Bizim dövrümüzə qədər gəlib çatmış çətirlərin özləri qədər də maraqlı tarixi var. Ən qədim çətir eramızdan 3 min il əvvələ aiddir. İlk müasir çətirin müəllif hüququ təbii olaraq Çinə məxsusdur. Çinlilər çətiri öz xanımları üçün ixtira ediblər. Onlar düşünürdülər ki, çətir onların xanımları üçün hər yerə daşıya biləcəkləri bir “dam”(ev) rolunu oynayır.
Ümumiyyətlə, çətirlər qədim dövrdən, aristokratlıq rəmzi hesab edilir. Seçilmiş xanımlar, dəb ikonaları müxtəlif növ çətirlərdən istifadə edərək cəmiyyətdə xüsusi obraz formalaşdırırdılar. Çətirlərin yağışdan, eyni zamanda günəşdən müdafiə xarakteri isə ikinci planda gəlirdi.
Beləliklə, sizə çətirlərin tarixi ilə bağlı maraqlı faktları təqdim edirik:
Çətir haqqında olduqca çox material var. Deyilənə görə, krallara aid çətirlər ailəvi atribut hesab olunurdu. Xüsusi nadir daş-qaş, brilyantlardan hazırlanan çətirin altında gəzmək kral ailəsinin ən sevdiyi məşğuliyyət olub. Birma kralı 24 günbəzdən ibarət çətirə malik idi. Elə buna görə də onu, “24 günbəz kralı” adlandırırdılar. Çətirin hətta Afrika dövlətlərində də xüsusi atribut kimi istifadə edildiyi deyilir. Hakimiyyət simvolu, taxt-tac hesab edilən çətirlər son dərəcə məşhur və qiymətli hesab olunurdu.
Çətir zamanla Şərqdən Yunanıstana, sonra Romaya, oradan isə orta əsrlərdə Avropaya gəlib çatdı. Harada ki, çətiri daha fərqli və gözəl quruluşlarda istifadə etməyə başladılar. Çətirlərin ikinci yüksəliş dövrü məhz 18-ci əsrə təsadüf edir. Artıq onu məhz yağışdan müdafiə üçün istifadə edirdilər. Fars səyahətçisi və yazıçısı Conas Hanvay (1712-1786) İngiltərədə 30 il ərzində çətir istifadə edərək bunu dəb halına salmışdı. Bununla da çətir kişilər arasında da məşhurlaşıb. İlk çətir dükanı 1830-cu ildə Londonda açılıb.
Avropada ilk vaxtlar çətirlər ağacdan hazırlanır və alpaqa adlanan süni yun ilə və ya qalın, yağlanmış kətan parça ilə örtülürdü. 1852-ci ildə Samuel Foks ilk dəfə metaldan çətir dizayn etdi. Həmin dövrdə qadın yubkalarında istifadə olunan məftil dizaynından faydalanaraq çətiri bu gün istifadə etdiyimiz halda hazırladı. Bu isə çətirlərin istehsalı və istifadəsi tarixində daha bir təkan dövrü oldu.
Tarixən əksər hallarda çətirlərdən daha çox günəşdən qorunmaq üçün istifadə edilmişdir. Hətta ingiliscədə “umbrella” sözü latıncada kölgə mənasını verən “umbra” kəlməsindən yaranmışdır.
Məsələn, e.ə. 1200-cü illərdə çətirdən Misirdə dini anlamda istifadə edilib. Misirlilər göy üzünün tanrının vücudundan düzəldilmiş dünyanı qoruyan bir çətir olduğuna inanırdılar və çətir götürmək yüksək əxlaq göstəricisi hesab olunurdu.
Misirlilərdən sonra romalılar da çətirdən istifadə etməyə başlayıb. Burada da misirli qadınlar ondan bir əşya kimi istifadə ediblər. Qədim Romada kişilər çətirdən istifadə etməyib. Maraqlısı budur ki, Romada çətiri yağlı kağızdan düzəldirdilər. Bu su keçirməzlik yaradırdı. Daha sonra qadınlar yavaş-yavaş yağışlı havalarda da çətirdən istifadə etməyə başladılar.
Günəşli havada çətir götürmək adəti geniş şəkildə qalmasa da, yağışlı havalarda kişilərin qara rəngli, qadınların isə müxtəlif rəngli çətir götürmək adəti davam etməkdədir.
Dünyanın ən böyük çətiri 240 sm diametrdə hazırlanıb. İsveçdə hazırlanan çətirin altında 16 nəfər rahat dayana bilir.