Sr

Cənubi Koreyada təhsil alan həmyerlimiz: ” İndi deyəcəklər ki, filankəsin oğlu…” – “TƏLƏBƏ BİLETİ”

Baxış sayı: 4. 895

Xaricdə təhsil alan gənclərimizi sizə tanıtmaqda, onlarla fikir mübadiləsi etməkdə davam edirik.  “Tələbə bileti”nin budəfəki qonağı Cənubi Koreyanın “Hankuk University of Foreign Studies” adlı universitetində tələbə proqramı ilə təhsil alan Azərbaycan Dillər Universitetinin 3-cü kurs tələbəsi Samran Rəhimovdur.

 

– Bildiyimiz qədəri ilə təhsilinizi tələbə proqramı ilə Cənubi Koreyada davam etdirirsiniz. Necə oldu ki, Cənubi Koreyada oxumağa qərar verdiniz?

–  Düşünürəm ki, hər bir abituriyentin arzusu gələcəkdə yaxşı bir universitet və ya hansısa xarici bir ölkədə təhsil almaqdır. Amma əgər ən ucqar kənd məktəblərinin birində oxuyursansa, arzularının sərhədləri bir az daralır. Mən də onlardan biri idim. Orta məktəb illərində bir gün Koreyada təhsil alacağımı mənə desəydilər, gülərdim bəlkə də. Amma özümə həmişə inamım var idi və nə vaxtsa çoxunun edə bilməyəcəyi nələrisə edə biləcəyimə inanırdım. Bəlkə də o inam məni bura gətirdi. Çox uzun və əziyyətli bir yoldan sonra qəbul imtahanı verib universitetə daxil oldum. Dünyanın ən xoşbəxt insanı idim. Eyni zamanda, bütün kəndin diqqət mərkəzində olan biriydim.  Çünki sabahdan hər kəs danışacaqdı: “Filankəsin oğlu Bakıda instituta girib”… Qəbuldan sonra dayımın da məsləhəti ilə Koreya dilini seçməyə qərar verdim. Və oxuyarkən Koreyaya marağım daha da artdı. Bir müddət sonra eşitdim ki, imtahan balları ən yüksək olanları dövlət göndərir Koreyaya. İlk smestr edə bilməsəm də,  ikinci smestr bacardım və artıq mən Koreyadayam. Bilirsiniz ki, Azərbaycanda  Çin, Yaponiya və Koreya kimi ölkələrə “Kitay” deyən  xeyli adam var.  İndi deyəcəklər ki,  filankəsin oğlu “Kitay”da oxuyur ” (gülür-red)

– Maraqlıdır, Cənubi Koreyaya yollanmazdan öncə hansı təəssüratlarınız var idi və orda olduğunuz müddətdə bu ölkə sizdə hansı fikirləri formalaşdırdı?

– 18 ildə bir dəfə də rayondan kənara çıxmayan mən Bakıya belə doğru- dürüst öyrəşə bilməmiş Koreyaya gedəcəkdim. Əvvəllər Koreyada necə yaşayacağım haqqında çox narahat idim. Hər şey Azərbaycandan ən az 5-6 dəfə baha bir ölkədə. Üstəgəl, insanların mənə olacağı reaksiyalarından və s. Sonda hər şeyi, düşünməyi kənara qoyub gəldim. Bu gəlməyimdə dayımın da böyük rolu oldu. Axı ucqar bir kənddə yaşayan biri Koreyaya qədər necə getsin?!  Təkcə bilet pulu bizim kənddə 7 ailənin bir aylıq xərcliyidir. Gəldikdən sonra bütün fikirlərim dəyişdi. Və qərara gəldim ki, dünyanın ən səmimi, mehriban, mədəni və s. insanları burda yaşayır.

S1

– İlk baxışdan Cənubi Koreya Azərbaycan arasında xeyli fərqlər var. Onlarla hansı dəyərləriniz ortaqdır, hansıları isə hələ ki, qəbul edə bilmirsiniz?

– Mədəniyyətlərimiz arasında oxşarlıqlar  var amma fərqlər daha çoxdur. Burda da böyük-kiçik münasibətlərinə çox üstünlük verilir. Çox ailələrdə hətta uşaqlar valideynləri ilə “-siz”lə danışırlar. Amma mənim fikirimcə, əsas fərq mədəniyyətlər deyil insanlar arasındadır. Məsələn:  Koreyalılar dünyanın ən “open mind” xalqlarından biridir. Azad yaşayırlar. İstədikləri hər şeyi istədiyi zaman edə bilirlər. Bir koreyalının mənə dediyi kimi: “Din inkişafa mane olur”.  Koreya dini kənara qoyub insanları ilə birlikdə inkişaf edir. İndi hardasa bizdən 40-50 il öndədirlər. Fikirimcə,  mənimlə razılaşan çox adam olacaq.

– Bizim mətbəxlə Cənubi Koreya mətbəxi arasında ciddi fərq var. Məsələn, əksəriyyət hesab edir ki, onların menyusunun əsasını it əti təşkil edir. Yemək məsələsi sizin üçün nə qədər çətindir?

Hələ Bakıda oxuyanda belə rayona gedəndə Koreya dilini oxuduğumu öyrənən hər kəsin ilk sualı bu olurdu: ” İt, qurbağa yeyirsizmi?”. Artıq o qədər öyrəşmişdim ki,  bu suala hər soruşulanda “hə” deyib suallardan qaçırdım. Azərbaycanda insanlar çinli, yapon və koreyalıları “kitay” adı altında birləşdirib hər gözü qıyığın it əti yediyi fikrini beyninə yerləşdirib. Əslində, Koreyanın möhtəşəm mətbəxi var. Amma tək mənfi cəhəti acı olmağıdır. Çünki koreyalılar düşünür ki, acı yemək ömrü uzadır. Acısız yemək tapmaq  bir az çətindir. Amma daha öyrəşmişəm.

– Yəqin burda olanda evə gəlirdiniz ki, hər şey hazırdır və sadəcə, bir az “əziyyət çəkib” yeyib-içmək qalırdı. Orda necədir vəziyyət? Ərzaq alış-verişi, yemək hazırlamaq, evi səliqəyə salmaq – bu məsələləri necə həll edirsiniz?

– Düzü, oğlanlar üçün ev işləri heç də asan olmur. Amma mən artıq Bakıda olanda bu çətin və məşəqqətli mərhələni adladım. Bakıda öyrəşdiyim üçün Seulda o məsələlər problem yaratmır. Artıq yemək də bişirə bilirəm. Boşuna deməyiblər: “Dünyanın ən yaxşı aşbazları kişilərdir”.

– Aylıq xərclər kəllə-çarxa çıxanda vəziyyətdən necə çıxırdınız? Yoxsa belə hallara qarşı hansısa respetiniz var idi?

– Cənubi Kareyada tələbə proqramı ilə oxuduğumdan ilk altı ay ərzində yemək və gəzinti xərcləri istisna olmaqla qalan bütün ödənişlər dövlətimiz tərəfindən ödənilmişdi. Son iki ayda isə artıq xərclərimizi özümüz qarşılayırıq. Təbii ki, ilk dövrlərlə müqayisədə indi nisbətən çətindir. Yəqin ki, burdakı qiymətlərdən, bahalıqdan özünüz də xəbərdarsınız.

S6

 

– Əcnəbilər Azərbaycanı tanıyırmı? Ölkəmiz haqda hansı informasiyalara malikdirlər? Bizə münasibətləri necədir? Maraqlıdır, bizi Şərq, Asiya ölkəsi kimi yoxsa avropalı kimi qəbul edirlər?

Keçmiş Sovet Respublikaları, əksər Asiya ölkələrindən olan tələbələr demək olar ki, tanıyır. Məncə, ölkəni Avropada tanıtmaq haqqında düşünmək lazımdır. Bəzən amerikalı, fransız və ya bir ingilislə danışanda çox vaxt tanımırlar.  Azərbaycan haqqında sual verənlərə isə çox gözəl cümlələrlə cavab verirəm. Məsələn, Müsəlman şərqində ilk demokratik resbublikası.

– Cənubi Koreyada gördüyünüz hansı xüsusiyyətlərin ölkəmizdə olmasını istərdiniz?

İlk istəyəcəyim şey bütün universitetlərin böyük yataqxanalarının olmasıdır. Xaricdə bizi təmsil edəcək brend(lər)imiz olmasını da istəyərəm. Nə olması fərq eləmir. Əsas odur adı çəkiləndə hər kəs Azərbaycan haqda düşünsün. Məsələn, yarpaq dolması ya da qutab fərq eləmir. Türklərin dönəri kimi. Tələbələr üçün “part time” iş imkanları yaradılsın ki, hər bir tələbə dərsdən sonra 4-5 saat işləyib həm pul qazansın,  həm də vaxtını daha yaxşı şeylərə sərf etsin. Turizmin inkişafı üçün çox ciddi işlər görülməlidir. Koreyada turizmdən gələn illik gəlir Azərbaycanın neftdən əldə etdiyi gəlirdən çoxdur. Koreyada addımbaşı 24 saat işləyən marketlər var hansı ki A-dan Z-ə hər şeyi tapa bilərsiniz. Məncə, bizdə də olsa, pis olmaz.

Koreyada hər yerdə siqaret çəkmək olmaz. Siqaret üçün xüsusi yerlər var. Qaydanı pozanlar ciddi şəkildə cəzalandırılır. Cəriməsi 80.000 vondur. ( Təqribən 125 AZN) Yolda gedərkən də zibil ata bilməzsiniz. Əks halda cərimə ödəməlisiniz. Əslində, siyahını uzatmaq da olar, amma  yəqin bu qədər bəs edər (gülür-red)

– Cənubi Koreyada olduğunuz müddətdə yəqin elə hadisələr olub ki, indinin özündə də xatırlayanda gülməyə bilmirsiniz.

Təkcə Seul şəhərində 400-dən çox  metro stansiyası var. İlk gəldikdə metro ilə bağlı problem yaşayırdım. Belə ki, metroda səhvən bir dəfə dostumla hamilə qadınlar üçün nəzərdə  tutulmuş yerdə oturmuşduq. Hamının bizə baxdığının fərqinə varandan sonra səhvimizi anladıq. Hər dəfə bunu xatırlayanda gülürük.

 

Söhbətləşdi: Tural Məmmədov

S3

S5

RS




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir