Dahi Avisennanın elmi əsərlərində küncüt yağının faydalı xüsusiyyətləri və onun tibbdə istifadəsi haqqında məlumat var.
Təbii küncüt yağı bir çox xəstəliklər və pozulmalar zamanı təbii müalicəvi vasitə kimi istifadə oluna bilər.
Küncüt yağı ürək-damar sisteminin fəaliyyəti üçün çox xeyirlidir. Küncüt yağı qan damarların divarlarını möhkəmləndirir və onların elastikliyini artırır, qanda “pis” xolesterinin səviyyəsini aşağı salır, qan təzyiqini normada saxlamağa kömək edir, qanın tərkibinə müsbət təsir edir.
Küncüt yağı qanın laxtalanması ilə bağlı olan bir çox xəstəliklər və pozulmalar zamanı (hemorragik diatez, trombopeniya və s.) sübut olunmuş müalicəvi təsir edir.
Küncüt yağının qəbulu ürəyin işemik xəstəliyi, hipertoniya, infarkt, insult, ateroskleroz, aritmiya kimi xəstəlikləri və pozulmaları zamanı müalicəvi təsir edir. Həmçinin bu xəstəliklərin profilaktikası məqsədi ilə də küncüt yağını istifadə etmək olar.
Küncüt yağı beyin damarların sıxılmasının (spazm) qarşısını alır, beyində qan dövranını yaxşılaşdırır və ümumillikdə beyinin fəaliyyətinə müsbət təsir edir. Belə hesab olunur ki, küncüt yağı qəbul edən insanlarda yaddaş, diqqət və təfəkkür qabiliyyəti yaxşılaşır.
Küncüt yağı bağırsaqlara yüngül işlədici təsir edir. Bu xroniki qəbizlikdən əziyyət çəkən insanlar üçün çox vacibdir. Küncüt yağı bağırsaqları təmizləyir, onları şlaklar, toksinlər, azad radikallar, ağır metalların duzları və digər orada yığılan ziyanlı maddələrdən təmizləyir.
Küncüt yağı mədə şirəsinin turşuluğunu azaldır. Bu səbəbdən küncüt yağı mədə və 12 barmaq bağırsağı xorası və həmçinin qastrit zamanı müalicəvi vasitə kimi istifadə oluna bilər.
Küncüt yağı qara ciyərin və öd kisəsinin fəliyyətini yaxşılaşdırır, ödqovucu təsir edir, öd daşı xəstəliyi profilaktikası üçün uğurla istifadə oluna bilər.
Küncüt yağı həmçinin qurdqovucu təsirinə də malikdir. Bu səbəbdən bu yağı uşaqların qidalanmasında istifadə etmək yaxşıdır.
Ağır xəstəliklərdən və güclü streslərdən sonra bu yağın qəbulu insan orqanizminin daha tez bərpa olunmasına kömək edir. Yorğunluq, zəiflik, yuxusuzluq zamanı küncüt yağı çox yaxşı kömək edir.
Küncüt yağı immun sisteminə də müsbət təsir edir. Soyuqdəymələr xəstəlikləri, öskürək, faringit, tonzillit (angina) zamanı küncüt yağının qəbulu sağalmanı tezləşdirir.
Küncüt yağı kalsium elementi ilə olduqca zəngindir. Bu səbəbdən bu yağı uşaqların, yaşlı insanların və hamilə qadınların qidalanmasında daha geniş istifadə etmək lazımdır. Küncüt yağı müalicəvi və müalicəvi-profilaktik massaj zamanı istifadə olunur (xüsusilə oynaq və sümük problemləri olan insanlarda və həmçinin körpə uşaqlarda).
Küncüt yağının tərkibində olan xüsusi maddələr güclü antioksidant təsirinə malikdir ki, bu yağın müntəzəm qəbulu orqanizmi cavanlaşdırır, orada gedən qocalma və dağılma prosesləri ləngidir.
Küncüt yağı yarasağaldan təsirinə malikdir, müxtəlif dəri xəstəlikləri (ekzema, psoriaz və s.), yanıqlar zamanı müalicəvi vasitə kimi istifadə olunur.
Küncüt yağı qadınların cinsiyyət sisteminə müsbət təsir edir, klimaks zamanı qadınların vəziyyətini yaxşılaşdırır, menstruasiya ağrıların azalmasına kömək edir.
Belə hesab olunur ki, küncüt yağının qəbulu kişilərdə potensiyanı yaxşılaşdırır, spermatogenez prosesinə (spermatozoidlərin istehsalı prosesi) müsbət təsir edir.
Küncüt yağı kosmetologiyada dərinin və saçların vəziyyətinin yaxşılaşdırılması üçün istifadə olunur. Bu yağ müxtəlif qidalandırıcı və cavanlaşdırıcı maskaların tərkibinə daxildir. Cavanlaşdırıcı maska: 1 çay qaşığı küncüt yağı, 1 çay qaşığı ərik yağı, 1/2 limonun şirəsi, 1/2 banan. Banan blenderdə əzilir və digər komponentlərlə qarışdırılır. Maskanı təmiz üz dərisinə çəkin, 15-20 dəqiqən sonra ilıq su ilə yuyun.
Saçları daha canlı, parlaq və sağlam etmək üçün saçların köklərinə bir qədər qızdırılmış küncüt yağı sürtün və 30 dəqiqədən sonra saçlarınızı yuyun.
Bütün bu faydalı xüsusiyyətlərinə baxmayaraq bəzi xəstəliklər və pozulmalar zamanı küncüt yağının qəbulu tövsiyə edilmir. Belə ki, küncüt yağı qanın laxtalanmasını artırır və bu səbəbdən varikoz xəstəliyi, tromboflebit və s. damar xəstəlikləri və bu xəstəliklərə meyillik zamanı küncüt yağının qəbulu tövsiyə edilmir. Bu yağ həm də allergik reaksiyalara səbəb ola bilər.
Beləliklə, müalicə məqsədi ilə küncüt yağından istifadə etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin.
Müxtəlif xəstəliklərin və pozulmaların müalicəsi və profilaktikası məqsədi ilə gün ərzində 1-2 xörək qaşığı təbii küncüt yağı qəbul etmək lazımdır. Küncut yağı tərəvəz salatlarına əlavə etmək və ya içmək olar. (saglamolun.az)