elena

“Bu gün Azərbaycan uşağı valideyni ilə dürüst ola bilmir” – PSİXOLOQDAN SOS

Baxış sayı: 1. 095

Bugünlərdə təhsil aldığı 162 saylı məktəbin 3-cü mərtəbəsindən intihar məqsədilə özünü atan 14 yaşlı Elina Hacıyeva aprelin 6-da müalicə aldığı Klinik Tibbi Mərkəzdə keçinib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən də faktı təsdiqləyiblər. Qeyd edək ki,ona müştərək kəllə-beyin travması, döş qəfəsi və qarının küt travması, hər iki ağciyərin əzilməsi, sağ 4-cü qabırğanın sınığı, travmatik spinal şok diaqnozu qoyulmuşdu.

Sonradan isə E. Hacıyeva xəstəxanada dünyasını dəyişib.

Günlərdir bütün media bu xəbərlə çalxalanarkən Xeberle.com olaraq bu məsələyə biganə qala bilməzdik. Mövzuya başqa aspektdən yanaşaraq, günahkar axtarmaq əvəzinə valideyn övlad arasında olan anlaşılmazlıqların, məktəb-şagird-valideyn münasibətlərinin hansı həddə olduğunu araşdırmaq istədik.

“Bu gün Azərbaycan ailələrinin başı özlərinə – şəxsi münaqişələrinə o qədər qarışıb ki, ata və ana bir-biri ilə mübarizədədir, nəsillər arası münaqişələr gedir və bu davam etdikcə də valideyn-uşaq münasibətləri təəssüf ki, ümumiyyətlə bu gün Azərbaycanda müzakirə olunmur”.

Bunu mövzu haqqında danışan psixoloq və ailə terapevti Zeynəb Əyyubova qeyd edib. O həmçinin bildirib ki, çalışdığı illər ərzində hansısa valideynin psixoloq qəbuluna gələrək məsləhət aldığı halı ilə rastlaşmayıb. “Bir dəfə də görmədim ki, hansısa valideyn desin ki, layiqli uşaq böyütmək istəyirəm və yaxşı olardı ki, mənə məsləhətlər verərsiniz. Bizə olunan müraciətlər arasında yüzlərlə fakt var ki, məsələn, 9-10-cu sinif qızların anaları başqa mövzudan dolayı bizə müraciət edir, lakin övladı bizə böyük siniflərin oğlanları ilə olan münasibətlərdən irəli gələn problemlərini danışır. Məsələn, qızlarla oğlanlar arasında sevgi ola, əl-ələ tuta, bir-biriləri ilə söhbət də etmiş ola bilərlər. Bəzən isə oğlanlar bundan qızlara qarşı şantaj kimi istifadə edir. Gəlin etiraf edək, bu gün hansı Azərbaycan ailəsində böyüyən qız uşağı yaşadığı belə bir problemi gəlib ailəsinə, ata və ansına deyə bilər?! Yaş dövrüdür, hər şeyi nəzərə almaq lazımdır, məsələn, oğlanla yaşadığı münasibət videoya çəkilib və qız şantaj edilir, bunu bir uşaq gəlib evdə valideyni ilə paylaşa bilmirsə, bu, artıq bizim övladımıza verə bilmədiyimiz güvənsizlikdən irəli gəlir. Bu gün valideynlər arasında sanki eyni mövzular üzrə rəqabət gedir, filankəs bu qədər bal topladı, bu universitetə daxil oldu, sən də bunları etməlisən, vəssalam. Amma bu universitetə əxlaqlı daxil olacaqmı, psixoloji səviyyəsi düzgün olacaqmı,xoşbəxt ola biləcəkmi? Valideynlər, sanki, bunları düşünmək istəmir. Hətta ixtisas seçimi edən zaman da övladı, məsələn, həkimliyə meyilli olmasa belə, zorla həkim ixtisasına yiyələnməlidir,yaxud da mən özüm nəyi yaşamadımsa övladımın həmin şeyi yaşamasını istəyirəm. Yəni mən özüm müəllim ola bilməmişəmsə, övladım mütləq müəllim olmalıdır. Yaxud da mənim edə bilmədiyim digər nəyi isə mütləq etməlidir. Bütün problemlərimiz də burdan qaynaqlanır. Bu gün Azərbaycan uşağı valideyni ilə dürüst ola bilmir. Problemlərini, qarşılaşdığı çətinlikləri ana-atası ilə paylaşa bilmir. Digər məsələ isə, məktəbdəki psixoloqların işlərinin öhdəsindən necə gəlməsidir. İndiyə qədər neçə dəfə rastlaşmısınız ki, məktəb psixoloqu sizinlə əlaqə yaratmaq istəsin və övladınızın hər hansı bir probleminin olduğunu bildirsin?! Bu gün günahkar axtarmaq əvəzinə, qarşılaşdığımız bu kimi problemlərin həllinə çalışsaq, daha yaxşı nəticə əldə edə bilərik”.

“Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin sədri Zenfira Mustafayeva isə 8-ci sinif şagirdinin intihar etməsi hadisəsini faciə adlandırıb. O həmçinin bildirib ki, bu hadisənin baş verməsinə əsas səbəbkar ailə, ikinci isə məktəb və məktəbdə fəaliyyət göstərən psixoloqdur. “Şagirdin bu həddə çatdırılmasında onun yoldaşları ilə olan münasibətinin əsas gətirilməsi faktı var, çünki məktəbin də bundan xəbəri olub. Lakin bu məsələyə məktəb psixoloqunun öz yanaşması var, şagirdin bu həddə çatdırılmasında günahı birbaşa olaraq məktəb psixoloqunun savadsız olmasında görürəm. Çox təəssüflər olsun ki, belə hallarla tez-tez rastlaşırıq. Heç bir məktəb, şagird və valideyn bu kimi hallardan sığortalanmayıb. Ona görə də mən çox istərdim ki, təhsil nazirliyi məktəb psixoloqlarının billik və bacarıqlarının artırılması yönündə hansısa layihələrin həyata keçirilməsində maraqlı olsun. Şagirdlərin yaş həddindən asılı olaraq onlarla daha çox işləmək lazımdır. Böyük uşaqlarla işləmək qabiliyyəti olan psixoloqların məktəblərə cəlb olunmasına daha çox ehtiyac var. Bu sahədə inkşaf yönümündə aparılan proqram və layihələr dəstəklənməlidir. Daha təcrübəli və peşəkar psixoloqlar məktəblərə cəlb olunmalıdır”. (“Xeberle.com”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir