Adətən bir çoxumuz “mən adam tanıyanam” deyib öyünürük. Təbii ki, belə bacarıq durduq yerdə peyda olmur. Hətta daha artığını deyim: çalışaraq da buna nail olmaq müşkül məsələdir.
Məsələn, ilk görüşdə insanların düşdüyü inam və ya inamsızlıq tələləri var. Üz cizgiləri müəyyən formada olan adamlar, inam qazanmaqda bir addım öndə olur. Qəribədir deyilmi? Bu cizgilər barədə bir az sonra məlumat verəcəm. Əlavə olaraq biz keçmiş təcrübələrimiz əsasında da nəticələr çıxarırıq, amma araşdırılaraq öyrənilməyən təcrübə, gördüyü hər şeyi ümumiləşdirir və sonda səhvlər etməyə məhkum olur. Ümumiləşdirmənin məqsədi həqiqəti görmək deyil, beynimizin ekonom rejimdə işləməsidir.
Prinston universitetinin alimlərinin araşdırması göstərir ki, başqalarının bizdə güvən yaratması üçün, onların üz cizgilərinin müəyyən formada olması kifayət edir. Əsasən qaşların forması psixikamıza güclü təsir edir. Belə ki, qaşlar mərkəzə yaxınlaşdıqca yuxarı qalxırsa, biz həmin insanın daha saf və düzgün biri olduğunu alt şüurumuzla qəbul edirik. Yox, əgər əksinə, üzün mərkəzində qaşlar aşağıya doğrudursa və kənarlara yaxın yuxarı qalxırsa, ilk görüşdə beynimiz bizə “gözüm bundan su içmir” deyir.
Dodaqların da forması çox önəmlidir. Kənarları aşağı olan dodaqlar qətiyyən inam yaratmır və tam əksinə “U” formasında olan dodaqlar ən çox inam yaradan sayılırlar.
Bir də, gözlər. İri gözlər az qala hipnoz edici bacarığa malikdir. Belə reaksiya insanların uşaqlara olan münasibəti ilə sıx əlaqəlidir. Bildiyiniz kimi, gözlər doğuşdan yaşlanana kimi eyni boyda qalır və buna görə də uşaqlarda gözlər daha böyük görünür. Təkamül bizdə böyük gözlülərə qarşı isti hisslər yaradan mexanizm “düzəldib” ki, uşaqlara qarşı mülayim olaq və nəsil artımı daha sağlam və sürətli getsin. Bir çox alimlər, psixoloqlar məhz bu versiyanın tərəfdarıdır.
Üz cizgilərini “oxuyaraq” insanları tanımaq elmi fizioqnomika adlanır. Populyar elmi məqalələrdə və filmlərdə fizioqnomikadan istifadə edərək onu məşhurlaşdırıblar, amma bir məsələ var ki, ciddi elmi dairələrdə hər şey göründüyü qədər sadə deyil.
Məsələ burasındadır ki, hələ alimlər qərar verə bilmirlər ki, fizioqnomika elmdir yoxsa psevdo-elmdir. Araşdırmalar zamanı nəzəriyyələrlə reallıq arasında uyğunluqlar tapılsa da, bir çox məqamda subyektiv ön mühakimə ilə reallıq arasında olan cizgi o qədər hiss olunmaz olur ki, bir çox elm adamı bu araşdırmaları aparmaqdan çəkinir. Əlavə olaraq, çəkinmək üçün başqa səbəblər də var. Müasir dünya reallığında rasist, seksist və s. adların adama yapışdırılması, daha sonra isə iş və sosial aləmdə nüfuz itirmək qorxusu, aparılan araşdırmaların nəticələrini üzə çıxartmağa mane olur.
“İnsan tanımanın” elmi tərəfdən vəziyyəti barədə ona görə yazdım ki, hətta bu işlə məşğul olan alimlərin belə çətinliklərlə qarşılaşdığını bilək. Bizim illuzor öz güvənimizin (yəni “mən adamları tanıyıram” düşüncəsinin) iki baxımdan ziyanı ola bilər.
Birincisi – fırıldaqçılar bizdən rahat istifadə edə bilərlər. İkincisi – yaxşı insanları bilmədən üzə bilərik.
Məsələn, araşdırmalar göstərir ki, ilk baxışdan sonra insan haqqında gəldiyimiz nəticə beynimizdə o qədər möhkəm yer edir ki, daha sonra həmin adamın davranışlarında bu nəticəyə məntiqi olaraq uyğun olmayan şeylər görsək belə, ilk baxışın nəticəsi yenə də öz yerində qalır. Məntiqimizi belə desək “yola veririk” və irrasional davranırıq. İrrasional olaraq şirkətimizə mühasib qəbul edirik, çünki müsahibə zamanı onunla xoş söhbət edə bildik, o açıq və səmimi insan təəssüratı yaradırdı. Halbuki, bəlkə də şirkətin pullarını yeyəcək kandidat məhz bu idi və digər, üz quruluşu kobud, itici olan adam isə, ədalətli və işinə sədaqətli biri idi.
Bu xüsusiyyətimizə görə tələyə düşdüyümüz digər şey isə, reklamlardır. Google və Adroll şirkətləri online reklam posterlərində güvən yaradan insan fotoları istifadə ediblər. Daha sonra bildiriblər ki, reklam üçün model seçiminin məhz bu meyarlara uyğun olması, reklamın üzərinə olunan kliklərin sayını dəfələrlə çoxaldır.
Göründüyü kimi, alt şüurumuzun çıxardığı ilk nəticə bizi aldada bilər. Çətin vəziyyətə düşməmək üçün, istənilən emosional reaksiyanın məntiqi dayağını tapmaq lazımdır. İnsanlara güvən və inamsızlığın verəcəyi zərər demək olar eynidir. Başqalarının davranışlarını sorğulamağın vacib olması qədər, onların bizdə yaratdığı təəssüratın da sorğulanması önəmlidir. Əgər öz hissiyyatımızdan əmin olsaq, sorğulanma mərhələsi avtomatik olaraq yox olur və məğlub olma şansımız əlli faizə qədər qalxır.