiyimiz G Bəzən günəş kremlərinə arxayın olub, günəş şüasının pik olduğu saatlarda da günəş altında çox vaxt keçiririk. Bu, nə dərəcədə düzgündür?

 

Ağ və sarışınlar, tünd rəngli xalları olanlar

Həkim-dermatoloq Şövqi Zeynalov deyir ki, günəş şüasının orqanizm, dəri üçün öz faydası var. Günəş şüalarını qəbul etməmək də olmaz. Amma günəş şüasının zərərli təsirləri də var ki, dərimizi bundan qorumaq üçün günəş kremləri istifadə etməliyik. “Bütün dəri tipindən olan insanların günəş kremləri istifadə etməsi vacibdir” deyən həkim qeyd edir ki, günəş şüalarının təsirinə daha tez və çox məruz qalan dəri tipi də var: “Daha çox tünd rəngə sahib olan adamlar günəşdən ehtiyat etmirlər. Çünki onlar günəş şüalarına daha az məruz qalırlar. Dərisi açıq rəngdə olanlar – ağ, sarışın – günəş şüalarının təsirinə daha çox məruz qalırlar. Açıq rəngli adamlar dərilərini qorumasalar, günəş şüası onlar üçün daha təhlükəli ola bilər. SPF-50 istifadə etmək onlar üçün kifayət edər. Bir də xallara meyilli, dərisində daha tünd rəngli xallar olan şəxslər də günəş şüalarından qorunmalıdırlar. Ümumilikdə, bütün dəri tipindən olan şəxslər günəşdən qoruyan kremlər istifadə etməlidir”.

 

“Zaqar” kremi dərini qorumur

Ş.Zeynalov deyir ki, günəş kremlərini günorta 12:00-a qədər və 16:00-dan sonra istifadə edib günəş altına çıxmaq olar. 12:00-16:00 aralığında günəş şüalarının dəriyə zərərli təsirləri daha çox olur. Həmin saatlarda günəş kremləri dərini çox da qorumur: “Bu saatlarda günəş altına çıxılırsa, daha uzunmüddətli qoruyuculuğu olan günəş kremləri istifadə edilməlidir. Bu zaman dəri nisbətən daha çox qorunmuş olar. Amma bu hallarda da günəş kremlərindən istifadə etmək bəzən əlavə mənfi təsirlər göstərir. Çünki həddindən artıq istidir, bu zaman insan daha çox tərləyir. Tərlə günəş kremi qarışanda, dəridə başqa problemlər – ləkələr, xəstəliklər yarana bilir. Fotodermatozlar deyilən dəri xəstəlikləri var ki, günəş şüalarının təsirindən yaranır. Yəni günəş kremi istifadə edib, günün ən isti vaxtında açıq havada çox vaxt keçirmək və kremin dərini qoruduğunu düşünmək olmaz. Çünki bu zaman müalicəsi çətin olan dəri problemləri də yarana bilir”. Həkim deyir ki, “zaqar” kremləri dərini günəşdən qorumur: “Bəzən “zaqar” kremi istifadə edirlər, düşünürlər ki, bu həm də dərini günəş şüalarının zərərli təsirlərdən qoruyur. Amma elə deyil. Yaxşı olar ki, günəş qoruyucularından istifadə edib daha sonra “zaqar” kremləri vursunlar”.

 Tər, krem və günəş şüası...

“Mağazadan deyil, aptekdən alın”

Ş.Zeynalov bildirdi ki, üzərində “günəşdən qoruyan krem” yazılan bütün kremlər heç də dərini qorumur: “Kremlər var ki, üzərində günəşdən qoruduğu yazılıb, amma onların elə də qoruyucu funksiyası yoxdur. Daha keyfiyyətli, dermatoloji testlərdən keçmiş günəş kremlərindən istifadə etsinlər. Günəşdən qoruyan kremləri kosmetik mağazalardan deyil, apteklərdən alsınlar. Adi mağazalarda satılan sadə günəş qoruyucuları var, onlar o qədər də effektli deyil”.

Xanımlar çox vaxt günəş kremlərini çəkib üzərindən makiyaj edirlər. Ş.Zeynalov bildirdi ki, bu, o qədər də məqsədəuyğun deyil: “Tonal effektli günəş kremləri var. Onları həm makiyaj əvəzi, həm də günəş kremi kimi istifadə etmək olar”.

 

Qoruyuculuq müddəti

Ş.Zeynalov bildirdi ki, günəş kremlərinin təsir müddəti bütün gün üçün deyil: “SPF-lər uzunmüddətli təsir göstərmir. Səhər çəkdiyin günəş kremi axşama qədər dərini qorumur. Günəş qoruyucularının əksəriyyəti 2 saat müddətində təsir göstərir. Sonra onların qoruma effektləri yox olur. Buna görə 2 saatdan sonra günəş qoruyucusunu təzələmək lazımdır”.

SPF kremlərin qoruyuculuq müddətinə gəlincə, burda da müəyyən bir hesablama aparmaq olur. Belə ki, SPF kremlərin qarşısında rəqəmlər var. Məsələn, SPF-15, SPF-30, SPF-80, SPF-100 və s. SPF qarşısında 15 yazılıbsa, bunu 10-a vururuq və bu o deməkdir ki, bu krem təxminən 150 dəqiqə bizi günəş altında qoruya bilir.

 

“SPF faktoru güclü olanlar dəriyə ziyanlıdır”

Kosmetoloq Reyhan Xarxiyeva deyir ki, SPF faktoru 30-40 olan kremləri istifadə etmək dəri üçün daha məsləhətlidir: “SPF istifadəsində əsas məqsəd odur ki, dəri yanmasın, ləkə düşməsin, qocalmasın. 30-40 qoruyucu tərkibli kremlər bu nəticəni verir. “Çox isti havadır” deyib, güclü SPF-lərə üstünlük verməsinlər. 30-40-dan yuxarı SPF tərkibli olanlar o qədər də məsləhət deyil. Çünki SPF faktoru güclü olanlar dəriyə ziyanlıdır. Dərini qurudur, mənfi təsir göstərir. Bir də, tərkibində spirt olmayan SPF-lər istifadə etsinlər. Spirt varsa, gün istisində dəri yanır”.

 

Havanın istiliyinin fərqi yoxdur

Hazırda daha çox istilərin müşahidə edildiyi yay günlərində istifadə etdiyimiz kremlərin bizi günəşdən nə dərəcədə qorumasına gəlincə, R.Xarxiyeva bildirdi ki, günəş kremi istifadə edilsə belə, dərinin birbaşa günəşlə təması çoxdursa, krem tam qoruyucu təsir göstərməyə bilər: “Havanın istiliyinin burda hər hansı fərqi yoxdur, normal SPF tərkibli, keyfiyyətli kremləri istifadə etmək kifayət edər. “Zaqarı” da birbaşa günəş altında deyil, kölgədə almaq lazımdır. Krem çəkib günəşin altında uzanırlar, bu, dəriyə ziyandır. Dəri uzun müddət birbaşa günəşlə təmasda olmamalıdır. Yəni “günəş kremi istifadə etdim, günəş altında rahat gəzim, dərim qorunur” kimi düşünmək doğru deyil”.

 

Aygün




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir