ders

Kişi müəllimlərin azlığı hansı problemlərə yol aça bilər?

Baxış sayı: 576

Oğlan şagirdlər cinsi tərbiyədən kənar qalıblar. Təhsil naziri Emin Əmrullayev çıxışlarının birində gələcəkdə qadınların təhsildə çox olmasının problem yaradacağını qeyd edib. “Gələcəkdə qadınların təhsildə çox olması problem yaradacaq. Amma biz kişi müəllimlərin çox olmasını istəyirik”, – deyə nazir bildirib.

 

Bəs görəsən, kişi müəllimlərin azlığı hansı problemlərə yol aça bilər?

Kişi müəllimlər niyə azdır? – EKSPERT SƏBƏBLƏRDƏN DANIŞDI, ÇIXIŞ YOLU GÖSTƏRDİ » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Təhsil eksperti Kamran Əsədov bildirir ki, bu gün Azərbaycanın 4481 ümumtəhsil məktəblərində çalışan 149,602 müəllimin 71%-ni qadınlar, 29%-ni isə kişi müəllimlər təşkil edir. Ekspert deyir ki, əslində bu rəqəmlər vəziyyətin nə qədər təhlükəli olduğunu göstərir: ”Orta məktəblərdə kişi müəllimlərin azlığı şagirdlərin xarakterinin formalaşmasına ciddi şəkildə təsir göstərir. Yəni hal-hazırda təhlükə yalnız və yalnız təhsilin keyfiyyəti, dərsə davamiyyət və ən nəhayət, uşaq xarakterinin formalaşması ilə bağlıdır.

kamran esedov

Uşaqlar məktəbəqədər təhsil pilləsindən tutmuş, ali məktəbə qədər ancaq qadın müəllimlərin, evdə də analarının təsiri altında formalaşırlar ki, bu da onların xarakterinə təsirsiz ötüşmür.

Etiraf edim ki, bu gün müəllimlərin aldığı əmək haqqı onların aylıq xərclərini ödəmir. Biz 1980-ci illərə nəzər salsaq, görərik ki, bu rəqəm 50/50 vəziyyətindədir. Bəzi bölgələrimizdə isə kişi müəllimlərin say faizi daha üstün idi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, ölkədə baş verən hadisələr, Qarabağ müharibəsi, iqtisadi çətinlik müəllim kimi fəaliyyət göstərən böyük sayda kişini bu sahədən uzaqlaşdırdı. 1995-ci ildən sonra ölkədə sabitlik yarandıqdan sonra da müəllimin əməkhaqqının azlığı bu sahədən üz döndərən kişi müəllimlərin sayını azaltmadı.

Hazırda Bakıdakı orta məktəblərdə fəaliyyət göstərən müəllimlərdən 27 mini qadın, 3600-ü isə kişidir.

Müəllimlərin məvaciblərinin azlığı kişi pedaqoqların təhsil sahəsindən uzaqlaşmasına səbəb olur. İş o yerə çatıb ki, paytaxt məktəblərində hətta bədən tərbiyəsi və idman dərslərini də qadın müəllimlər tədris edirlər.

Sovet hakimiyyətinin ilk illərində Azərbaycanın kənd rayonlarında qadın müəllimlər yox dərəcəsində idi. Bu boşluğu doldurmaq üçün Rusiyanın müxtəlif bölgələrindən, eləcə də paytaxt Bakı şəhərindən yerlərə kütləvi şəkildə qadın müəllimlər göndərirdilər.

Müəllim kimi yeni işə başlayan gənc, təbii ki, bu maaşla dolana bilməyəcəyinin fərqindədir və müəllimlik diplomunu bir kənara atıb, normal maaşlı iş axtarmağa məcbur olur”.

K.Əsədovun sözlərinə görə, dünyanın bir çox inkişaf etmiş ölkələrində uşaq bağçalarında tərbiyəçi qadın yoxdur.

Uşaqları yalnız kişilər tərbiyə edirlər: ”Kişilərin tədrisə və uşaqların tərbiyə prosesinə yanaşması isə fərqlidir. Bunu müxtəlif cür izah etmək olar. Qadınlar bu məsələdən inciməməlidirlər. Bu göstərici onların kişilərdən xarakter baxımından zəif olmaları və ya kişilərdən aşağı səviyyədə tədris etmələri kimi qəbul edilməməlidir. Dünyada bu proses belədir. Hansı ölkələrdə ki, kişilərin sayı qadınların sayından üstündür, bu, təhsilin keyfiyyətinə müsbət mənada təsir edir”.

Ekspert hesab edir ki, kişi müəllimlərin təhsilə cəlb edilməsi üçün stimullaşdırıcı tədbirlərə ehtiyac var: “Sovet hakimiyyəti dövründə müəllimin böyük güzəşt və imtiyazları var idi, nəqliyyat xərcləri də daxil olmaqla, digər kommunal ödənişlərdən azad idi. Dövlət büdcəsinin vəsaiti hesabına hər il istirahət mərkəzlərinə, sanatoriyalara göndərilirdi. Əlbəttə ki, Sovet hakimiyyəti sosialist ölkə idi, indi isə kapitalizm dövrüdür. Lakin bir çox ölkələrdə müəllimin dövlətin kadr potensialının gücləndirilməsi, formalaşdırılmasında xidmətini nəzərə alaraq, yüksək əməkhaqqı ilə yanaşı, güzəşt və imtiyazlar saxlanılıb.

Hesab edirəm ki, bu sahəyə yenidən kişi müəllimlərin cəlb edilməsi üçün zəruri olan addımların önündə müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi dayanır. Bundan başqa, dövlət büdcəsinin vəsaiti imkan vermir ki, müəllimin əməkhaqqı ciddi şəkildə artırılsın. O zaman, müəllimi müəyyən olunmuş xərclərdən azad etmək lazımdır. Yəni müəllim işıq, qaz, su kimi xərclərdən azad edilməlidir ki, aldığı az əməkhaqqını sosial rifahına yönəldə bilsin.

Bu gün müəllim gözünün işığını, sağlamlığını xalqın gələcəyinə sərf edir, ona ciddi şəkildə diqqət ayırmaq lazımdır. Azı hər altı aydan bir müəllimlərin pulsuz və yüksək səviyyədə tibbi xidməti həyata keçirilməlidir. Bilirsiniz, müəllimə müqəddəslərə göstərdiyimiz ehtiramı göstərməliyik, səfirlərə verilən təhlükəsizlik və toxunulmazlığı həm də müəllimə verməliyik, deputata verilən əməkhaqqını müəllimə verməliyik.

Cəbhəyanı ərazilərdə fəaliyyət göstərən müəllimlərin əməkhaqqı şəhərdə çalışanlarla müqayisədə iki dəfə çox verilməlidir.

Çünki ölkədə fəaliyyət göstərən hər bir vətəndaşı yetişdirən, formalaşdıran müəllimdir”.

elnur rustemov

Psixoloq Elnur Rüstəmov da bildirir ki, bu gün məktəblərdə kişi müəllimlərə böyük tələbat var: “Müəllim şagird üçün bir nümunə modelidir. Bu gün şagirdlər üçün bu nümunə modeli qadın müəllimlərdir. Ən pisi isə odur ki, oğlan şagirdlərin inkişafına da bu nümunə təsir edir. Məktəb təkcə bilik vermir. Həm də tərbiyə verir. Uşaqların əksər davranışları ətrafdakı nümunələrdən formalaşır. Onlar isə nümunə kimi qadın müəllimləri görürlər”.

Psixoloq deyir ki, nazir incəlikləri açıqlamasa da, bu gün məktəblərdə kişi müəllimlərə ciddi ehtiyac var.

“Nazir bu problemi incəliklərinə qədər açıqlaya bilmir. Amma danılmaz faktdır ki, bu gün qadın müəllimlərin davranışı oğlan uşaqlarına yansıyır. Uşaq yaşında, yeniyetmə yaşda oğlan uşaqlarının təkcə qadın müəllimlərlə ünsiyyətdə olması onların formalaşan xarakterinə təsir edir. Bu məsələdə məktəblərdə balansı qorumaq lazımdır”.

Bundan başqa, psixoloq kişi müəllimləri təhsilin keyfiyyətinə, məktəbdə nizam-intizama da təsir göstərdiyini söyləyir: “Kişi müəllimlər daha zəhmli olurlar. Bu dərsin keyfiyyətinə, davamiyyətə təsir edir. Bəzən yeniyetmə yaşda şagirdlər qadın müəllimlərdən o qədər çəkinmir. Amma kişi müəllim görəndə davranışlarını tənzimləyirlər. Kişi müəllimlərin təhsildə iştirakı oğlanların qadınlarla ünsiyyətinə də təsir edir. Onlar bu məsələdə kişi müəllimdən nümunə götürürlər. Ümumiyyətlə psixoloji aspektdən kişi müəllimlərin təhsildə iştirakı çox vacibdir. Bu onlarda kişi xarakterinin düzgün formalaşmasına təsir göstərir”.

E.Rüstəmov deyir ki, kişi müəllimlərin oğlanların cinsi tərbiyəsinə də müsbət təsiri var.

 

Zülfiyyə Quliyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir