tv

Azərbaycan televiziya tarixində iz qoymuş proqramlar

Baxış sayı: 1. 538

İnternet və sosial şəbəkələrin həyatımıza girməsi teleziyalarımızın daha az izlənilməsinə gətirib çıxardı. Xüsusən şəhər əhalisi televiziya kanallarını daha az izləyir.  Rayonlarda yaşayan əhali isə yorğunluğu daha çox yerli kanallara baxmaqla üzərindən atır.

Ancaq razılaşmaq lazımdır ki, indiki proqramlarla 2010-cu ilə qədər yayımlanan verilişlər arasında çox ciddi bir fərq var. Son illər “Maşın” şoudan başqa müzakirəyə çıxarılan proqram olmayıb. Olsa da, verilişin manat cıran, bölgələrimizin yerini dəyişik salan, qonağın sarımsaq yediyini deyib, onu efirdə pərt edən aparıcılarına görə olub.

Sizə yuxarıda sadaladığımız səbəblərlə deyil, format olaraq televiziya məkanına fərqlilik gətirən və zamanında fenomen olan verilişlərin siyahısı təqdim edirik:

Sözsüz ki, ötən il lisenziyası ləğv edilən Ans TV ekran həyatına başlayandan “ikibaşlı” veriliş adları və fərqli formatları ilə televiziya tariximizdə dərin iz qoydu. Belə maraqlı layihələrdən biri də “Qulp” proqramı idi. Mübariz Əsgərovun müəllifi olduğu verilişdə rüşvətxorluq, sosial və digər problemlər saxta personajlar vasitəsilə mizahlı şəkildə qınanılırdı.

Teleməkanın ilk realiti şousu “Qəfəs” iştirakçıları və qalmaqalları ilə uzun müddət gündəmi zəbt etdi. Tərtərli Hicranın canlı yayımda söyüş söyməsi, Cəmilə və Mübarizin pik həddə çatan davaları verilişi daha da baxımlı edirdi. Tamaşaçıların tələbatını görən ATV kanalı şounun ikincisini həyata keçirdi. Layihəyə qatılmaq istəyənlərin isə sayı-hesabı yox idi. Hətta, bunun üçün insanlar müxtəlif fərqliliklər də edirdilər. Qalmaqalların televiziya qaydalarından kənara çıxması, internetdə bir sıra videoların yayılması bu layihənin sonunu gecikdirmədi. Belə ki, üçüncü mövsümü nəzərdə tutulan proqram anonsları yayımlansa da, baş tutmadı.

Sayələrində “Şeron” qrupunu tanıdığımız, tanınmışları rəngli, unlu, çirkli sulara qərq edib, həşərat və heyvanlarla onlara olmazın zülümlər edən “Mərc Şou” dövrünün ən reytinqli proqramlarından idi. Murad Dadaşovun layihəsi iki mərcbaz insanın üzərində qurulmuşdu. Müxtəlif hədiyyələrin qazanıldığı Lider TV-nin sevilən proqramının da ömrü uzun çəkmədi.

Aytən Səfərovanın təqdimatında yayımlanan “Kökaltı” proqramı aparıcının tam fərqli tərəfini tamaşaçılara göstərdi. “The Ellen Degeneres Show”un yerli versiyasını azərbaycanlı tamaşaçılar səmimi qarşıladı. Xüsusilə, A.Səfərovanın qonaqlara iynəli suallar verməsi və aldığı maraqlı cavablar verilişi unudulmazlar sırasına daxil etdi.

Ranar Musayevin “Bura Bakıdır” layihəsi də sevilən proqramlar sırasında idi. Veriliş dövrünün sosial problemlərini mizahlı şəkildə qabardır və çətin vəziyyətdən çıxış yollarını tamaşaçıya göstərirdi. Lakin bu layihənin ömrü uzun olmadı, veriliş həmin dövrdə Lider TV-də paş prodüser vəzifəsini icra edən Murad Dadaşov tərəfindən bağlanıldı.

Demək olar ki, Zaur Baxşəliyevə populyarlıq qazandıran proqram “Yağ kimi” oldu. Əvvəlcə ATV-nin “Bizim səhər” verilişində kiçik bir rubrika şəklində ekrana gələn “Yağ kimi” tamaşaçılar tərəfindən sevildikdən sonra ayrı veriliş kimi yayımlandı. Proqrama marağın artdığını görən sponsorlar da ona dəstək oldular. Eyni zamanda, müğənnilərin evinə qonaq gedən aparıcının şkaflardan alt paltarlarına qədər tapıb, tamaşaçılara göstərməsi birmənalı qarşılanmırdı. Qeyd edək ki, proqram sonralar Türkiyədə yayımlanan “Yemekteyiz” verilişinin formatına keçdi. İki mövsümə yaxın bu formatda davam edən proqram daha sonra yerini “Onun yarısı”na verdi.

Televiziya sahəsinə iki intelektual və dünyagörüşü zəngin aparıcını qazandıran “Qaraj” telelayihəsi İctimai TV-nin efirində yayımlanırdı. Murad Arif və Hüsniyə Məhərrəmovanın fərqli təqdimatında ekrana gələn “Qaraj”da dünya musiqisinin inciləri, hit mahnılar, dəbdə olan musiqiçilər müzakirə edilirdi.

Aparıcılığını Elçin Əlibəylinin etdiyi “El içində” proqramı da teleməkanın ən çox izlənən sosial xarakterli verilişlərindən biri idi. Hər bölümündə müxtəlif mövzuları müzakirə edən qonaqlar problemlərin yaranma səbəbini, ondan çıxış yollarını axtarır və belə halların qarşısının alınması üçün məsləhətlər verirdilər.

Dilimizdə “Sekundoçku”, “Qatıxlama orada” və s. frazaların yaranmasına səbəb olan teleməkanın ən bahalı realiti şousu “Maşın” indiyədək bir neçə kanal dəyişdirib. Əvvəlcə Lider TV-nin efirində yayımlanan proqram daha sonra ANS-də, ardınca ATV-də ekrana gəlmişdi. Hələ də davam edən layihə hələlik sonuncu dəfə isə LİDER TV-nin efirində yayımlanıb.. İlk öncə sadə vətəndaşların avtomobil qazanmasını hədəf alan layihə, iki mövsüm sonra məşhurlarla daha çox uğur qazanacağını təxmin edib, yoluna belə davam etdi. İndiyədək ən çox reytinq toplayan proqramlar isə “Maşın”ın on dördüncü mövsümündə olub. Qeyd edək ki, proqramda avtomobil uğrunda gedən mübarizədə aparılan real, bəzən də ikili oyunlar və digər məqamlar verilişin əsas mövzusudur.

İndiyədək yardım aksiyasından tutmuş, şou xarakterli bütün layihələrdə boy göstərən Zaur Baxşəliyev elə öz yarını da “Onun yarısı”nda tapdı. Evlənmək üçün pənah gətirən azərbaycanlı qızların son ümid yeri, ailə qurmaq üçün alışıb-yanan Atropat erkəklərinin pənahı məhz Zaur və Günay idi. Onlar canlı yayımda tanış olur, söz verir, nişanlanır, dalaşır və şoka salırdılar. Beynəlxalq seks menecer yəni, yengələrin də Zaur tərəfindən təyin edildiyi proqramda hətta jürilər də yer alırdı. Münsiflər heyyətinin içində vəkillər, ekstrasenslər və evlənmə sahəsində yetərincə “uğur qazanmış” müğənnilər də var idi. Onlar evlənməyə gələn şəxslərin bir-birinə yaraşıb-yaraşmadığını təyin edir, gələcəkləri ilə bağlı proqnozlar verirdilər. Ulvira və Elgizlə “Kim daha çox evləndirəcək?” deyə yarışa girən Zaurun proqramından isə geriyə sadəcə “Youtube” videoları qaldı. Çünki vəziyyətin daha da acınacaqlı hal aldığını görən MTRŞ proqramların bağlanmasına qərar verdi.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir