erken nikah

“Erkən nikah: Məsuliyyətsiz addım və insan hüquqları

Baxış sayı: 162

Yetkinlik yaşına çatmamış uşaqların evləndirilməsi, onların fiziki, psixoloji və sosial inkişafına ciddi ziyan vura biləcək bir məsələdir. Həmin yaş qrupundakı uşaqların cins və intellektual imkanları tam inkişaf etməyib. Bu səbəbdən onların özlərini qorumaq və inkişafını dəstəkləmək əsas prioritet olmalıdır. Bu yaş qrupuna aid uşaqların evləndirilməsi praktikası hüquqi və etik normativlərə də qarşıdır.

Müstəqil Həmkarlar ictimai birliyinin sədr müavini Əhməd Rəhmanov bildirir ki, bu məsələ ilə bağlı təməl problemlərdən biri məhz sosial rifahdır: “İlk növbədə ölkədə sosial rifah qalxmalıdır. Azyaşlıların ailə qurması hallarına, əsasən, rayon yerlərində rast gəlinir. Valideyn qızına təhsil verib işlə təmin etmək əvəzinə, bir az pulu olan adam tapan kimi onu evləndirir ki, qızı heç olmasa bir tikə çörək sahibi olsun. Bakı və ətraf rayonlarda yaşayan camaat, kasıb təbəqə azdan-çoxdan iş tapır, qız övladını oxutdurmağa müəyyən qədər pulu olur (Repetitor pulu, məktəb pulu və s.). Rayonlarda isə Bakıda olduğu qədər iş yeri yoxdur. Deməli, onlar həyatda primitiv icma quruluşu ilə yaşayır. Odur ki, övladı oxutdurmalı və ən əsası ona iş yeri verməliyik”.

Məsələnin psixoloji tərəfinə isə psixoloq Aytən Ələkbərova öz sözləri ilə açıqlıq gətirdi: “Biz nə qədər erkən evliliyə yox desək də, təəssüflər olsun ki, hələ də ölkəmizdə erkən evliliklər həyata keçirilir. Bu gün biz sosial verilişlərdə şüuru tam kəsmədiyi, məsuliyyəti tam dərk etmədiyi halda edilən erkən evliliyin bəlalarını görürük. Tarixçəyə nəzər saldıqda görürük ki, bu, bir neçə il bundan öncənin fəsadıdır. Bizim verdiyimiz psixoloji məsləhətlər yəqin ki, özünü növbəti 10 ildə göstərəcək. Ümumiyyətlə, insan şüurunun əsas 3 funksiyası var: “Konqitiv, tənzimetmə və kommunikativ (birbaşa məlumat vermək). Psixoloji tədqiqatlar da bunu göstərir ki, həmin funksiyalar bu və ya digər formada psixi inkişafın bütün mərhələlərində özünü göstərə bilir. Burada fərdi şüur hər şeydən əvvəl nəzərdə tutulduğuna görə şüurun əmələ gəlməsi və inkişafı onların keyfiyyətcə yeni xüsusiyyətini kəşf etməsinə gətirib çıxarır. Deməli, biz, ilk növbədə, şüurumuzu düzgün formada inkişaf etdirməliyik və inkişaf edən şüura görə övladlarımızı böyütməliyik. Bu prosesdə unutmamaq lazımdır ki, artıq övladımız Z qurşağı nəslinin nümayəndəsidir”.

Məsələnin hüquqi tərəfi isə hüquqşünas Səadət Bənənyarlı tərəfindən aydınlaşdırıldı: “Qanunvericilikdə yetkinlik yaşına çatmamış şəxslərin nikaha daxil olması qadağandır. 18 yaşından sonra vətəndaş qaydalara və hüquqlara malik olur. Həmin şəxslər ərizələr və digər sənədləşmə ilə nikaha daxil ola bilərlər.
Yetkinlik yaşına çatmayıb, ancaq əlahiddə vəziyyət yaşanarsa, müvafiq icra hakimiyyətləri, Vətəndaş Vəziyyətləri Aktlarının Qeydiyyatı idarəsi kimi yerlərdə icazə verilə bilər. Elə hallar olur ki, müxtəlif şeylər nəzərə alınaraq icra hakimiyyətləri buna icazə verir. 17 yaş və ondan kiçik heç kim nikaha daxil ola bilməz. Bunun əksinə hər hansı bir addım atılırsa, hətta icazəsiz olaraq belə bir nikah bağlanırsa, həmin şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə cinayət xarakteri daşıyırlar. Bunun üçün məsuliyyət daşıyırlar və cəzalandırılırlar.
Hətta bugünkü gündə cəzaçəkmə müəssisələrində bəzi məhkumlar var ki, onları insan oğurluğu ilə günahlandırmaq olar. Hansı ki, onlar həddi-büluğa çatmamış qızı qaçırırlar və yaxud onu cinsi əlaqəyə məcbur edirlər. Bu vəziyyət məcəllədə öz əksini tapıb. Əlahiddə başqa addımlar atılıbsa, bunun üçün də məsuliyyət daşınır. Belə vəziyyətdə əlavə olaraq qarşı tərəfin valideynləri də məsuliyyət daşıyırlar.
Nəzarət isə təbii ki, vətəndaş cəmiyyətində və polisdədir. Hətta bu məsələ ilə bağlı məktəblərin, tədris ocaqlarının üzərinə də məsuliyyət düşür. Məktəbin idarə heyəti tam dəqiq müəyyən edə bilir ki, kim məktəbə gəlir, hansı uşaqlar dərsdən yayınır, nə üçün yayınır və s. Hətta yaxın zamanlarda məktəblərin birində sinif rəhbərinin diqqəti nəticəsində bir qız uşağı valideynləri tərəfindən evləndirilməkdən xilas edildi. Sinif rəhbərinin aktivliyi nəticəsində həmin qız uşağı bu gün təhsilinə davam edə bilir.
Yenə də bu işdə həmin şəxslərə, qızlara kömək, birinci növbədə, vətəndaş cəmiyyətindən, daha sonra da aidiyyatı strukturlardan gözlənilir”.

 

Özləm Quliyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir