“Dieta saxlayıram, amma yenə pozuram…”
Bu cümləni bir çox insan özünü ittiham edərək deyir. Ardınca isə adətən belə fikirlər gəlir: “Məndə iradə yoxdur”, “özümü idarə edə bilmirəm”, “hamı bacarır, mən bacarmıram”. Halbuki qida davranışına yalnız iradə prizmasından baxmaq insan psixologiyasını və beynin işləmə mexanizmini nəzərə almamaq deməkdir. Çox vaxt problem zəif xarakterdə deyil, psixoloji aclıqda, emosional yüklənmədə və qadağa-effektində olur.
İnsan bədəni yalnız enerji ehtiyacı ilə yemir. Qida bəzən rahatlıq, təhlükəsizlik, sakitlik və emosional tənzimləmə vasitəsinə çevrilir. Stressli günün sonunda şirniyyat istəyi, sıxıntı zamanı davamlı nəsə yemək ehtiyacı və ya özünü boş hiss etdikdə yeməyə yönəlmək təsadüfi deyil. Beyin qidanı sadəcə kaloriyə görə yox, yaratdığı emosional təsirə görə də seçir.
Fiziki aclıq və psixoloji aclıq bir-birindən fərqlidir. Fiziki aclıq tədricən yaranır, insan müxtəlif qidalarla doya bilir və yeməkdən sonra rahatlıq hiss edir. Psixoloji aclıq isə qəfil başlayır, daha çox konkret qidalara — xüsusilə şirin, yağlı və yüksək kalorili məhsullara yönəlir. İnsan bəzən tox olduğu halda belə yeməyə davam edir. Yemək bitdikdən sonra isə rahatlıq yerini günahkarlığa verir.
Məhz burada “qadağa-effekti” ortaya çıxır. İnsan nə qədər sərt qaydalar qoyursa, beyin həmin qidaya bir o qədər fokuslanır. Özümüzə “şokolad yeməyəcəyəm”, “çörək tamamilə qadağandır”, “axşam 6-dan sonra yemək olmaz” dedikdə, beyin bunu təhlükə və məhdudiyyət kimi qəbul edir. Məhdudiyyət artdıqca istək də artır. Bir müddət insan özünü sıxır, amma sonra kiçik bir “pozuntu” bütün nəzarətin itməsi ilə nəticələnir. İnsan düşünür ki, artıq dieta pozulub və “madem pozdum, davam edim” prinsipi ilə həddindən artıq yeməyə başlayır.

Bu prosesin arxasında sinir sistemi də dayanır. Gün ərzində davamlı özünü nəzarətdə saxlamaq beyində ciddi yorğunluq yaradır. İnsan yalnız yeməyə yox, emosiyalarına, davranışlarına və düşüncələrinə də nəzarət etməyə çalışır. Xüsusilə mükəmməlliyyətçi insanlar üçün bu daxili təzyiq daha güclü olur. Beyin isə uzun müddət gərgin vəziyyətdə qala bilmir və ən sürətli rahatlıq yollarından birinə — qidaya yönəlir.
Burada sensor və emosional faktorlar da mühüm rol oynayır. Bəzi insanlar üçün qidanın dadı, qoxusu, teksturası və çeynəmə hissi sinir sistemini sakitləşdirən bir təsir yaradır. Xüsusilə uşaqlıqdan emosional rahatlıq yeməklə əlaqələndirilibsə, insan böyüdükdə də eyni mexanizmi davam etdirə bilər. Yəni bəzən insan ac olduğu üçün deyil, sakitləşmək üçün yeyir.
Ən böyük problemlərdən biri də insanların öz bədəninə qarşı sərt münasibətidir. Dieta pozulduqda insan özünü cəzalandırmağa başlayır: “sabah heç nə yeməyəcəyəm”, “özümü toparlamalıyam”, “yenə zəif çıxdım”. Halbuki bu yanaşma vəziyyəti daha da ağırlaşdırır. Günah hissi artdıqca emosional gərginlik artır, emosional gərginlik artdıqca isə yeməyə ehtiyac daha da güclənir. Beləcə insan eyni dövrənin içində qalır.
Sağlam qidalanma qorxu və qadağa üzərində qurulduqda davamlı olmur. Davamlı nəticə üçün insan əvvəlcə bədəninin siqnallarını tanımağı öyrənməlidir. “Mən indi həqiqətən acam?”, “yoxsa yorğunam?”, “özümü emosional olaraq boş hiss edirəm?”, “bu qədər sərt qaydalara niyə ehtiyac duyuram?” kimi suallar insanın özünü daha yaxşı anlamasına kömək edir.

Qida ilə münasibətdə əsas məqsəd nəzarət savaşından çıxmaqdır. Çünki insan öz bədəni ilə müharibə aparanda qalib tərəf olmur. Bədən cəzalandırıldıqca daha çox müqavimət göstərir. Balanslı yanaşma isə həm fizioloji, həm də psixoloji sağlamlığı qoruyur.
Unutmayaq ki, sağlam həyat tərzi yalnız çəki azaltmaq deyil. Sağlamlıq insanın öz bədəni ilə təhlükəsiz, anlayışlı və balanslı münasibət qura bilməsidir. Dieti pozmaq hər zaman iradəsizlik demək deyil. Bəzən bu, sadəcə beynin və sinir sisteminin “mən artıq çox yoruldum” demə üsuludur.
Gültəkin Səhhət
Psixoloq, sensor inteqrasiya üzrə təlimçi
(Mütəxəssislə psixoloq_gultekinsehet adlı instagram hesabı üzərindən və həmçinin 055 224 25 90 mobil nömrəsi vasitəsiylə əlaqə saxlaya bilərsiniz.)











































































































































































