Son aylarda ölkədə dəhşətli cinayətlərin, kütləvi davaların sayı artıb. Ailə-məişət zəminində baş verən qətllər, cinayətlər daha əvvəlki illərə nisbətən artıb. Habelə, vətəndaşlar arasında elementar səbəblərdən baş verən davalar da çoxalıb. Hətta bu yaxınlarda toyu olan bəy belə məclis iştirakçısını bıçaqlayıb, bir neçə gün öncə paytaxtda qadınlar arasında kütləvi dava düşüb.
Son olaraq avqustun 1-də saat 10 radələrində Astara rayonu Çürkəş kəndində evlərin birində 1952-ci il təvəllüdlü Qubad Cümşüd oğlu Əliyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən onun oğlu, 1977-ci il təvəllüdlü Rəşad hadisə yerindən uzaqlaşıb.
Belə hallar günbəgün artır və ilkin müşahidələr, ətrafımızda, küçədə, ictimai yerlərdə, yollarda gördüklərimiz də onu deməyə əsas verir ki, insanlar çox aqressiv, güzəştsiz və nəzakətsiz davranır. Ümumiyyətlə, cəmiyyətdə mədəni davranış səviyyəsi ürəkaçan deyil.
Postmüharibə, postpandemiya dövründə insanların əsəbləri sanki daha da tarıma çəkilib, amansız və qisasçı olublar. Əksər hadisələri araşdıranda bəlli olur ki, kiçik anlaşılmazlıq üzündən böyük cinayətlər baş verir.
Bəs cəmiyyətdə davranış mədəniyyəti niyə getdikcə korşalır? Bunun psixoloji, sosioloji səbəbləri nədir? Niyə mehriban, sivil davranışa keçid ala bilmirik?
Deputat: “Cəmiyyətdəki aqressiya probleminin düzələcəyini düşünmürəm, çünki…”
Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa aşağıdakıları dedi: “İlk növbədə bu məsələnin kökünü Azərbaycan cəmiyyətinin mental xüsusiyyətlərində, mifologiyasında, din anlayışında axtarmaq lazımdır. Məsələn, yaşadığımız din, təbii ki, burada İslam dinindən söhbət getmir, insanlara bəri başdan daha çox aqressiya aşılayır. Nəticədə insan bir tərəfi düşmən obrazında görməyə maraqlı olur və buna adət edir.
Digər tərəfdən, bizim sosial dayanıqlığımız zəifdir. Məsələn, kiçik bir hadisə olanda biz artıq həyatın bitdiyini düşünürük. İstər varlısı, istərsə də kasıbı olsun, pula, mal-dövlətə hərislik kifayət qədər güclüdür və bunun özü də təsiredici amillərdən biridir. Nəsə çatmayanda insanlar artıq aqressivləşir, şüurlu davranmağa meyl etmir”.
Millət vəkili təhsildəki bəzi çatışmazlıqların da cəmiyyətə mənfi təsir etdiyini qeyd edir: “Təhsilsizlik də öz təsirini göstərir. Yəni, bizdə əslində imitasiya təhsilidir. Təhsilin məqsədi, hədəfi demək olar ki, yoxdur. Təhsil insan yetişdirməli, dəyərlər aşılanmalıdır. Biz isə sadəcə pafosla vətənpərvərlik adı ilə dəyərlər aşılayırıq, amma insanpərvərlik adı ilə heç nə aşılaya bilmirik. Ailədə də bu dəyərlər olmayanda insan tamamilə sıradan çıxmış olur.
Beləliklə, cəmiyyətdə aqressiyanın, qətllərin, müəyyən kriminal davranışların artmasına bu cür komponentlər təsir edir ki bunun da qarşısını yalnız hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə almaq mümkün deyil. Hüquq-mühafizə orqanları hansı iş görürsə görsün, cəmiyyətimizdə gedən neqativ proseslər öz həllini tapmadığı təqdirdə bunun, heç bir mənası qalmır. görülən işlət nəticəsiz olur.
Ona görə də bu məsələdə ümidverici bir fikir söymək çətindir. İnsanın aqressiyası nə zaman azalır? Yalnız müəyyən bilgili olanda, kitab oxuyanda, mütaliə edəndə. İnsan bilgili olanda dərk edir ki, etdiyi hərəkət doğru deyil. Lakin tutaq ki, hansısa gənc, uşaq fəlsəfəni öyrənmir, düşüncə sistemi çalışmır, bu zaman yalnız sadəcə vərdiş etdiyi, başqasından götürdüyü hansısa adətləri, ənənələri yaşadır. Məsələn, universitetdə kriminal mahnılar oxudur, amma himnimiz səslənəndə ona diqqət göstərmir.
Açığı, bu məsələlərin düzələcəyini düşünmürəm. Dövlət siyasəti bu məsələdə kifayət qədər geridə qalır və əhatə edə bilmir. Bu da bizim üçün gələcəkdə böyük bir narahatçılıq yaradacaq amillərdən birinə çevriləcək”.
Ekspert: “Hansısa münaqişə yaranarsa, mütləq şəkildə tərəflərdən biri susmalıdır, əks təqdirdə… ”
Psixoloq Aytən Ələkbərova isə mövzuya bu cür şərh bildirdi: “İlk olaraq onu qeyd etmək istəyirəm ki, insanlarda aqressiya əsasən yuxusuzluqdan əmələ gəlir. Məsələn, indi insanların böyük əksəriyyəti gecə saatlarına qədər sosial şəbəkələrdə, canlı efirlərdə olur, izləyir, bu zaman hansısa situasiyalardan qıcıqlanır, əsəbiləşir, bu da təbii ki, onun yaşayış tərzinə də təsir göstərir, öz hirsini bəzən evdəkilərdən alır və sairə. Beləliklə, gecə normal yuxu yatmayan insanlar səhər yuxudan ayıla bilmir və hirsini ətrafdakı insanlardan çıxır, gün ərzində aqressiya nümayiş etdirir, hətta fiziki güc də göstərir.
İkinci tərəfdən, ailədə qadınların deyinməsi də psixoloji zorakılığa gətirib çıxarır ki, bəzən kişilər bunun qarşısını fiziki zorakılıqla almağa çalışır. Amma düşünmək lazımdır ki, qadın niyə deyinir, buna səbəb nədir? Əsas səbəblərdən biri də budur ki, əksər qadınlar hər kəsi olduğu kimi görmək istəyir ki, bu da mümkün olan bir şey deyil. Çünki insanlar həm sosial, həm də bioloji varlıqdır. Biz sosial varlığımızı düzgün təqdim edə bilmədikdə, bu özünü ailə daxili münaqişələrdə göstərir. Məsələn, evdə özünü təqdim, təsdiq edə bilməyən şəxs bunu iş yerində, kənarda və yaxud sosial şəbəkələrdə etməyə çalışır, sanki bir “şirə” çevrilir.
Ailədə hansısa münaqişə yaranarsa, mütləq şəkildə tərəflərdən biri susmalıdır. Susmadıqda münaqişə daha da böyüyür, tərəflər bir-birini başa düşmək istəmir. Susanda isə müəyyən vaxtdan sonra münaqişənin qarşısını tədricən almaq, qarşındakı insana sözlərlə məsələni izah edib, problemi tənzimləmək olur. İnsan nə qədər danışarsa, söhbət edərsə bir o qədər baş verəcək münaqişənin qarşısını almaq olur.
Bir az öncə mətbuatdan oxudum ki, 1967-68-ci il təvəllüdlü qardaş öz bacısını yumruqla vurub öldürüb. Sual olunur ki, ailədə nələr baş verib ki, söhbət artıq yumruq davasına qədər gəlib, çatıb. Təsəvvür edin, 55-56 yaşlı insanlardır və biz deyə bilmərik ki, burada əxlaqi, namus məsələsi ortaya çıxıb, ona görə də qardaş bacısını vurub, öldürüb. Demək ki, zaman-zaman hansısa problemi və yaxud problemləri danışaraq həll etməyə çalışmayıblar, nəticədə bu cür hadisəyə qədər gəlib, çıxıblar”.
Xalidə GƏRAY