Gunel Maarifqizi

“Ailənin sirridir, dözməlisən” – Bir qadının susqunluğunun arxasında hansı fəryad gizlənir?

Baxış sayı: 113

Bəlkə də bu gün haradasa bir qadın aldığı zərbənin ağrısını gizlətmək üçün uzunqol geyinir. Başqa bir qadın göz yaşlarını uşaqları yatandan sonra silir ki, heç kim onun ağladığını görməsin. Bir başqası isə telefonunu əlinə alıb kömək istəmək istəyir, amma yazacağı bircə cümlədən sonra nələrin baş verəcəyindən qorxaraq fikrindən daşınır…

Onların hər birinin öz hekayəsi var. Bəziləri bu hekayəni heç kimə danışa bilmir, bəziləri danışsa da, dinlənilmir, bəziləri isə kömək istədiyi insanlardan belə “ailənin sirridir, dözməlisən” cavabını alır.

Ailədaxili zorakılığın ən ağrılı tərəflərindən biri də budur: qadın bəzən yalnız zorakılıq göstərən insanla deyil, onu susmağa məcbur edən bütöv bir düşüncə tərzi ilə mübarizə aparır. “Uşaqlarına görə dözməlisən”, “hər ailədə belə hallar olur”, “kişidir, əsəbiləşər də”, “ailəni dağıtma”, “qadın bir az səbirli olmalıdır” kimi fikirlər onun yaşadığı ağrını kiçildir, çəkdiyi əzabı görünməz edir.

Halbuki heç bir ailə sirri insanın təhlükəsizliyindən, sağlamlığından və ləyaqətindən üstün ola bilməz. Heç bir nikah şəhadətnaməsi qadının təhqir olunmasına, döyülməsinə, alçaldılmasına və qorxu içində yaşamasına haqq qazandırmır.

Ailədaxili zorakılıq iki insanın arasında qalan adi mübahisə deyil. Bu, insanın həyatına, ruhuna, gələcəyinə və bəzən yaşamaq iradəsinə qədər təsir edən ciddi problemdir.

 

Qadın niyə danışmır? Bəlkə də ən çox elə danışmaqdan qorxduğu üçün…

Zorakılığa məruz qalan qadının susmasının arxasında çox vaxt cəmiyyətin reaksiyası dayanır. O, bilir ki, danışsa, bəlkə də ilk eşidəcəyi sual “Səni niyə döydü?” olacaq. Heç kim ondan “Sənə bunu edən insan niyə belə davranır?” deyə soruşmayacaq.

Bəzən qadının aldığı zərbədən daha ağır olanı həmin zərbəyə görə özünün günahlandırılmasıdır. “Yəqin, sən də onu əsəbiləşdirmisən”, “bir az dilini saxlasaydın, belə olmazdı”, “kişinin də səbrini yoxlamaq lazım deyil” kimi ifadələr zorakılığa məruz qalan insanın onsuz da sarsılmış psixoloji vəziyyətini daha da ağırlaşdırır.

Beləliklə, zorakılıq göstərən insanın məsuliyyəti arxa plana keçir, qadın isə özünü müdafiə etmək əvəzinə, baş verənlərə görə üzr istəməli olduğunu düşünməyə başlayır.

Bəlkə də buna görə bəzi qadınlar illərlə heç kimə heç nə danışmırlar. Çünki onların gözündə danışmaq xilas olmaq deyil, yenidən mühakimə olunmaq deməkdir.

Unutmamalıyıq: zorakılığın səbəbi qadının geyimi, danışığı, davranışı, verdiyi qərar və ya qarşı tərəfin xoşuna gəlməyən hər hansı hərəkəti deyil. Zorakılığa görə məsuliyyət onu törədən insana aiddir.

 

“Uşaqların xətrinə döz” – Bəs uşaqların ruhunda açılan yaraları kim görür?

Qadınlara ən çox deyilən sözlərdən biri budur: “Bir az da döz, uşaqların var”. Sanki uşaqların olması ananın ağrısını hiss etməməsi, qorxularını udması və hər gün özünü qurban verməsi üçün əsasdır.

 

Bəs həmin uşaqların nə yaşadığını düşünürükmü?

Gecə valideynlərinin mübahisəsini eşidib yorğanı başına çəkən, anasının ağladığını görüb heç nə edə bilməyən, qapının açılma səsindən belə diksinən uşaqların dünyası necə olur? Anasının üzündəki qorxunu, atasının aqressiyasını, evdəki gərginliyi hiss edən bir uşaq həqiqətən də sağlam ailə mühitində böyüyürmü?

Uşaq bəzən baş verənləri anlamasa da, hər şeyi hiss edir. O, anasının niyə susduğunu, niyə ağladığını, niyə özünü müdafiə edə bilmədiyini sözlə ifadə etməyə bilər. Amma yaşadığı qorxu onun yaddaşında və emosional dünyasında iz buraxa bilər.

Belə mühitdə böyüyən uşaqlarda narahatlıq, özünəqapanma, aqressivlik, güvənsizlik və müxtəlif emosional çətinliklər yarana bilər. Daha təhlükəlisi isə odur ki, uşaq zorakılığı ailə münasibətlərinin adi bir hissəsi kimi qəbul etməyə başlaya bilər.

Ona görə də bir qadına “uşaqlarına görə dözməlisən” deməzdən əvvəl düşünmək lazımdır: Bəlkə də elə uşaqları qorumaq üçün bu vəziyyətə müdaxilə etmək lazımdır?

Uşağa yalnız ata və ananın eyni evdə yaşaması lazım deyil. Ona qorxmadığı, təhqir eşitmədiyi, özünü təhlükəsiz hiss etdiyi bir ev lazımdır.

zorakiliq

Bəzən qadının bədənində yara yoxdur, amma ruhu hər gün yaralanır

Zorakılıq yalnız fiziki zərbələrdən ibarət deyil. Bəzən qadının bədənində heç bir xəsarət görünmür, amma o, hər gün təhqir, alçaldılma, təhdid və psixoloji təzyiq altında yaşayır.

Onun kimlə danışacağına, hara gedəcəyinə, nə geyinəcəyinə, necə davranacağına başqası qərar verir. Telefonu yoxlanılır, dostları və yaxınları ilə münasibətləri məhdudlaşdırılır, işləməsinə mane olunur, maddi imkanları nəzarətdə saxlanılır.

Bütün bunlar bəzən “səni sevirəm”, “qısqanıram”, “səni qoruyuram”, “ailəmizi düşünürəm” kimi ifadələrin arxasında gizlədilir.

Amma sevgi insanı dostlarından, ailəsindən, arzularından və öz şəxsiyyətindən uzaqlaşdırmamalıdır. Qayğı adı altında göstərilən nəzarət, sevgi adı altında edilən təhdid, ailəni qorumaq adı ilə tətbiq edilən təzyiq sağlam münasibətin göstəricisi deyil.

Davamlı psixoloji zorakılıq qadının özünəinamını sarsıda, onu öz qərarlarına şübhə ilə yanaşdırıb, tədricən özünü dəyərsiz hiss etməsinə səbəb ola bilər. Bir müddət sonra o, qarşı tərəfin hər davranışını əvvəlcədən düşünür, onun əsəbiləşməməsi üçün sözlərini seçir, hətta öz istəklərindən belə imtina edir.

Ən ağrılı məqam isə budur: qadın bir gün öz həyatında necə yaşamaq istədiyini deyil, qarşı tərəfi necə qəzəbləndirməmək lazım olduğunu düşünərək yaşamağa başlayır.

 

Bəs niyə getmir? Bu sualı verməzdən əvvəl onun qorxularını anlayaq

Zorakılıqla üzləşən qadın haqqında danışarkən tez-tez “Madem bu qədər əziyyət çəkir, niyə ayrılmır?” sualı səslənir.

Amma heç kim bir qadının hansı şərtlərdə yaşadığını, hansı qorxularla üzləşdiyini və hansı seçimlər arasında qaldığını bilmədən bu sualın cavabını asanlıqla verə bilməz.

Bəlkə onun öz gəliri yoxdur. Bəlkə gedəcək yeri yoxdur. Bəlkə uşaqlarının gələcəyindən narahatdır. Bəlkə ayrılmaq istədiyini desə, qarşı tərəfin ona və ya övladlarına zərər verəcəyindən qorxur. Bəlkə də illərlə eşitdiyi təhqirlərdən sonra artıq öz gücünə inanmır.

Bəzən qadın qarşısındakı insanın dəyişəcəyinə inanmaq istəyir. Zorakılıqdan sonrakı üzrxahlıqlar, verilən vədlər, bir neçə günlük mehriban münasibət ona hər şeyin düzələcəyinə ümid verir. O, keçmişdəki xoş günləri xatırlayır və bəlkə də həmin günlərin yenidən qayıdacağını düşünür.

Buna görə də zorakılığa məruz qalan qadına “niyə getmirsən?” demək əvəzinə, “Sənə necə kömək edə bilərəm?” sualını vermək daha doğrudur.

Çünki bəzən bir qadının ehtiyacı olan şey ona həyatını necə dəyişməli olduğunu söyləmək deyil, bu dəyişikliyi edə bilməsi üçün yanında dayanmaqdır.

 

Bəzən bir insanın həyatı bizim bir cümləmizdən dəyişə bilər

Təsəvvür edin, bir qadın ilk dəfə yaşadığı zorakılıq haqqında danışmağa cəsarət edir. Bəlkə də bu, onun illərdir içində saxladığı ağrını bölüşmək üçün ilk cəhdidir. O, qarşısındakı insandan yalnız bir az anlayış, bir az mərhəmət və bir az dəstək gözləyir.

Amma eşitdiyi söz “Ailənin sirridir, heç kimə danışma” olur.

Həmin anda qadın bir daha susur. Bəlkə də uzun müddət heç kimə müraciət etmir. Halbuki ona deyiləcək “Sən günahkar deyilsən”, “Səni dinləyirəm”, “Tək deyilsən” sözləri onun üçün böyük əhəmiyyət daşıya bilərdi.

Zorakılığa məruz qalan qadına kömək etmək üçün mütləq mütəxəssis olmaq lazım deyil. Bəzən mühakimə etmədən dinləmək, onun yaşadıqlarını ciddiyə almaq, təhlükəsizliyini düşünmək və etibarlı dəstək mənbələrinə yönləndirmək ilk vacib addım olur.

Onun yerinə qərar vermək, tələsik addım atmağa məcbur etmək və ya vəziyyəti daha da təhlükəli edə biləcək müdaxilələr etmək doğru deyil. Əsas məqsəd qadının özünü təhlükəsiz hiss etməsinə və dəstək ala bilməsinə şərait yaratmaqdır.

Əgər zorakılıq təhlükəsi davam edirsə, etibarlı yaxınların, hüquq-mühafizə və sosial xidmət qurumlarının köməyinə müraciət etmək, fərdi təhlükəsizlik planı hazırlamaq vacibdir. Psixoloji dəstək də yaşanan travmanın təsirlərini aradan qaldırmaq və özünəinamı bərpa etmək baxımından əhəmiyyətlidir.

zorakiliq

Susqunluğun arxasında bir insan həyatı var…

Ailəni qorumaq qadının susması hesabına olmamalıdır. Ailənin dağılmaması naminə bir insanın hər gün daxilən dağılmasına göz yummaq olmaz.

Heç bir qadın evinin qapısını açarkən qorxmamalıdır. Heç bir ana uşaqları yatandan sonra səssizcə ağlamağa məcbur qalmamalıdır. Heç bir insan sevdiyi, həyatını bölüşdüyü şəxsin yanında özünü təhlükədə hiss etməməlidir.

Bəzən biz zorakılıqla üzləşən qadınları görmürük. Çünki onlar ağrılarını gizlədir, üzlərinə təbəssüm taxır, gündəlik həyatlarına davam edirlər. Bəzən yanımızda oturan, hər gün salamlaşdığımız, işə gedən, uşağını məktəbə aparan qadının evdə nələr yaşadığından xəbərimiz olmur.

Bəlkə də o, kömək istəmək üçün cəsarət toplamağa çalışır. Bəlkə də sadəcə bir nəfərin onu mühakimə etmədən dinləməsini gözləyir.

25 noyabr – Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü yalnız bir tarixi xatırlamaq üçün deyil, həm də özümüzə sual vermək üçün fürsətdir: Biz zorakılığa məruz qalan qadının yanında dayanırıq, yoxsa onu susmağa məcbur edənlərdən birinə çevrilirik?

Gəlin, bir qadının ağrısını “ailə məsələsi” adlandıraraq kiçiltməyək. Onun susmasını razılıq, dözməsini güc, göz yaşlarını isə adi hal hesab etməyək.

Bəlkə də bu gün kiminsə həyatında dəyişiklik etmək üçün böyük imkanımız yoxdur. Amma bir qadını dinləyə, ona inana, kömək istədikdə əlindən tuta bilərik. Onu qınamaq əvəzinə yanında dayana bilərik.

Çünki bəzən bir qadının həyatını dəyişmək üçün ona uzun nəsihətlər deyil, sadəcə bir insanın “Mən sənə inanıram və sənə kömək etmək istəyirəm” deməsi kifayətdir.

Zorakılıq ailənin sirri deyil. Susmaq isə çıxış yolu deyil. Heç bir qadın qorxu içində yaşamağa məhkum deyil.

 

Psixoloq Günel Maarifqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir