İntellektual inkişaf pozuntusu fərdin öyrənmə, düşünmə, problem həll etmə və gündəlik həyat bacarıqlarına təsir göstərən inkişaf xüsusiyyətlərindən biridir. Adətən uşaqlıq dövründə müşahidə olunur. Ağır zəka geriliyi əvvəl məlum olsa da, orta və yüngül zəka geriliyi yalnız son zamanlarda təhsilin geniş yayılması ilə ön plana çıxmışdır.
Zəka geriliyi uşağın inkişaf mərhələlərində ortaya çıxan adaptiv davranışdakı çatışmazlıqla müşayiət olunan ümumi zehni bacarıqlarda əhəmiyyətli bir çatışmazlıq, qeyri-kafilik kimi müəyyən edilir.
Zəka geriliyinin əsas 3 xüsusiyyəti var:
1) Ümumi intellektual fəaliyyətin orta səviyyədən xeyli aşağı olması.
Yaşadıqları cəmiyyətdəki yaş qrupları ilə müqayisədə sosial bacarıqlar, məsuliyyət, ünsiyyət, gündəlik həyat bacarıqları və özünə inam kimi sahələrdə çatışmazlıqların olması.
2) 18 yaşından öncə başlaması.
3) Zəka geriliyinin səbəbləri
Zəka geriliyinin həm doğuşdan əvvəl, həm də doğuşdan sonrakı bir çox səbəbləri var. Xüsusilə hamiləlik dövründə və həyatın sonrakı dövrlərində baş verən bəzi səbəbləri müəyyən etmək asan deyil.
İrsi səbəblər (genetik, ailə səbəbləri)
Xromosom dəyişiklikləri (Daun sindromu)
Anadangəlmə metabolik pozuntular (Fenilketonuriya, Tay-Saks xəstəliyi)
Əgər valideynlərdən birində zəka geriliyi varsa, bu, uşağın da zəkasında zəiflik olması riskini artırır. Valideynlərdə zəka geriliyi olmasa belə, irsiyyət səbəbindən də yarana bilər.
Hamiləlik və doğuş zamanı yaranan problemlərdən zəka geriliyi yarana bilər. Körpənin ana bətnində olarkən yoluxduğu yoluxucu xəstəliklər, anada qidalanma pozuntuları, ana bətnində körpədə oksigen çatışmazlığına səbəb ola biləcək hər hansı bir hadisə, vaxtından əvvəl doğuş və s.

Bəs zəka geriliyinin doğum sonrası səbəbləri nələrdir?
1) Mərkəzi sinir sisteminin infeksion xəstəlikləri (meningit, ensefalit)
2) Başdan alınan travmalar (avtomobil qəzası, yüksəkdən düşmə)
Zəka geriliyi müxtəlif dərəcələr ilə qiymətləndirilir:
Ağır dərəcəli zəka geriliyi — IQ səviyyəsi 0-24
Orta dərəcəli zəka geriliyi — IQ səviyyəsi 25-49
Yüngül dərəcəli zəka geriliyi — IQ səviyyəsi 50-70
Donuq zəka — IQ səviyyəsi 71-90
Zəka geriliyini uşaq yaşlarında, gerilik yüngül olduqda tanımaq daha çətindir. Ağır zəka geriliyi olan uşaqlarda diaqnoz qoymaq daha asandır, çünki kənardan görünən müxtəlif anomaliyalar, eləcə də danışıq və yerimə kimi bacarıqlarda gecikmələr mövcud olur.

Donuq zəka nədir?
Zəka geriliyinin alt növü hesab edilir. Bu uşaqların üzləşdiyi problemlər fərqlidir. Belə uşaqlarda öyrənmə sürəti daha yavaşdır. Onlar öyrənmə, anlama, düşüncə və problem həll etmə bacarıqlarında çətinlik çəkirlər. Onların heç bir fiziki anomaliyası yoxdur. Motor bacarıqları pozulmayıb. Məktəbdəki uğursuzluqları oxumaq istəməmələri, dərslərə maraq göstərməmələri və öyrəndiklərini tez unutmaları ilə müşahidə olunur. Oxumağı və yazmağı həmyaşıdlarından daha gec öyrənirlər.
Əziz valideynlər, unutmayaq ki, bütün psixoloji problemlərdə erkən müdaxilə mütləqdir. Gəlin özümüzə və övladlarımıza qarşı məsuliyyətli olaq.
Psixoloq Pərvin Bağırova











































































































































































