yemeye ne var

Evdə sosiska hazırlamaq istəyənlər üçün dadlı resept - "YEMƏYƏ NƏ VAR?"

Baxış sayı: 530

Hazır sosiska və kolbasaların tərkibinə nəzarət etmək istəyirsinizsə, evdə hazırlanan toyuq sosiskası yaxşı alternativ ola bilər. Sadə ərzaqlarla hazırlanan bu resept həm doyumlu, həm də süfrədə uşaqların və böyüklərin sevə biləcəyi yeməklərdəndir. Beləliklə, “Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında məhz bu haqda danışacağıq.

 

Tərkibi:

300 qram toyuğun bud əti

300 qram toyuq filesi

2 diş sarımsaq

1 ədəd kök

1/2 ədəd çuğundur

Duz – zövqə görə

İstiot – zövqə görə

Qırmızı toz bibər – zövqə görə

Qızartmaq üçün kərə yağı

SOSISKA

Hazırlanması

Əvvəlcə toyuğun bud ətini və filesini kiçik hissələrə doğrayın. Kökü və çuğunduru da təmizləyib doğrayaraq bütün ərzaqları blenderə əlavə edin. Sarımsaq, duz, istiot və qırmızı toz bibər də əlavə olunduqdan sonra qarışığı bircinsli, yumşaq kütlə alınana qədər blenderdən keçirin.

Hazır kütlədən istədiyiniz ölçüdə hissələr götürün və streç film üzərinə yerləşdirin. Kütləni sosiska formasında sıx şəkildə bükün və uclarını möhkəm bağlayın.

Hazırladığınız sosiskaları qaynar suda təxminən 10–15 dəqiqə bişirin. Daha sonra streç filmdən çıxarıb tavada az miqdarda kərə yağında hər tərəfi qızılı rəng alana qədər qızardın.

Hazır sosiskaları çörəyin arasına yerləşdirin. Üzərinə zövqə görə ketçup və mayonez əlavə edərək servis edə bilərsiniz.

Evdə hazırlanan bu resepti zövqünüzə uyğun olaraq müxtəlif ədviyyatlarla da zənginləşdirmək mümkündür. Beləliklə, həm dadına, həm də istifadə etdiyiniz ərzaqlara özünüz nəzarət etmiş olursunuz.

 

İlahə Atəş




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir