“Boşanmaq istəyən tərəf ilk öncə Mediasiya Şurasının müvafiq mediasiya təşkilatlarından birinə müraciət etməlidir. Mediasiya-mübahisələrin məhkəmədənkənar həlli üsuludur. Mediasiya zamanı tərəflər mediatorun (vasitəçinin) köməyi ilə digər tərəfin mövqeyi barədə daha çox məlumat qazanmaqla, öz mövqeyini yenidən qiymətləndirir və barışmaq imkanlarını araşdırır”. Bu sözləri vəkil Turan Abdullazadə deyir.
Onun sözlərinə görə, qanunvericiliyə edilmiş yeni dəyişikliyə əsasən, ailə, əmək və kommersiya mübahisələrində ilkin mediasiya sessiyasında iştirak etmədən birbaşa məhkəməyə müraciət etmənin heç bir mənası yoxdur: “Belə ki, mediasiyada iştirak etmədiyiniz üçün məhkəmə nikahın pozulması barədə ərizənizi geri qaytaracaq.
İlkin mediasiya sessiyasında iştirak etmisinizsə, yalnız bundan sonra aidiyyatı üzrə nikahın pozulması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərsiniz.
Nikahın pozulmasına görə dövlət rüsumu 100 AZN təşkil edir. Mediasiya xərclərini ödəyən tərəf ödədiyi xərc həddində dövlət rüsumundan azad edilir”.
Vəkil sözlərinə belə davam edir: “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1. maddəsinə əsasən, bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Yəni, ər-arvadın yetkinlik yaşına çatmayan uşağı yoxdursa, ümumiyyətlə övladları yoxdursa, övladları 18 yaşından yuxarıdırsa, onlar məhkəməyə müraciət etmədən də rahat bir şəkildə nikahlarının bağlandığı müvafiq Qeydiyyat Şöbəsində və ya “ASAN” xidmət mərkəzlərində ərizə yazaraq boşana bilərlər.
Ailə Məcəlləsinin 17.2-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olub-olmasından asılı olmayaraq ərin və ya arvadın ərizəsi əsasında nikaha xitam verilməsi aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanında aparılır:
1) ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə
2) ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;
Yəni bu iki halda da tərəflərdən biri məhkəməyə müraciət etmədən boşana bilər”.
Ayşən Vəli