Böyük Britaniya alimlərinin araşdırmaları kompüter tomoqrafiyasının xərçəng xəstəliyinə səbəb olduğunu aşkara çıxarıb. Bütün dünyaya SOS mesajı verən mütəxəssislər tomoqrafiya testi zamanı insan bədəninə normal rentgendən 100 dəfələrlə artıq radiasiya verildiyini aşkar ediblər.
Bundan sonra İngiltərənin Səhiyyə Nazirliyi sağlam adamların bədənlərini tomoqrafiya etmələrinə qadağan qoyub. Nazirliyin mütəxəssislərinin rəyinə görə, bu zaman bədənin məruz qaldığı radiasiya Xirosimaya atılan atom bombasının partlayışından qurtulan insanlarda olan qədərdir.
Türkiyəli professor Ahmet Rasim Küçükusta da xəstəyə saysız miqdarda şüa verilməsinin xərçəng xəstəliyinə səbəb olduğunu vurğulayıb:
“Bunlar bədəndə qalıcı olduğu üçün məhv edilə bilməz. Heç bir şikayəti olmayan adamın tomoqrafiya edilməsi doğru deyil. Həmin şüanın təsirləri 30-40 il sonra üzə çıxır”.
Qeyd edək ki, alimlər kiçik yaşlarda olan uşaqların və hamilə qadınların radiasiyaya daha həssas olduğunu və belə dövrlərdə tomoqrafiyadan uzaq durmağı tövsiyə edirlər.
Qeyd edək ki, bu məsələ uzun illər dünya tibb ekspertlərinin müzakirə mövzusu olub. Rentgen şüalarının və bundan daha çox istifadə olunan kompüter tomoqrafiyasının xərçəng xəstəliyinə səbəb ola biləcəyi dəfələrə təsdiqlənsə də, alternativ müayinə üsulu olmadığından tibbdə bu üsuldan istifadə olunur.
Professor, tibb elmləri doktoru Adil Qeybulla deyir ki, rentgen şüaları dəriyə nüfuz etdiyinə görə, ionlaşdırıcı şüalar qrupuna aid olduğu üçün hüceyrələrdə mutasiya yarada bilirlər, xərçəng şişi törətmə ehtimalı var: “Kompüter tomoqrafiyası zamanı rentgen şüaları nisbətən daha çox miqdarda istifadə olunur. Çəkilən şəkillər kompüter rejimində emal olunur, bu zaman şüalanma daha çox olur. Ancaq bu şüalanma xəstənin bədənində şiş yaranmasına səbəb olmur, tədricən bədəndən sorulur. Kompüter tomoqrafiyası da rentgenin bir növüdür. Rentgen şüaları uzun müddət təsir etdikdə xərçəng şişi yarada bilər. Bu baxımdan belə bir ehtimallar var”.
A . Qeybullanın sözlərinə görə, kompüter tomoqrafiyasından imtina etmək hələ ki, mümkün deyil: “Ancaq kompüter tomoqrafiyasından imtina etməyə gəlincə, gərək rentgen müayinəsindən və bütün şüalanma ilə həyata keçirilən müayinə vasitələrindən də imtina olunsun. Bəzən həm diaqnostik müayinə və müalicə zamanı bu şüalara ehtiyac olur. Məsələn, elə xərçəng şişinin müalicəsində ionlaşdırıcı şüalanmalardan, qamma şüalardan, radioizotop şüalardan istifadə olunur ki, bunun özü də xərçəng şişi törədə bilir, eyni zamanda xərçəng şişinin müalicəsi üçün istifadə olunur. Hər halda insan orqanizmi üçün daha təhlükəsiz alternativ metodlar tapılsa, əlbəttə, bu metodlar tədricən tarixə qovuşacaq. Ancaq hələ ki, alternativ yoxdur. Bəzən xəstənin bir neçə dəfə tomoqrafiya olunması vacib olur”.
Tibb ekspertinin sözlərinə görə, sovet dövründə rentgen kabinetlərində çalışan həkimlər şüalanmaya məruz qaldıqları üçün əlavə imtiyazlar verilirdi, pensiyaya nisbətən tez çıxırdılar, maaşları nisbətən yüksək idi: “İnsan orqanizmi üçün şüalanmaya yol verilən hədd var. Bu həddən artıq ola bilməz. Əgər orqanizm daha çox şüalanmaya məruz qalırsa dinamik olaraq müşahidə altında olmalıdır”.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin sözlərinə görə, tomoqrafiyanın insan bədəninə zərərli təsiri onun şüalanma dərəcəsindən asılıdır və bu da həkimlər tərəfindən tənzimlənir: “İstər rentgenin və kompüter tomoqrafiyasının, istərsə də digər şüalanma üsulu ilə həyata keçirilən müayinələrin insana zərəri var. Həkimlər xəstənin müayinədən keçmə periodunu nəzarətdə saxlamalıdır və bu tez-tez baş verməməlidir. İldə bir və ya iki dəfə bu cür müayinələrdən keçməyin zərəri yoxdur”.
Anar Qədirli hər hansı xəstədən daha çox şüalanmaya məruz qalan rentgen şöbəsinin həkimlərinə hazırda da müəyyən güzəşt və imtiyazların olduğunu bildirdi.
Kompüter tomoqrafiyası diaqnostikadakı əhəmiyyətinə görə, tibbdə ən bahalı müayinə üsulları sırasındadır. Əvvəllər rentgen müayinələrinin qiyməti 10 manatdan başlayırdısa, hazırda kompüter tomoqrafiyasının qiyməti 50 manatdan başlayır.
Adil Qeybulla deyir ki, Azərbaycan tomoqrafiya qiymətlərinin ən ucuz olduğu ölkələrdən biridir: “Tomoqrafiya qiymətləri əvvəllər yüksək idi, ancaq indi getdikcə ucuzlaşır, qiymətlər 60-70 manat civarında dəyişir. Ola bilər ki, klinikanın statusundan asılı olaraq bir az fərqli olsun. Xaricdə tomoqrafiya qiymətləri Azərbaycandan dəfələrlə bahadır. Məsələn, maqnit rezonans tomoqrafiyası bəzi klinikalarda 1000 ABŞ dolları civarındadır. Bu da həmin ölkədən, klinikadan və bu bölgədəki qiymətlər sistemindən asılıdır”.
Tomoqrafiya qiymətləri ilə bağlı bəzi dövlət və özəl klinikalarla əlaqə saxladıq. Məlum oldu ki, orta hesabla qiymətlər əksər klinikalarda eynidir. Belə ki, baş-beyin tomoqrafiyası 70-100 manat, döş qəfəsi tomoqrafiyası 80-100 manatdır. Müəyyən dərman və iynələrin tətbiqindən sonra həyata keçirilən həyata keçirilən tomoqrafiyasının qiyməti isə dərmanların qiymətindən asılı olaraq 130-160 manat arasında dəyişir.
Türkiyə xəstəxanalarında tomoqrafiya qiymətləri üzrə internetdə apardığımız araşdırmalardan bəlli oldu ki, qardaş ölkədə müayinə Azərbaycandakından 2-3 dəfə baha başa gəlir.
Salam .Bəs sua almis adam ətrafindaki insanlara qarsi pis təsir edə bilər?xais edirem suallimi cavablandirin