“Qapı döyüləndə gözlükdən çölə baxmağa qorxuram. Mənə elə gəlir ki, qapını döyən adamlar oğluma zərər yetirmək istəyirlər. Adi vaxtda oturub fikirləşirəm, bilirəm ki, belə bir şey mümkün deyil. Rahat şəkildə küçəyə çıxır, işə də gedirəm. Amma evdə qapı döyüləndə və mən gözlükdən baxmaq məcburiyyətində qalandaqəribə bir qorxu hissi keçirirəm”.
Bu sözləri bizimlə söhbətində dövlət strukturunda çalışan 39 yaşlı Mehriban Hüseynova deyir. O bildirir ki, bunun üçün həkimə getməyi ağlına belə gətirmir: “Amma arada fikirləşirəm ki, psixoloqa getsəm, bəlkə də bu qorxudan qurtula bilərəm”.
Qeyd edək ki, bu cür ağlagəlməz fobiyalara heç də az insanda rast gəlinmir. Kimisi hündürlükdən, kimisi qarışqadan, böcəkdən, kimisi pişikdən, kimisi qaranlıqdan, kimisi arxasınca kiminsə düşüb onu öldürəcəyindən, kimisi kütlə arasına çıxmaqdan qorxur. Fobiyaya səbəb nədir? Fobiya psixoloji durum, yoxsa xəstəlikdir? Müalicə necə aparılmalıdır – dərmanlarla, yoxsa psixoloji yardım kifayətdir? Yazımızda bu və digər suallara aydınlıq gətirmişik.
Hansı fobiyalar var?
Fobiya təşviş və qorxu hissləri, həmçinin müxtəlif vegetativ əlamətlərlə müşayiət olunan haldır. Fobiya dayanıqlı şəkildə qorxunun yaranmasıdır. Fobiyalar müxtəlif yaşlarda başlaya bilər.
Fobiyadan əziyyət çəkənlər üç qrupa bölünür:
Aqorafobiya – küçə, meydan, bazar, teatr, kino, tunel və s. bu kimi yerlərdən qorxanlar. Çox vacib olduqda belə yerlərə ailə və dostları ilə gedirlər.
Spesifik fobiya – heyvanlardan (özü də təkcə yırtıcı yox, həm də ev heyvanlarından), yüksəklikdən, qapalı və açıq mühitlərdən, təyyarəyə və liftə minməkdən qorxanlar.
Sosial fobiya – daha çox ictimai yerlərdə yeməkdən, danışmaqdan və ya yazmaqdan, həmçinin ictimai nəqliyyatdan istifadədən, qonaq qəbul etməkdən, əl-ələ görüşməkdən qorxanlar.
Qorxu və fobiya arasında fərq
Bəzən qorxu ilə fobiya dəyişik salınır. Psixoloq Orxan Oruc deyir ki, insanın hər hansı bir gözlənilməz vəziyyətdə, orqanizmə və həyata real təhlükənin yarandığı hallarda təbii və qoruma xarakterli reaksiya göstərməsi qorxu adlanır: “Qorxu həyatda yaşamağımız üçünvacib olan hisslərdən biridir. Ətrafımızda baş verən hadisələrə qorxu hissinin təsiri ilə münasibət göstəririk. Həyatımıza olan təhlükələrlə bağlı aldığımız siqnallar bizə ya mübarizə aparmaq, ya da qaçmaq əmrini verir.Yəni qorxular real təhlükələrlə bağlıdır. Fobiyalar isə qorxulardan fərqli olaraq, real və gözlənilən təhlükələrlə bağlı olmur. Başqa sözlə desək, bir qədər məntiqsiz və əsası olmayan qorxulardır”.
Əlamətləri
Psixoloqun sözlərinə görə, fobiyalar əksər vaxt insanların xarakter xüsusiyyəti kimi qəbul olunur: “Buna görə, adətən, fobiyalar yalnız insanın həyatında ciddi çətinliklər yaratdıqdan sonra mütəxəssisə müraciət edilir. Əksər vaxt hər hansı başqa bir xəstəliklə bağlı müraciət olunduqda həmin şəxsin fobiyadan da əziyyət çəkiyi aşkarlanır. Yüngül və insan həyatı üçün problem yaratmayan fobiyalar xəstəlik sayılmasa da, xəstəlik səviyyəsinə çata bilən fobiyalar da var. Məsələn, aqorafobiya, yəni cəmiyyətdən və çoxlu insanlardan qorxmaq bir müddət sonra insanın aşırı özünəqapanmasına, özgüvəninin zəifləməsinə və bunun nəticəsində ağır depressiyaya səbəb ola bilər.
Ürək döyüntülərinin çoxalması, qızarma, tərləmə, təngnəfəslik fobiyaların ümumi əlamətləridir. Bu əlamətləri yaşamamaq üçün fobiyası olan şəxslər adətən fobiya yarada bilən hadisələrdən, əşyalardan və s. uzaq durmağa çalışırlar”.
Orxan Oruc deyir ki, fobiyalar insanların öz davranış və addımlarını fobiyalarına uyğun atmağa məcbur edir: “Məsələn, klaustrofobiyası, yəni qapalı məkanlardan qorxusu olan insanlar adətən liftdən istifadə etməmək üçün pilləkənlə qalxıb-düşürlər. Yaxud uçuş qorxusu olan adamlar çətin də olsa, uzaq məsafələri alternativ nəqliyyat vasitələri ilə qət edirlər. Sosial fobiyası olan adam üçün ən çətin iş kütlə qarşısında çıxış etməkdir. Odur ki, insanlar öz fobiyalarına uyğun olaraq özlərinə həyat tərzi seçir, hətta ixtisas seçimində belə fobiyaların təsiri olur”.
Fobiyadan kimlər əziyyət çəkir?
Psixoloqun dediyinə görə, fobiyalar adətən uşaqlıqda yaşanan hər hansı bir əlaqəli hadisə ilə bağlı olaraq formalaşa bilər: “Məsələn, dərs danışarkən sinif yoldaşları tərəfindən gülüş obyektinə çevrilən bir uşağın gələcəkdə sosial fobiyasının olma ehtimalı yüksəkdir. Digər tərəfdən, fobiyalar valideynlərdən uşağa da keçə bilir. Ailə mühitində valideynin hər hansı bir fobiyasının olması uşaqda da həmin fobiyanın formalaşmasına təsir göstərir. Çünki öz fobiyasıilə bağlı valideynin söylədiyi fikirlər mühakimə edilmədən uşaq tərəfindən mənimsənilir və normal davranış kimi təqlid edilir”.
Fobiyadan necə qurtulmalı?
Fobiyalardan xilas olmağa gəlincə, psixoloq Orxan Oruc deyir ki, bu, mümkündür. Ammailk növbədə fobiyası olan şəxs bunu özü şəxsən istəməlidir: “Çünki əksər vaxt fobiyası olan şəxslər fobiyalarının onlar üçün problem olmadığını və bununkökündə özünəməxsus məntiq olduğunu düşünürlər. Ancaq fobiyası olan şəxs bu fobiyanın onun həyatında çətinliklər yaratdığını hiss edir və aradan qaldırmaq istəyirsə, fobiyadan qurtulmaq mümkündür. Ən yaxşı mübarizə üsulu psixoterapiyadan istifadədir. Peşəkar mütəxəssislə birlikdə aparılan davranış terapiyası bir neçə seansa öz effektini verir”.
Psixiatr Bəxtiyar Mustafayev fobiyaların müalicəsi üçün iki seçimin olduğunu deyir: “Həm farmakoterapiya, yəni dərmanla, həm də psixoterapiya. Dərmanla müalicə zamanı müasir tipli antidepressantlardan istifadə olunur. Seçilmiş dərman 1-2 ay müddətində öz effektini göstərir, müsbət effekt olarsa, dərman eyni dozada ən azı 1 il müdətində qəbul edilir. Effekt olmazsa, dərman başqa qrup antidepressantlarla əvəzlənir. Müalicə müddətində dərman qəbulunu kəsdikdə əlamətlər yenidən ortaya çıxa bilər. Dərmanla müalicəylə birlikdə psixoterapiyanın da aparılması müalicənin effektini artırmaq üçün çox vacibdir. Müalicənin aparılmasında psixiatr və psixoloqun birgə işləməsi müalicədən tez və müsbət cavabın alınması üçün vacibdir”.