intihar

Qadınlar arasında intihar halları niyə artır? – PSİXOLOQ YANAŞMASI

Baxış sayı: 562

Son vaxtlar respublikamızda intihar hallarının sayı artmaqdadır. İntihar faktlarının dəqiq statistikası aparılmasa da, mətbuat orqanlarından az qala hər gün bir neçə  intihar hadisəsi barədə məlumatlar oxuyuruq. Elə ən son  həftələrdə bir neçə qadının məhz intihar hadisəsi nəticəsində dünyasını dəyişdiyi məlum oldu.

Yəni qadınlar  arasında  hətta yaş  fərqi olmadan da intihar  halları aktuallaşıb. Bir faktı qeyd edək. Bugünlərdə Dənizkənarı Milli Parkda 2001-ci il təvəllüdlü Məmmədova Nigar Şamo qızı özünü dənizə ataraq intihar edib. Başqa bir intihar faktı Neftçala şəhərində qeydə alınıb. Belə ki, şəhər sakini, 1989-cu il təvəllüdlü Zeynalova Nisə Adıbala qızı yaşayış binasının ikinci mərtəbəsindən özünü ataraq intihara cəhd edib. Bu faktlar göstərir ki, müxtəlif səbəblərdən intihara əl atan insanlar arasında müxtəlif yaş qrupları, ayrı-ayrı təbəqələr, fərqli dünyagörüşə məxsus olanlar var. Bu gün özünə qəsd edənlər arasında təəssüf ki, uşaqlara, qadınlara və hətta yaşlılara da rast gəlmək mümkündür. Bir sözlə, hazırda Azərbaycanda intihar hadisələrinin sayı narahatlıq doğuracaq qədər ciddi xarakter alıb. Son vaxtlar intihar hadisələrinin sayı dünyada da artan dinamika ilə inkişaf edir. Qeyd edək ki, intiharın yayıldığı bir çox yerlərdə bunun qarşısını almaq üçün maneələr qurulmuşdur. Bunlara Parisin Eyfel qülləsi və Nyu-Yorkun Empayr Steyt Bildinqi göstərə bilərik. Bizdə isə intihar  gizli şəkildə hündürmərtəbəli binadan özünü atma, ya  da dənizə atma şəklində təəssüf ki,  baş verir.

“Qadınlar nə üçün intihar edir və  səbəblər nələrdir?” mövzusu ilə psixoloq fikrini öyrənmək və bu kimi hallarla necə mübarizə aparmaq olar suallarına aydınlıq gətirmək istədik. Həmsöhbətimiz  Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov oldu.

elnur rustemov

Mütəxəssis mövzu ilə bağlı açıqlamasında bir çox məqamlara aydınlıq gətirdi. Psixoloq vurğuladı ki, həqiqətən də aparılan tədqiqatlar onu göstərir ki, qadınlar kişilərə nisbətən daha çox intihara cəhd edir. Ancaq intiharın ölümlə sonlanması statistikasında kişilər üstünlük təşkil edir:

“Ümumiyyətlə, qadınlar hadisələrə və proseslərə emosional yanaşırlar. Ancaq bununla paralellikdə onlarda  müqavimət gücü və psixoloji dayanıqlıq heç də az deyil. Nəzərə almaq lazımdır ki, hər bir insanın bir dözmə limiti olur. İnsanda müəyyən bir nöqtə var ki, ondan o tərəfə artıq  öz həyatında heç bir anlam, məna görmür. Yəni sabahını görə bilmir. Bəzən də bunun nəticəsində intihara cəhd edir”.

Psixoloq qeyd edir ki, intihar edənlər arasında aparılan təhlillər onu göstərir ki, narahatçılıq anidən baş vermir:

“Bu zaman-zaman, daxilən olur və nəticədə sonluq intihar halları ilə bitir. Ona görə də biz cəmiyyət olaraq maksimal dərəcədə diqqətli olmalıyıq. İlk növbədə həyat keyfiyyətini artırmaq istiqamətində addımlar atmalıyıq. Həmçinin, ailədaxili  konfliktlər istiqamətində konkret mexanizmlər hazırlanmalıdır. Təhsilə xüsusi diqqət ayrılmalıdır. Düşünürəm ki, bir çox məqamlar var ki, onlar nəzərə alınsa intihar göstəriciləri də aşağı olacaq. Və ən vacib məqam insanlar arasında münasibətdə doğmalaşma həmrəyliyinin qorunub saxlanmasıdır. Çünki intihar prosesinə ən böyük təsir göstərən faktor ümidsizlikdir. Bu ümidsizlik nədən yaranır? İnsanların bir-birinə yadlaşmasından və uzaqlaşmasından”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir