valideynler ushaqlar

“Uşaqlarınızla daha çox ünsiyyətdə olmağa çalışın” – MÜSAHİBƏ

Baxış sayı: 2. 394

Bu dövrdə uşaqlar, təbii ki, daha çox valideynlərə ehtiyac duyurlar. Psixoloqlar təsdiqləyir ki, uşaqlarda yaşa dolduqca üzə çıxan bəzi vərdişlər böyüklərdən ötürülür. Erkən yaşlarda ötürülən, böyüdükcə daha fərqli formada özünü göstərən bəzi xoşagəlməz vərdişləri qəbul etməsək də, hər halda, çox vaxt reallıqla barışmalı oluruq. Hər zaman öz dəyərli tövsiyələri ilə bizə yardımcı olan psixoloq Xatirə Səfərova ilə söhbətimizdə bu kimi bir neçə məqamın səbəblərini araşdırdıq.

 – Xatirə xanım, adətən, valideynlər uşaqların daha çox aktivliyindən və inadkarlığından şikayət edir. Biz də istərdik bu gün sizinlə inadkarlıq problemini müzakirə edək. Müvəqqəti olsa da, insan bəzən mənasız inadkarlıq qarşısında reaksiyasız qala bilmir. Valideynlərin, xüsusilə də anaların sizə daha çox bu problemlə üz tutduqlarını söyləyirsiniz. Elə onların əksəriyyətinin maraqlandığı suallarla biz də maraqlanırıq. Uşaqlarda inadkarlığın səbəbi nədir və onlara psixoloji cəhətdən zərər yetirmədən bunu necə aradan qaldırmaq olar?

–  Bəli, valideynlər özləri də qeyd edir ki, bu, onların əsas probleminə çevrilib. Xüsusilə problem daha çox böyüklərin uşaqlarla inadlaşmağa başladığı zaman özünü göstərir. Hər şeyin mütləq bir səbəbi vardır. Ona görə də biz daim valideynləri bu yöndə maarifləndirməyə çalışırıq. Məsələn, bizim daim mənasız hesab etdiyimiz israr özlüyündə mütləq bizdən qaynaqlanan bir səbəb daşıyır. Əvvəlcə qeyd edim ki, uşaqların psixososial inkişaf mərhələsində 1,5 – 3 yaş arası dövrü əhəmiyyətli bir yaş mərhələsidir. Ancaq bu yaş aralığında iki yaşın xüsusi önəmi vardır. Çünki uşaq bu yaşda müstəqil hərəkət edə bilən fərd olaraq özünü ifadə etməyə can atır. Hətta biz öz aramızda zarafatla buna “inad çağı” da deyirik. İlk növbədə, heç kəs unutmasın ki, uşaq erkən yaşlarda xarakterini ortaya qoymur, ailənin fərdlərini model olaraq götürür. Necə deyərlər, hərədən bir şey “oğurlayır” və onu özünəməxsus şəkildə təlqin edr. Ona görə də əgər etiraz ediriksə, özümüzdə görə bilmədiyimiz mənfi cəhətlərə etiraz edirik. Bu xüsusiyyət əksər valideynlərə məxsusdur: səbəbi axtarmadan nəticə üzərində dayanırlar. Uşaq niyə inad edir? Bununla uşaq fərqli və müstəqil olduğunu, hər şeyi özünün etmək iqtidarında olduğunu sübut etməyə çalışır. Ancaq “olmaz”a məhəl qoymadan məqsədinə çatan uşağa nədə səhv etdiyi izah edilmədikdə bu, vərdişə çevirir.

– Bəs valideynlərin belə məqamlarda səhvi nədə olur?

– Bu, çox mühüm məsələdir. Və elə böyüklər də çox vaxt məhz qeyd edəcəyim bəzi məqamlarda səhv edirlər. Ən ciddi nöqsan inad edən uşağın istəyini həyata keçirməkdir. Yəni artıq bu, təslim olmaq deməkdir. Beləcə ağlayaraq, inad edərək uşaq istədiyini əldə edə biləcəyini dərk edir və hər fürsətdə bunu təkrarlayır. Bu kimi hallarda uşaqla mübahisə etmək, yaxud hədə-qorxu gəlmək, təzyiq göstərmək, danlayaraq nəyisə qəbul etdirmək çox yanlış və faydasızdır. Çünki hədə-qorxunun təsirindən yalnız o zaman susacaq. Və yaxud da tam əksinə, daha şiddətli reaksiya verəcəkdir. Mən hesab edirəm ki, oxucular arasında bu yaşlarda övladı olan valideynlərin əksəriyyəti qeyd etdiyim hallarla qarşılaşırlar. Belə məqamlarda uşaqlarla danışmağı tövsiyə etmirəm. Əgər mümkün olarsa, mübahisə anında uşağı tək qoymaq və ya nə edirsə-etsin, etinasız olmaq daha yaxşıdır. Çünki həmin məqamda onlar davranışlarının sizə təsir etmədiyini, ən əsası isə istədiklərini bu yolla əldə edə bilməyəcəklərini anlayırlar. Mənə müraciət edən əksər pasiyentlər belə hallardan çox narahatlıq duyurlar. Lakin bu, keçici bir dövrdür və doğru davranış qaydaları tətbiq olunduqda 4 – 5 yaşlarında bu mərhələ sona çatır. Valideynlərin nəzərinə onu da çatdırım ki, uşaqların əksəriyyəti psixoloji travmaları məhz bu keçid yaş mərhələsində alırlar. Onların bu minvalla xarakteri formalaşır və bir çox davranış qaydaları vərdiş edildikdə yetkinləşdikdən sonra da davam edir. Bu səbəbdən də həmin mərhələdə uşaqlara qarşı səbirli və ehtiyatlı olmaq lazımdır.

– Ətrafdakı müşahidələrdən bu qanaətə gəlmək olar ki, uşaqlar həddən artıq “yaradıcı” olduqları üçün valideynlərin qadağaları onları bezdirir. Təbii ki, uşaq təkbaşına harasa getmək və ya nə isə etmək iqtidarında deyil. Amma ailədəki yeknəsəklik uşaqların fərdi imkanlarını məhdudlaşdırırmı?

– Həqiqətən də hazırda gündəlik həyat qayğıları ilə məşğul olan valideyn uşağını çox vaxt unudur. Biz bunu valideynlərə söylədikdə onlar qəti etiraz edirlər. Və əsas gətirirlər ki, biz onları nəzarətsiz qoymuruq. Sevimli yeməklərini hazırlayırıq, zövqlə geyindirməyə çalışırıq və s. Xeyr, bütün bunlar hər şey demək deyil. Bu, sadəcə uşaq üçün lazım olan gündəlik ehtiyaclardır. Bəs uşağın mənəvi ehtiyacları? Onları anlamaq, söhbət etmək, bir yerdə oyun oynamaq, birlikdə yeni oyunlar icad etmək, daim onlarla danışmaq, nəyisə izah etmək… Bunlar uşağa geyimdən və ya bahalı oyuncaqlardan çox-çox dəyərlidir. Ona görə də xaricdə həmişə valideynlər bu fikirdə olurlar: uşaqla nə qədər vaxt keçirmək deyil, necə keçirmək önəmlidir. Məsələn, vacib deyil ki, uşaq lazım olmayan nəyisə etmək istədikdə ona mütləq hər dəfə “Olmaz!” qadağası qoyulsun. Alternativ variantlar təklif etmək, yaxud da fikrini həmin obyektdən uzaqlaşdırmaq “yox” deməyin ən yaxşı üsullarından biridir. Bu mövzuda məni ən çox narahat edən məqam böyüklərin uşaqlara öz iradələrini yeritməsidir. Yəni mən nə desəm, onu edəcəksən! Əgər uşaq atanın, yaxud ananın dediklərini təkrarlayırsa, deməli, sonda o da ya ata kimi olur, ya ana kimi. Daim deyilənləri etməyə məcbur edilən uşaq bəs özünü nə vaxt və necə tapacaq? Yetkinləşdikdən sonra isə ondan müstəqil nə isə etmək tələb olunur. Əgər uşaq davamlı olaraq kiminsə söylədiyini edibsə, yaxud buna məcbur olunubsa, ondan yeni ideya, müstəqil fikir, müstəqil davranışı necə tələb etmək olar? Belə uşaqlar təhsil və şəxsi həyatlarında da özlərini tapmadan başqalarının dediyini edəcək, ya da etdiyini təkrarlayacaqlar. Müstəqillik isə kiçik yaşlarda uşağın özünə oyun qurub, buna böyükləri də cəlb etməkdən, yeni oyuncaqlar düzəltməkdən, onları təmir etmək və sair kimi kiçik vərdişlərdən  başlayır. Bilmirəm, diqqət yetirmisiniz ya yox, kollektiv oyunlar zamanı idarə edən və kiminsə tabeliyi altında idarə olunan, göstəriş gözləyən uşaq modelləri müşahidə edirik. Qeyd etdiyim problem özünü açıq şəkildə burada göstərir. Onlar gələcək həyatlarında da əksərən bu cür olurlar. Ya idarə edir, ya da idarə olunurlar. Çox təəssüf ki, ən acınacaqlı vəziyyət oğlan uşaqlarında müşahidə olunur. Unutmaq lazım deyil ki, böyük problemlərin səbəbi xırdalıq hesab etdiyimiz, diqqət yetirmədiyimiz məqamlardır.

– Çoxlarını narahat edən digər məsələ, bəlkə də, bu gün cəmiyyətin çox da fərqində olmadığı uşaqların ünsiyyət problemidir. Danışmaq, fikir yürütmək, dialoq qurmaq hazırda uşaqların və gənclərin ən böyük probleminə çevrilib. Bəs siz bir psixoloq kimi bu problemlə bağlı nələri müşahidə edirsiniz?

–  Çox təəssüf ki, bugünkü gənclər bu baxımdan illər əvvəl valideynlərin laqeyd qaldığı məqamların fəsadlarını daşıyırlar. Təbii ki, problemin mərkəzində kiçik yaşlardan ünsiyyət vərdişinin yaranmaması dayanır. El arasında tez-tez istifadə edilən bir söz var: “Uşaq hər işə qarışmaz”. Əksəriyyət bu prinsipə əsaslanır. Əksinə, uşaqlar hər şeylə maraqlanmalıdır ki, nə isə öyrənsinlər. Çünki erkən yaşlarda onlar üçün ətrafdakı hər şey bir laboratoriya xarakteri daşıyır. Və ətrafa olan maraqlarına suallarla cavab tapmağa çalışırlar. Daim sual vermək, nə isə öyrənmək, ünsiyyətdə olmaq istəyi onlar üçün çox təbii bir haldır. Bunu məhdudlaşdırmaq uşaqların cəmiyyətlə bağlantısını, informasiya almaq davamiyyətini kəsmək deməkdir. Mən valideynlərdə belə bir halı tez-tez müşahidə edirəm. Onlar sadəcə uşaqların zövqünü, sevib-sevmədiyi qidaları, oyuncaqları, özünü qabarıq göstərən xarakterlərini bilirlər. Əslində bunlar uşaq haqqında çox şey bilmək demək deyil. Məsələn, valideynlər uşaqların hər hansı bir hadisəyə necə reaksiya verə biləcəyindən xəbərdar deyillər. Bu da normaldır. Çünki onlarla uşaqlar arasında ünsiyyət yoxdur. Təbii olaraq onların düşüncə tərzi, nöqteyi-nəzəri də böyüklər üçün müəmmalı qalır. Hər zaman valideynlərə tövsiyə edirəm ki, uşaqların hansısa hadisəyə münasibətlərini öyrənmək, fikri ifadə etmək vərdişini  formalaşdırmaq üçün onları sona qədər dinləyin, sual verin, dialoq qurun. Çünki bu, illər ötdükcə uşaqların sinif yoldaşları ilə, müəllimləri ilə, yetkin yaşlarda isə cəmiyyətlə, dost-tanışla, iş həyatında tanımadığı insanlarla ünsiyyət qurmaq bacarığını formalaşdıracaqdır. Uşaqlarla daim söhbət onların sonradan ortaya çıxacaq nitq probleminin həllinə də çox kömək edir.

– Xatirə xanım, dəyərli məsləhətlərinizi bizimlə, oxucularımızla bölüşdüyünüz üçün minnətdarıq.

 

Söhbətləşdi: Günay Camalqızı




1 şərh ““Uşaqlarınızla daha çox ünsiyyətdə olmağa çalışın” – MÜSAHİBƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir