felaket

“Fəlakət” sirrini açdı: “Çox məşhur xanımla sevgiliyik, adı…”

Baxış sayı: 2. 271

Adətən komediya aktyorlarının real həyatda necə biri olmaları tamaşaçı üçün maraqlı olur. Bəzənsə düşünürlər ki, komediya aktyorudursa, günü deyib-gülməklə keçir. Ancaq əslində, heç də həmişə belə olmur. Hər kəsin “Fəlakət” kimi tanıdığı aktyor Elşən Orucov da yetərincə səmimi olsa da…

Yaxşısı, verdiyi geniş müsahibəni oxuyun, özünü tanıyın.

– Elşən, eşitdiyimə görə “Bozbash Pictures” layihəsi bitir…

– Mövsüm bitir, amma layihənin sona çatması sual altındadır. Hazırda ikinci filmin çəkilişlərinə başladığımıza görə, “Bozbash Pictures”də müəyyən dəyişikliklər ola bilər. Davam etməyi də mümkündür, formatın, adın dəyişməsi də. Televiziya mövsümü tam bitmədiyinə görə dəqiq nəsə demək tezdir. Bir az istirahət etmək lazımdır ki, beyinə yeni ideyalar gəlsin.

– Bir az şəxsi həyat barədə danışaq, yenidən qayıdaq “Bozbash pictures”ə. Artıq 30 yaşın var. Ailə qurmaq barədə düşünürsənmi?

– Əlbəttə, düşünürəm. Hər şeyi də qismətlə bağlamaq olmur ki, oturub qisməti gözləyəsən. Mən də bu haqda düşünürəm və narahatam. Qarşına çıxan xanımın “sənin adamın” olub-olmadığını səndən yaxşı heç kim hiss edə bilməz. Hələ ki belə biri qarşıma çıxmayıb.

– Populyarlaşmağın çox tez baş verdi. Bəzən tez tanınan insanlarda başgicəllənmələr olur…

– Şükür Allaha ki məndə belə şey olmadı. Biz bir kollektivik və işdən öncə yaxın dost olmuşuq. Doqquz il televiziyada montaj və reklam sahəsində işləmişəm. Ona görə də müğənnilərin başgicəllənməsini çox görmüşəm, gördüklərimdən dərs götürmüşəm.

– Bir az öncə də şahidi oldum ki, səndən kiminsə doğum gününü təbirk etməyi istədilər, amma razılıq vermədin…

– Belə şeylər çox olur. İndi bir əhvalat danışacam. Bunu heç vaxt heç yerdə deməmişəm. Deməli, “Fəlakət” obrazında dostuma “Hacı, nətərsən” adlı video göndərdim və o görüntülər çox tez yayıldı. Dostumun oğlunun adı Hacıdır. Dostum videonu “Instagram”a qoymağı ilə yayılmağı bir oldu. Ondan sonra nə ediriksə, bir-birimizdən məsləhətlər alırıq. Bildiyiniz kimi toylara, korporativ məclislərə getmirik. Yalnız İlkin Həsəni məclislərə gedir ki, o da əvvəldən aparıcı olub.

– Məsələn, sənin məclisə getməyinizə qadağa qoyulub?

– Heç bir qadağa yoxdur. Toylarda sadəcə istirahət etmək istəyirəm.

– Bəs necə dolanırsan, televiziyadan aldığın məvacib qane edirmi?

– Televiziya işçisi kimi aldığım məvacib subaylığıma bəs edir.

– Amma eşitmişdim ki, “Bozbash Pictures” komandasının şərik biznesi var. Deyəsən klub açmışdınız…

– Özüm haqqında belə şeyləri çox eşitmişəm. Elə bilirlər ki, rayonlardakı bütün “Fəlakət” marketlərin şəriki mənəm. Bu adda olan nə məhsul varsa, heç birinə aidiyyatım yoxdur və hər birinə də halallıq vermişəm. Kimsə bu addan istifadə edib, oradan çörək qazanırsa, başqa iddia irəli sürməyə ixtiyarım yoxdur.

– Yəni heç vaxt belə bir iddiada olmamısan…

– Çox təəssüf ki, bizdə bu sahə o qədər də inkişaf etməyib. Heç özümün də iddiam yoxdur.

– Fəlakət obrazı kiminsə prototipidir?

– Hər kəsin ətrafında “Fəlakət” var. Sadəcə mənim “Fəlakət”im bir az daha qabarıq formadadır. Bu obrazın sevilməyinin səbəbi insanlara saf görünməsidir. “Fəlakət” nə qədər “tupoy” olsa da, insanlar onu sevirlər.

– Olurmu ki, desinlər siz Fəlakətə oxşayırsınız?

– İnsan tanıyıram ki, evdə yoldaşına “Fəlakət” deyir. Layihə yeni başlamışdı, “Instagram” filan o qədər də çox yayılmamışdı, simam tanınmırdı, daha rahat idim. Həmin vaxt mən olduğum məclisdə “Fəlakət”dən söhbət düşmüşdü, amma məni tanımamışdılar.

– Obrazın barədə tənqidi fikir eşitmisən?

– Vallah heç vaxt olmayıb.

– Toya hansı məbləğ qarşılığında dəvət edirlər?

– Bu yaxınlarda rayonların birindən zəng vurdular ki, uşağın ad günüdür, təbrik etmək lazımdır. Dedim ki, biz məclisə getmirik. Qardaş təkidlə dedi ki, bu puluyla həll olunan məsələdir də, niyə getmirsiniz ki? Onda obrazda beş dəqiqə çıxışım üçün 20 min manat təklif etmişdilər.

– Çox güman ki, Şəmkir məclisi olardı.

– (gülür) Yəqin ki…

– Mətbuat yazır ki, son zamanlar çəkilişlərdə yol hərəkət qaydalarını pozursunuz.

– İlkin bu barədə açıqlama vermişdi. Bizim hər seriyada mətnaltı məna olur. Pis olan heç nəyi təbliğ etmirik.

– Başqa bir xəbər də yayılmışdı ki, bəzi rayonlarda çəkilişlərinizə qadağa qoyurlar…

– Elə şey olmayıb. Biz təzə başlayanda qərara aldıq ki, rayonlarda çəkiliş edək. Rayon rəhbərlərinə müraciət etdik. Tanımadıqları üçün bəzi rayon rəhbərləri imtina edirdilər və çəkilişləri, digər xərcləri telekanal öz üzərinə götürürdü. Gedib öz pulumuzla hansısa istirahət mərkəzində qalırdıq, çəkirdik, o rayonu da yüksək səviyyədə göstərirdik. Bizə yaxşı şərait yaratdığına görə heç bir rayonu digərlərindən üstün təqdim etməmişik. Yol hərəkət qaydalarına gəlincə, əksinə, dövlətin qoyduğu qadağaları təbliğ edirik ki, bu şeylər yaxşı deyil. Amma təəssüf ki, bəzən haqqımızda bu cür xəbərlər də yazılır.

– “Fəlakət” başlanğıcda “Bozbash pistures”də ikinci dərəcəli obraz idi və sonradan qəfil parladı. Bir müddət sonra isə bu obraz layihənin daxilində “sıxışdırıldı”. Bunu “Şəmi” və “Şöşü”nün “Fəlakət”ə qısqanclığı kimi qələmə verənlər də var idi…

– Bu barədə mənə sosial şəbəkələrdə də yazıblar. Amma tam səmimi deyirəm ki, belə bir şey yoxdur. Bilirsiniz ki, “Bozbas pictures” Şəmi və Şöşü obrazı ilə yaranıb. Təbii ki, tamaşaçı hansısa obrazı daha çox görmək istəyirsə, haqlıdır. Mən montajı da bacardığım üçün iş prosesində yaxından iştirak edirəm. Montaj prosesində obrazıma ayrılan vaxtın azlığını-çoxluğunu heç vaxt hiss etmirəm. Heç vaxt hiss etməmişəm ki, filan obraz, filan epizod partladacaq.

– Yəqin ki, texniki xətalara görə efirə getməyən, amma yetərincə uğurlu alınan kadrlar olur.

– Çox olur. Bəzən montajda öz hissəm xoşuma gəlmir, çıxarıram. Uşaqlar deyir ki, nə danışırsan, çox gülməlidir. Efirə gedəndən sonra görürəm ki, doğrudan da gülməliymiş.

– Tamaşaçı kimi “Fəlakət”ə baxıb güldüyün vaxtlar olur?

– Bəzən oturub baxanda yadımdan çıxır ki, bu mənəm. Deyirəm ki, necə olub bu sözü demişəm. Çünki mənim rolumda improvizələr daha çox olur.

– Bildiyimə görə İlkin Həsəni hərbi xidmətdə olanda hətta onun yanına dönər də alıb aparmısan.Yəni dostluğunuz illərə dayanır…

– İlkin Xaçmazda qulluq edib. Tələbəlik dostuyuq, artıq 11-ci ilə keçir. Mən onu tanıyanda populyar insan idi. Bizim İlkinlə münasibətlərimiz dostluq həddini də keçib, ailəvi yaxın insanlarıq. Müəyyən yaş dövrünə qədər klublara, şənliklərə bir yerdə gedirdik. Sonra o əsgərliyə getdi. Maşınım olmadığına görə kimdənsə xahiş edirdim ki, məni Xudata aparsın. Kiməsə desəydim ki, dostumun yanına gedək, adam fikirləşəcəkdi ki, bunun dostunun yanına niyə gedirəm ki? Ona görə məni aparan adama deyirdim Nabrana kluba, diskotekaya gedək. Yolda deyirdim burada saxla, bir yer var ora dəyəcəm. Gedib İlkinlə görüşürdüm. İlkin də soruşanda deyirdim ki, sənə dəyib Bakıya qayıdıram. Halbuki Nabrana kluba gedirdim. İlkinə də kluba getdiyimi, dostuma da İlkinin yanına gəldiyimi deyə bilmirdim. Çünki desəydim ki. Diskotekaya gəlmişik, darıxardı, pis olardı.

– Yanına gedəndə daha çox nə alıb aparırdın?

– İlkin sevilən adam olduğu üçün çox şeyə ehtiyacı yox idi. Əsgərlikdə olan insan evdəkilərinə, yaxın dostuna ehtiyacı olur.

– Olurmu ki, bölgələr insanlar sevgilərindən, istəməyərəkdən çəkişə mane olsunlar?

– Bakıdan fərqli olaraq rayon camaatı çox istiqanlıdır və bunu sözün yaxşı mənasında başa düşmək lazımdır. Bakı sakinləri bir insanı sevsə də, ona yaxınlaşmağa ehtiyat edirlər. Amma bölgələrdə belə sərhəd yoxdur. Bölgə adamları üçün daha əlçatmazsan və içlərində bir uşaq səmimiyyəti var.

– Ən isti qarşılandığınız rayon hansı olub?

– Vallah fərq qoya bilmirəm. Gəncədə çox böyük izdiham olub. “Youtube”da “Bozbas Pictures kadrarxası” yazıb bölgələrdə necə qarşılandığımız görmək olar. Çünki bölgələrdəki çəkilişlərimizin kadrarxasını film formasında ora yerləşdirmişik. Üç-dörd rayon var ki, əhalisi az olduğu üçün çəkilişlərimizi rahat etmişik. Digər rayonlarda fərq qoya bilmirəm.

– Çəkiliş prosesində ən rahat tərəf müqabilin kimdir?

– Tamaşaçılardan eşitdiyim odur ki, “Şirin”lə mənim partiyalarımı daha çox sevirlər. Bizim “ağsaqqal” və “Şirin”lə “qarşıdurmalarımız” maraqlı alınır. “Qılman doctor” yeni obraz olsa da, oynadığımız partiyalar çox sevilib. Amma mənim üçün tərəf müqabilimin kim olmasının fərqi yoxdur. Çünki hamımız bir-birimizi yaxşı tanıyırıq.

– İxtisasca aktyorsan?

– Mədəniyyət və İncəsənət Universitetinin Teatr və kino aktyorluğunu bitirmişəm.

– Hansısa teatrda işləmək, filmə çəkilmək planın var, yoxsa bu komandadan kənarda heç bir işə imza atmaq fikrin yoxdur?

– “Heç vaxt demə heç vaxt” məsələsini unutmayaq. Təbii ki, özümü başqa daha ciddi janrda sınamaq istəyirəm.

– Səncə qəbul olunar?

– Məncə hər şey düzgün seçilsə, qəbul olunar. Bizim uğurumuzun sirri kollektivin düzgün seçilməsindədir. Bəzən deyirlər ki, filankəs getsə, “Bozbaş” dağılar. Bu işin mətbəxində olduğum üçün bilirəm ki, uğurumuz 12-13 nəfərlik komandanın birliyindədir. Oradan kim getsə, bu işə təsir edəcək.

– İndi rejissorunuz kimdir?

– Rövşən Ağayev çəkir. O, həm də aktyordu. Sssenarimizi isə Ənvər Abbasov yazır.

– Bir müddət də ssenari qıtlığı yaşadınız…

– Təəssüf ki, Azərbaycanda ssenari problemi var. Bəzən zarafatca deyirik ki, Ənvər Azərbaycanda ssenari monopoliyasını əlinə alıb. Əslində bu inkişaf üçün mənfi haldır. Azərbaycanda ssenari yazan insanlar çox azdır. Xüsusən də komediya janrında. Bir ara Ənvər 7-8 yerə yazırdı. Çox şükür ki, indi hər şey yaxşıdır.

-Digər layihələrdə iştirakından danışırdıq…

– Mən teatr və kino aktyorluğu fakültəsini bitirsəm də, məlum səbəblərdən bu işlə məşğul olmurdum. Bir zamanlar bu sahədə olan bəzi adamlara deyəndə ki, özümü sınamaq istəyirəm, mənə inanmamışdılar.

-Komediya janrında?

-Bəli. İş elə gətirdi ki, o şəxslər sonradan mənimlə işləmək istədiklərini bildirdilər. Dedim ki, mən artıq işləyirəm. İndi də tanıdığım rejissorlara ciddi rol oynamaq istədiyimi desəm, bir az tərəddüd edərlər.

-Səncə, bu, aktoyrun zəifliyidir?

-Əksinə, üstünlüyüdür. Mən iddia etmirəm ki, əjdaha aktyoram. Özümü televiziya aktyoru sayıram.

– Bir təxribatçı sual verəcəm.

– Ver, onsuz da cavab verməyəcəyəm.

– Bu suala cavab verməmək əslində təsdiq cavabıdır.

– Doğrudan? Zarafat edirdim.

-Yetərincə populyarsan. Onların da böyük qismi qadınlardı Tanınmağından, sevilməyindən “istifadə” edirsənmi? Yaxud sənə evlilik təklifləri olurmu?

– Olur.

– Bəs digər “təkliflər”?

-Tam səmimi deyim, tanınmış olmamışdan əvvəl belə şeylərdən daha çox “istifadə” etmişəm. Amma indi çalışıram çərçivəni gözləyim. Çnüki insanların sevgisindən istifadə etmək olmaz. Biriylə, ikisiylə edə bilərsən…

-(zarafatyana) Mən də onu deyirəm də, yəni bir-ikisi olub?

-Yox, olmayıb. Tam səmimi deyirəm ki, bu, mənimçün günah kimi bir şeydi.

– İbadət edirsən?

– İbadət etmirəm, amma çalışıram ki, müəyyən şeylərə riayət edim.

– Dostluqda təsdiq olunmuş insansan. Maraqlıdır, əsl dostların az olduğu sənət aləmində dostların varmı?

– Məsələn, Elçin Hüseynovla dost olmasaq da, bir-birimizə qarşı səmimiyik. O, məni istədiyim vaxt yığıb danışa biləcəyim, deyib güləcəyim insandır. Çalışıram ki, şou əhlindən uzaq durum. Düşünürəm ki, mən də bu sahədə olsam, elə olaram.

-Bu sahədə hər kəs bir-birindən ehtiyatlanır…

– Təbii ki, şou biznesdən dostlarım var. Emil Bədəlovla çox yaxın dostam. Tələbəlikdən dostluq edirik. Tanınandan sonra özümə dost axtarmamışam. Çünki mənim kifayət qədər dostlarım olub. Bəstəkar Tərlan Məmmədhüseynov mənə çox yaxın insandır. Zamiq Hüseynovla, Röya xanımla yaxın dostuq.

– Obrazdan kənar “Fəlakət”in dilindən danışdığın olur?

– Dostlar arasında olur, amma məclisdə yox.

– Etiraf edəcəyin bir şey var ki, səni sevən və sevməyən hər kəsə maraqlı olsun?

– (düşünür) Görəsən nə ola bilər…

– (zarafatyana) Amma ağlamağa ehtiyac yoxdur…

– Fikirləşirəm ki, bu nə ola bilər?

– Əslən Füzulidənsən. Məcburi köçkün həyatı yaşamısanmı?

-Yox, əmimgil, dayımgil yaşayıb. Atam Moskvada yaşayıb, Bakıya gəlib. Anam da Bakıda təhsil alıb. Biz məcburi köçkün həyatı yaşamamışıq. – Etiraf…

– İnsanlarda bir fikir var ki, efirə çıxan adam çox varlı olur. Bəli, çox varlıyıq, amma tamaşaçı sarıdan. Allaha min şükür. Milyonlarını tökülüb tanınan adamlar var. Tanınırlar, amma sevilə bilmirlər. Heç bir xərcim çıxmadan, göydə Allahın yerdə insanlarn sayəsində sevilirəm. Bu barədə dostlarımla da danışıram. Tanınmaq olar. Tam açıq deyəcəyəm. Bizim şou əhlində tanınıb, həm də sevilən insanlar azdır. Mən bu barədə çox varlıyam.Bunu etiraf edirəm.

– Bəzi xalq artistlərindən daha çox tanınırsan…

– Vallah olur, səmimi deyirəm. Bununla öyünmürəm. Bir işlə məşğul olmayıb bizim haqqımızda qara-qura işlər görənlərə demək istəyirəm, bilsinlər ki, çox varlıyam. Tamaşaçı sevdiyi insanı hərtərəfli yaxşı görmək istəyir, qoruyur. O istəyir ki, sevdiyi insan ən gözəl maşında gəzsin.

– Ən gözəl maşında gəzə bilirsən?

– Bir ara haqqımda yazılan şaiyələr var idi. Guya maşın, ev vermişdilər. Hər kəs kimi mənim də bir evim var, ailəmlə bir yerdə yaşayıram, orta təbəqənin insanıyam. – Orta təbəqənin insanının sürdüyü maşın neçəyədir?

– 22-23 minlik maşın sürürəm.Bunu mənə ailəm almayıb. Qəpiyinə kimi özüm işləyib almışam.

– Yenidən qayıdaq şəxsi həyata. Özündən 10 yaş kiçik, yaxud 10 yaş böyük insanla ailə qurarsan?

– Bu həyatda hər şey ola bilər.

– Mümkündür?

– İndi üçün soruşursansa, mümkün deyil. Yaşamadığın bir şey haqda danışmaq düzgün deyil. Birini görərsən və başa düşərsən ki, bu insan davranışıyla, düşüncəsiylə, əxlaqıyla sən istədiyindir.

 Məsələn, özündən 10 yaş böyük xanımla evlənmək istəyini ətrafına qəbul elətdirə bilərsən?

– Dediyim meyarlara uyğun gələrsə, mümkündür. İstədiyim insan məndən 5 yaş özümdən böyük olsa da, ailə həyatı quraram.

-Ötəri hisslər məlumdur. Bəs gerçək sevgi yaşamısanmı?

-Yaradıcı insanın ürəyi işləmirsə, deməli, problemi var (Gülür). Sevigisiz qurub- yaratmaq olmaz . Yaşadığım sevginin heç birindən peşman deyiləm. Hazırda münasibət yaşadığım insanların hamısıyla dostam.

– Yaşca böyüyü olub?

– Olub.

– Məncə onlardan biri məşhur xanım idi…

– Kimi deyirsən?

– Adını deməyəcəm.

– Ola bilər ki, səhv eşitmisən. Hamı Röyadan yazır, onu deyirsən?

-Yox, o deyil. Amma məşhur xanım sevgilin olub.

-Bəli, məşhur xanım sevgilim olub.

– Müğənni?

– Müğənni olmayıb, səhv bilirsən.

– Əgər adını desən, etiraf edəcəyəm. Onsuz da bütün müğənnilərlə adım çəkilib.

– Məsələn kiminlə?

– Kiminlə şəkil çəkdirib “Instagram”a qoymuşamsa, deyiblər ki, sevgilidir. Sən kimi eşitmisən?

– Mənim düşünüdüyüm adam müğənni idi. Ona görə adını çəkməyə belə lüzum qalmadı. Aparıcı olub?

– O dərinliyə getməyək.

– Dayazdan gedirik. Azərbaycanda 500 xanım aparıcı var.

– Mən ümumiyyətlə, yaşadığım münasibəti iki nəfrədn artıq adamın bilməsini istəmirəm. Əgər onun sahəsini desəm, bir az çaşqınlıq yaranacaq və siz ikinci jurnalistə material verəcəksiniz.

-Heç kimə material verməyəcəyəm, özüm yazacağam.

– Onu deyə bilərəm ki, çox gözəl münasibətim olub, peşman deyiləm. Efir adamıdır. İndi də bir-birimizi çox istəyirik, qarşılıqlı istək var. Bu münasibəti 4-5 nəfərdən savayı heç kim bilmir və bilməyəcək də. Çünki ikimiz də bunun belə olmasını istəyirik. Yaşca da məndən böyükdür.

– Səmimiyyətin üçün təşəkkür edirəm. -Səmimi söhbət olanda, mən də səmimi danışıram.

Söhbətləşdi: İntiqam VALEHOĞLU

olke.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir