Azərbaycanda insanların mühim bir hissəsi hələ də koronavirus adlı infeksiyaya inanmır. Keçirilən sorğular da onu göstərir ki, əhalinin bir qismi tanıdığı birinin virusa yoluxduğunu görmədiyi üçün virusun təhlükəli olduğunu düşünmür. Ancaq bu tendensiya yalnız Azərbaycana xas deyil. Belə ki, sorğulara əsasən, Rusiyada əhalinin 23 faizindən çoxu koronavirusun uydurma olduğunu, hər 3 nəfərdən biri isə bu xəstəliyin təhlükəli olmadığını hesab edir. Dünyada isə bu mövzuda onlarla, yüzlərlə iddia var və bu iddianın tərəfdarı olan milyonlar mövcuddur.
Maraqlıdır, bu şübhənin və laqeydliyin səbəbləri nədir? İnsanların şübhədə olması xəstəliyin yayılmasında, ona qarşı effektiv mübarizə aparılmasında hansı mənfi rola malikdir?
Məsələ ilə əlaqədar terapevt Aqil Axundovla müsahibəni təqdim edirik.
– Doktor, insanlar arasında koronavirusun mövcudluğu, yaxud qorxulu xəstəlik olmaması ilə bağlı inamsızlıq var. Sizcə, biz virusa niyə inanmalıyıq?
– Virus Allahın yer üzərində yaratdığı həyat formalarından biridir. Viruslar, bakteriyalar, göbələklər meydana gəlib, inkişaf davam edib, balıqlar, sürünənlər, suda-quruda yaşayanlar, məməlilər yaranıb.Və nəhayət, inkişaf mərhələsinin sonunda insan durur. Elə bu da virusa inanıb-inanmamağımızın izahıdır.Korona deyilən koronoviruslar ailəsi var və COVID-19 isə onların sonuncusudur. Bu günə kimi koronovirus ailəsində 6 adda virus var idi, bu isə yeddincisi oldu. Onun da adını COVID-19 qoydular, çünki 2019-cu ildə kəşf olundu. Dünya durduqca yeni viruslar əmələ gələ bilər və mutasiya edib, yarımnövlərini də yarada bilər…
– Xəstəylə ilk təmasınız zamanı müəyyən testlər aparmadan öncə onun koronavirus xəstəsi olduğunu necə təyin edirsiniz?
– Həkimin xəstə ilə təmasında onun koronavirus xəstəsi olduğunu təyin etməyin bir neçə yolu var.İlkin olaraq həkim anemnez toplayır. Çoxları buna həkimin xəstə ilə söhbəti deyir, əslində bu söhbət anemnezdir. Anamnezin sualları isə – şikayətlərin nədir, nə vaxtdan özünü xəstə hesab edirsən və sairdir. İndiki pandemiyanı nəzərə alaraq digər suallar isə belə olur: Özünü sənin kimi hiss edən xəstə bir insanla təmasda olmusanmı? Hazırda həkimə niyəgəldin? Xəstəliyin ağırlaşdımı, yaxud da ailədə səndən sonra eyni sənin kimi xəstələnən oldumu, və sair…
İkinci isə, obyektiv həkim nəzərləri ilə. Bu xəstəliyin əlamətləri, bizim adi qrip kimi tanıdığımız xəstəliyin əlamətlərinə çox oxşayır. Həkim xəstənin gözünə baxır, ağciyərlərinə qulaq asır, qarnını əllə yoxlayır, selikli qişalarına nəzər yetirir, boğazını və sairləri müayinə etdikdən sonra xəstə haqqında həkimdə müəyyən bir fikir yaranır. Əgər həkimin klinik təfəkküründə yaranmış fikir koronavirusa görədirsə, o zaman xəstə müəyyən müayinələrə göndərilir (qan və boğazdan götürülmüş yaxma analizi, ağ ciyərlərin rentgen və ya tomoqrafiya müayinəsi). İlkin olaraq dünyada qəbul olunmuş dörd müxtəlif ölkənin protokoluna görə birinci növbədə burun və boğazdan yaxma götürülməlidir. Potensial xəstə PZR (polimeraza zəncirvari reaksiyası) müayinəsinə göndərilir və cavab pozitiv çıxıbsa, koronavirus xəstəsi hesab olunur. Daha sonra qan analizi və ağciyər müayinələri aparılmalıdır.
Bu adını çəkdiyimiz 3 müayinə qrupundan birinin olmaması, o demək deyil ki, sən COVID -19 xəstəsi deyilsən. Xəstəliyin 2-21 gün müddətində inkubasiya dövrü var.21 gün ərzində digər əlamətlər də üzə çıxa bilər. Bu virusu digərlərindən fərqləndirən də elə budur – gizli gedən müddətin çox olması. Mənim özümün də belə xəstəm olub, təsəvvür edin, burun axma, asqırıq və s. heç bir əlamət yoxdur, qan analizi və burundan, boğazdan yaxma götürülüb, lakinheç nə aşkarlanmayıb. Amma ağciyərlər tomoqrafiya olunan zaman əməlli-başlı ağciyər pnevmoniyası olduğuna rast gəlinib. Xəstədə heç bir əlamət aşkarlaya bilməyən həkim xəstəni buraxacaq evinə, bununla da “ağxalatlı cəlladlar damğası”nı ömürlük üstümüzdən ata bilməyəcəyik. Bütün bunların baş verməməsi üçün xəstənin şikayətləri davamlıdırsa, özünü yaxşı hiss etmirsə, kompleks müayinə vacib şərtdir. Xüsusilə bütün dünya üzrə pandemiya elan olunan bir dövrdə, istənilən bir əlamət aşkar olunan xəstə və onunla bir evdə yaşayanlar koronavirusa görə kompleks mayinə olunmalıdır.Belə olmayan təqdirdə biz yoluxma sayının qarşısını ala bilməyəcəyik.
Xəstəyə diaqnoz qoyuldu, kontaktda olduğu şəxslər müəyyən olundu. Bəli, bundan sonra xəstənin ağırlıq dərəcəsi təyin olunur. Hər bir xəstəliyin şiddəti deyilən bir anlayış var. Bəs sən hansısan, bu xəstəliyi yüngül, ağır, ya orta ağır formada keçirəni? Yüngül xəstələri adətən karantinə aparırlar, orta ağır və ağır xəstələr birbaşa həkim nəzarəti altında xəstəxanaya yerləşdirilir. Çünki onların daha da ağırlaşmaq riski çoxdur. Virus bədəndə inkişaf etdikcə xəstəninvəziyyəti pisləşə bilər və süni tənəffüs aparatına qoşulmağı mümkündür. Və günümüz üçün qəbul olunmuş protokollara əsasən müalicələr aparılır. Sağalma təyin olunduqdan sonra iki gün fərqi ilə 2 dəfə müayinə aparılır və xəstə tam sağlamdırsa, evə buraxılır.
– COVID-19 nə dərəcədə ölümcül virusdur?
– İnsanın həyatına təcili qaydada son qoyan iki qrup xəstəlik var. Xəstəliklərin iki qrupa ayrılması orqanlarla əlaqəlidir. Buna beyin və ürək xəstəliklərinin bəziləri aiddir. Və yaxud da heç vaxt ölüm halı baş verməyən bir xəstəlik – dəri xəstəlikləri; belə xəstələr əziyyət çəkəcək, amma heç vaxt ölməyəcək. Bəs COVID-19 bunların hansına aiddir? Koronovirus xəstəliyi bu iki qrupun arasında qalan bir xəstəlikdir. Misal üçün, şəkərli diaber öldürürmü? Xeyr, amma ağırlaşmaları baş verir. Bu siyahını daha da uzatmaq olar, lakin belə xəstəliklər barədə çox danışıb insanlarda çaşqınlıq yaratmaq istəmirəm. Əsas bunu bilməliyik ki, COVID-19 virusunun “seçdiyi” orqan – ağciyərlərdir. Normada bizim ağciyərlərimizin bir funksiyası var – ətraf havada olan oksigeni toxumalarımıza daşımaq. Koronavirusa yoluxmuş xəstənin ağciyərləri məhz bu funksiyadan kənar olur. Virus ağciyər toxumalarını zədələyir və nəticə etibarilə həmin nahiyədə pnevmoniya əmələ gəlir. Koronavirusun yaratdığı ilk ağırlaşma pnevmoniyadır.Burada bir sual da yaranır: bu xəstəlik pnevmoniyasız ola bilərmi?Bəli, pnevmoniyasız da ola bilər, xəstəliyi yüngül keçirənlərdə pnevmoniya müşahidə edilmir.
Biz “nə dərəcədə öldürücüdür” sualına cavab axtardığımız üçün pnevmoniyalı koronavirusdan danışacağıq. COVID-19-la əlaqəli kəskin ağırlaşmış respirator xəstəlik, (ağırlaşmış forması – pnevmoniya) pnevmoniya ilə əlaqədar sıradan çıxmış ağciyərlər ətrafdakı oksigeni toxumalara və orqanlara çatdıra bilmir və nəticədə əmələ gələn hala tənəffüs çatışmazlığı deyilir. Bu dəfə xəstə hava çatışmazlığından şikayətlənəcək. Hamı ilə eyni oksigenlə bol otaqda oturub, lakin nəfəsin çatmadığından gileylənir. Səbəb isə koronavirusun yaratdığı tənəffüs çatışmazlığıdır. Bəli, tənəffüs çatışmazlığı ölümə gətirib çıxaran haldır, Amma hər zaman belə olmur. Bu zaman mütləq yanaşı xəstəliklərdən danışmalıyıq. 20 yaşlı tam sağlam, heç bir yanaşı xəstəliyi olmayan biri bu virusa yoluxdu, tənəffüs çatışmazlığı da yarandı, aparata da qoşuldu. Belə bir insan maksimum 20 gün müalicə aldıqdan sonra normal həyatına geri dönə bilir. Lakin şəkərli diabet kimi yanaşı xəstəliyi olan biri bu virusa yoluxarsa, təbii ki, bu zaman diabetin böyrəklərdə və digər orqanlarda da yaratdığı fəsadlar problem yaradacaq. Həkimlər bu zaman bilmir hansı xəstəliyi müalicə etsinlər, belə olan halda artıq vəziyyət acınacaqlı olur. Nəzərə alsaq ki, xəstəlik tam təzədir. Yəni adi mədə xorasını misal çəkəcəm. Əgər tibb universitetinin 3-cü kurs tələbəsi həqiqətən yaxşı oxuyubsa, bu xəstəni müayinə də edəcək, müalicə də edəcək və praktiki olaraq 90 faizə yaxın nəticə alacaq. COVID-19 yeni xəstəlikdir, onun haqqında çox şeyi bilmirik, xəstəlik bizdən və ya biz xəstəlikdən nə istəyirik, hələ tam dəqiqləşməyib. Yoluxma nəticələrini də üstünə gəlsək, həqiqətən müharibə vəziyyətidir desək, yanılmarıq. Təəssüf ki, təsdiq olunmuş protkol şəklində dərman siyahısı yoxdur. Bu baxımdan aciz qalan tək xəstələr deyil. Praktiki olaraq heç bir protokol və bilgi yoxdur və deməli, nəzəri baxımdan biz həkimlər də acizik.Bütün bunları nəzərə alaraq birmənəlı şəkildə yoluxma təklükəsi və qorxusu var. Bu da hər mənada həkimlərin üzərinə böyük məsuliyyət qoyur.
– Həftəsonu üçün qəbul olunmuş ciddi karantin rejimi yoluxma sayının qarşısını nə dərəcədə ala bilər?
– Əks epidemik şəraitin idarə olunması, həkimin resept yazıb verəcəyi kimi bir hal deyil. Belə məqamlarda həkimlər yalnız iş yerlərində öz xəstəxanalarında idarə edə bilirlər. Hər bir xəstəxananın bir epidemioloqu var və onlar sanitariya profilaktika sahəsi üzrə mütəxəssisdir və xəstəxanadaxili əks epidemioloji vəziyyəti qurmaqda kömək edirlər. Artıq virus bütün qitələri bürüyüb və pandemiya elan olunub. Belə olan halda isə əks epidemik rejimin idarə olunması ölkə rəhbərliyinin məsuliyyətində olur. Bizim bunu müzakirə və bunu müdaxilə etmək kimi ixtiyarımız yoxdur. Lakin həftəsonu üçün qoyulan qadağaların yalnız bir məqsədi var: insanların kütləvi şəkildə bir yerə toplaşmasının qarşısını almaq. Lakin bir məsələ var ki, yoluxma sayı artdıqca virusun verulentliyi azalacaq və əvvəlki qədər qəddar olmayacaq. Xəstələri əvvəlki qədər incitməyəcək, pnevmoniya, tənəffüs çatışmazlığı yaratmaq qabiliyyəti azalacaq. Birmənalı şəkildə insan müvafiq qaydalar üzrə özünü qorumalıdır.
Xədicə Səxavətqızı