İqtisadiyyat və Sənaye Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən «Orxan SS» İstehsal-Kommersiya Firmasına məxsus Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küç.,2B ünvanında yerləşən istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisə tərəfindən bilərəkdən yalan reklamlar yayımlanmaqla və məhsulların markalanmasında düzgün olmayan məlumatlar verilməklə istehlakçıların çaşdırılmasına yol verildiyi müəyyən edilib.
Belə ki, müəssisə tərəfindən istehsal olunan «CF» və «Kristal» əmtəə nişanlı ət məhsullarının avtonəqliyyat vasitələrində yayımlanan reklamlarında və həmin əmtəə nişanlı «Baranina», «Krakovskaya», «Servelat Xəzər», «Kristal Həvəskar», «Ukrainskaya kopçennaya» kolbasaları və «Təndir» sosiskasının etiketində məhsulların halal olması ilə bağlı ifadələrin verildiyi halda, müəssisədə halal ət məhsullarının istehsalı üçün müvafiq şəraitin olmadığı və həmin məhsulların tərkibində donuz əti və piyi olan məhsullarla eyni istehsalat sahəsində istehsal olunduğu müəyyən edilib.
Bundan başqa, «Ukrainskaya kopçennaya» kolbasasının resepturasında və etiketində məhsulun tərkibində donuz ətinin olduğu göstərildiyi halda, həmin məhsulun etiketində məhsulların halal olması bağlı ifadələrin verildiyi, «Servelat» kolbasasının resepturasında məhsulun tərkibində donuz əti və donuz piyi nəzərdə tutulduğu halda, məhsulun etiketində bu məlumatın gizlədildiyi aşkar edilib.
Eyni zamanda, «Baranina», «Kristal Həvəskar», «Servelat Xəzər», «Doktorskaya», «Krakovskaya», «Oxotniciye», «Pəhriz», «Servelat» və «Salyami» kolbasaları və «Təndir» sosiskalarının istehsalında camış ətindən istifadə edildiyi halda, məhsulun mal ətindən istehsal edildiyi barədə yanlış məlumatların verildiyi müəyyən edilib.
Qanun pozuntusuna yol vermiş «Orxan SS» İstehsal-Kommersiya Firması barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək.