Evlilik iki insanın həyatını birləşdirməsi deməkdir. Lakin bu birlik heç də o demək deyil ki, insan evləndikdən sonra öz fərdiliyini, şəxsi maraqlarını, dostluqlarını, arzularını və şəxsi sərhədlərini tamamilə kənara qoymalıdır. Sağlam evlilikdə “biz” olmaq qədər “mən” olaraq qala bilmək də vacibdir.
Bəzən cütlüklər evlilikdə yaxınlığı qorumaq üçün hər şeyi birlikdə etməyə, bütün qərarları birgə qəbul etməyə və hətta bir-birinin şəxsi həyatına tam nəzarət etməyə başlayırlar. İlk baxışda bu, bağlılıq və sevgi kimi görünə bilər. Lakin zaman keçdikcə tərəflərdən biri və ya hər ikisi öz fərdi ehtiyaclarının arxa plana keçdiyini hiss edə bilər.
Əslində sağlam münasibət “mən” və “biz”dən birini seçmək deyil, hər ikisinə yer ayırmaqdır.
“Biz” olmaq nə deməkdir?
Evlilikdə “biz” anlayışı tərəflərin özlərini bir komanda kimi hiss etməsidir. Ailə ilə bağlı mühüm qərarlarda bir-birinin fikrini nəzərə almaq, çətinliklər zamanı bir-birinə dayaq olmaq, ortaq məqsədlər müəyyənləşdirmək və münasibətin ehtiyaclarını qorumaq bu hissin əsasını təşkil edir.
Məsələn, maliyyə məsələləri, uşaqların tərbiyəsi, yaşayış yeri, ailə planları kimi mövzularda yalnız “mən nə istəyirəm?” sualını deyil, “bizim üçün hansı seçim daha uyğundur?” sualını da vermək vacibdir.
“Biz” hissi insanlara münasibətdə təhlükəsizlik və aidiyyət hissi verir. İnsan bilir ki, qarşısındakı yalnız həyat yoldaşı deyil, eyni zamanda onun həyat yolundakı tərəfdaşıdır.
Lakin problem “biz” anlayışının “mən”i tamamilə əvəz etməsi ilə başlayır.
Evlilik insanın fərdiliyini niyə yox etməməlidir?
İnsan evlilikdən əvvəl də öz maraqları, xarakteri, dostları, peşəsi, arzuları və şəxsi dünyası olan bir fərddir. Evlilik bu xüsusiyyətlərin yox olması deyil, iki fərqli insanın ortaq həyat qurmasıdır.
İnsan özünü yalnız həyat yoldaşı və ya valideyn rolu ilə müəyyən etməyə başlayanda zamanla emosional yorğunluq yarana bilər. “Mən kiməm?”, “Mən əslində nə istəyirəm?” kimi suallar ortaya çıxa bilər.
Ona görə də sağlam evlilikdə hər iki tərəfin özünə aid vaxtının olması, şəxsi maraqlarını davam etdirməsi, dostları və ailəsi ilə münasibətlərini qoruması normaldır.
Məsələn, həyat yoldaşlarından birinin idmanla məşğul olmaqdan, digərinin kitab oxumaqdan və ya dostları ilə görüşməkdən zövq alması münasibət üçün təhlükə deyil. Əksinə, insanın özünü yaxşı hiss etməsi onun münasibətə də daha sağlam şəkildə töhfə verməsinə kömək edir.
Bəs şəxsi sərhədlər münasibətdə uzaqlıq yaratmırmı?
Sağlam sərhəd ilə emosional uzaqlıq eyni şey deyil.
Sərhəd “səndən uzaq olmaq istəyirəm” demək deyil. Sərhəd “mənim də şəxsi ehtiyaclarım var və bunlara hörmət edilməsini istəyirəm” deməkdir.
Məsələn, insanın müəyyən müddət tək qalmaq istəməsi həyat yoldaşını sevmədiyi anlamına gəlmir. Həyat yoldaşının dostları ilə vaxt keçirməsi də ailəsindən uzaqlaşması demək deyil.
Əsas məsələ bu sərhədlərin necə ifadə edilməsidir. “Səninlə vaxt keçirmək istəmirəm” əvəzinə “Bu gün bir az tək qalmağa ehtiyacım var, sonra birlikdə vaxt keçirə bilərik” demək qarşı tərəfə daha aydın və təhlükəsiz mesaj verir.
“Hər şeyi birlikdə etməliyik” düşüncəsi
Bəzi cütlüklər münasibətdə yaxınlığı o qədər ön plana çəkirlər ki, ayrı fəaliyyət göstərməyi belə problem hesab edirlər. Birlikdə hər yerə getmək, bütün dostlarla birgə görüşmək, eyni maraqlara sahib olmaq və bütün qərarları birlikdə vermək məcburiyyəti yarana bilər.
Halbuki yaxın münasibət üçün tamamilə eyni olmaq lazım deyil.
İki insanın fərqli düşüncələrinin, maraqlarının və xarakter xüsusiyyətlərinin olması normaldır. Hətta müəyyən fərqlər münasibəti daha zəngin edə bilər. Əsas məsələ fərqlərin bir-birinə qarşı istifadə edilməməsi və tərəflərin bir-birinin fərdiliyinə hörmət etməsidir.
Qərarları necə bölüşdürmək olar?
“Mən” və “biz” balansının ən çox özünü göstərdiyi sahələrdən biri qərarlardır.
Ailəyə birbaşa təsir edən məsələlərdə qərarların bir tərəfin istəyinə əsasən verilməsi zamanla narazılıq yarada bilər. Digər tərəfdən, insanın həyatının hər bir xırdalığı üçün mütləq qarşı tərəfdən icazə almalı olması da sağlam münasibət göstəricisi deyil.
Burada əsas sual budur: Bu qərar yalnız mənə aiddir, yoxsa ikimizi də təsir edir?
Əgər qərar yalnız şəxsi maraqla bağlıdırsa, insanın müstəqil seçim etmək haqqı var. Əgər qərar ailənin büdcəsinə, uşaqlara, yaşayış şəraitinə və ya münasibətin gələcəyinə təsir edirsə, bunu birlikdə müzakirə etmək daha doğrudur.
Bir-birinin inkişafına imkan vermək
Sağlam evlilikdə tərəflər bir-birinin inkişafından qorxmamalıdır.
Həyat yoldaşının yeni bir təhsil almaq istəyi, peşəsində irəliləməsi, yeni bir bacarıq öyrənməsi və ya şəxsi məqsədinin olması münasibət üçün təhlükə deyil. Əksinə, bir-birinin inkişafını dəstəkləmək qarşılıqlı hörməti gücləndirə bilər.
Bəzən isə “Ailə qurduqdan sonra bunlara ehtiyac yoxdur” düşüncəsi insanın özünü reallaşdırmasının qarşısını alır. Xüsusilə qadın və kişinin ailə daxilində bütün diqqətini yalnız öhdəliklərə yönəldərək şəxsi inkişafını tamamilə dayandırması zamanla narazılıq və emosional tükənmə yarada bilər.
“Mən” çoxaldıqda nə baş verir?
Balansın digər tərəfi də vacibdir. Münasibətdə hər iki insan yalnız öz rahatlığını düşünür, bütün qərarları “mən belə istəyirəm” prinsipi ilə verir və ailənin ümumi ehtiyaclarını nəzərə almırsa, ortaq həyat qurmaq çətinləşir.
Evlilikdə şəxsi sərbəstlik vacibdir, amma bu sərbəstlik məsuliyyətsizlik demək deyil.
“Mənim həyatım, istədiyimi edərəm” yanaşması ailə daxilində etimadı və əməkdaşlığı zədələyə bilər. Burada məqsəd “mən”i qorumaqla yanaşı, “biz”ə qarşı məsuliyyəti də unutmamaqdır.
Balansı qorumaq üçün nə etmək olar?
Bunun üçün cütlüklər gündəlik münasibətlərində bir neçə sadə prinsipə diqqət edə bilərlər:
Bir-birinizin şəxsi vaxtına hörmət edin.
Ailə ilə bağlı mühüm qərarları birlikdə müzakirə edin.
Həyat yoldaşınızın şəxsi maraqlarını kiçiltməyin.
Öz ehtiyaclarınızı qarşı tərəfin düşünməsini gözləmədən açıq şəkildə ifadə edin.
Münasibətdə “sən həmişə” və “sən heç vaxt” kimi ümumiləşdirici ifadələrdən mümkün qədər uzaq durun.
Bir-birinizin dostluq və sosial münasibətlərinə hörmət edin.
Ailə məsuliyyətlərini yalnız bir tərəfin üzərinə yükləməyin.
Birgə vaxt keçirməklə yanaşı, ayrı-ayrılıqda keyfiyyətli vaxt keçirməyə də imkan yaradın.
Bir-birinizin məqsədlərini və inkişafını dəstəkləyin.
Mübahisə zamanı qalib gəlməyə deyil, problemi həll etməyə çalışın.
Ən əsası isə tərəflər özlərinə vaxtaşırı bu sualı verə bilərlər: “Mən bu münasibətdə həm özüm olaraq qala bilirəm, həm də ‘biz’ hissini yaşaya bilirəmmi?”
Sağlam evlilikdə insan özünü itirmədən yaxınlaşa bilir. Burada məqsəd iki insanın bir-birinə qarışaraq fərdiliyini itirməsi deyil, iki ayrı insanın ortaq həyat qurmasıdır.
Əslində “mən” və “biz” bir-birinin rəqibi deyil. Sağlam münasibətdə “mən” öz varlığını qoruyur, “biz” isə həmin iki insanın birlikdə yaratdığı güvənli və ortaq məkanı ifadə edir. Bu balans qorunduqda evlilik həm yaxınlıq, həm də fərdi azadlıq üçün sağlam bir mühitə çevrilə bilər.
Psixoloq Fazilə İnqilabqızı
Bu rubrika çərçivəvəsindəki məqalə Tərəqqi Akademiyasının maliyyə dəstəyi ilə çap olunur.













































































































































































