çətir

ÇƏTİR: necə yaranıb və onu seçərkən nələrə diqqət etməli?

Baxış sayı: 3. 154

Çətirdən ilk dəfə təxminən 3400 il əvvəl Mesapotamiyada rütbənin və fərqliliyin rəmzi kimi istifadə olunub. Bu çətirlər mesapotamiyalıları yağışdan deyil, parlaq günəşdən qoruyurdu. Tarixən əksər hallarda çətirlərdən daha çox günəşdən qorunmaq üçün istifadə edilmişdir. Hətta ingiliscədə “umbrella” sözü latıncada kölgə mənasını verən “umbra” kəlməsindən yaranmışdır.

E.ə. 1200-cü illərdə çətirdən Misirdə dini anlamda istifadə edilib. Misirlilər göy üzünün tanrının vücudundan düzəldilmiş dünyanı qoruyan bir çətir olduğuna inanırdılar və çətir götürmək yüksək əxlaq göstəricisi hesab olunurdu.

Romalılar çətiri misirlilərdən götürmüş və ona ancaq qadınların istifadə etdiyi bir əşya kimi baxmışlar. Qədim Romada kişilər çətirdən istifadə etmirdilər. Yağlı kağızdan düzəldilən çətirin su keçirmədiyi də məlum olduqdan sonra qadınlar yağışlı havalarda da ondan istifadə etməyə başladılar.

Avropada əsasən XVIII əsrdən etibarən çətirdən geniş istifadə olunub. Fars səyahətçisi və yazıçısı Jonas Hanvay (1712-1786) İngiltərədə 30 il ərznində çətir götürmüşdür. Bununla da o çətiri məşhurlaşdırmış, kişilər arasında istifadəsini yaymışdır.

İlk çətir dükanı 1830-cu ildə Londonda açılmışdır.

Avropada ilk vaxtlar çətirlər ağacdan hazırlanır və alpaqa adlanan süni yun ilə və ya qalın, yağlanmış kətan parça ilə örtülürdü. 1852-ci ildə Samuel Fox ilk dəfə metaldan çətir dizayn etdi. O həm də “English Steels Company”nı qurmuşdur. Həmin dövrdə qadın yubkalarında istifadə olunan məftil dizaynından faydalanaraq çətiri indiki formasına çatdırmışdır. Bu çətirlərin istehsalı və istifadəsinin asanlaşmasında və geniş istifadə olunmasında növbəti böyük icad idi.

Avropada çətirlər yun və kətan parçadan düzəldilir, su keçirməməsi üçün yağlanırdı. Bu da ona qara rəng verirdi. Avropada digərlərinin əksinə olaraq çətirlər kişilər tərəfindən də mənimsənildi və qara rəngli çətirlər kişilərin yağışlı havalarda, ağ rəngli çətirlər isə qadınların ayrılmaz atributu oldu.

Yun parçaya yağ sürtülərək düzəldilən çətirlər sonradan başqa parçalardan düzəldilməyə başlansa da qara rəng su keçirməzliyin simvolu olaraq qaldı və əksər çətirlər qara rəngdə düzəldildi.

Günəşli havada çətir götürmək adəti geniş şəkildə qalmasa da yağışlı havalarda kişilərin qara rəngli, qadınların isə müxtəlif rəngli çətir götürmək adəti davam etməkdədir.

Bəs çətir alarkən nələri nəzərə almalısınız?

Əgər çətiriniz yoxdursa, almağa hazırlaşırsınızsa və seçim etməkdə çətinlik çəkirsinizsə, bu yazını oxumağınız məsləhətdir.

Satıcı Ramin Həmidovun sözlərinə görə, keyfiyyətli çətir tapmaq asan deyil: “Çətir alarkən incəliklərə qədər fikir vermək lazımdır. Ən əsası, çətirin tutacaq şəkilli özülü və onun üzərində dayanan sütunları möhkəm olmalıdır. Çətir yüngül olsa, daha yaxşıdır. Əks halda, onu işlətmək çətin olacaq. Yeni kolleksiyalardan olan yüngül çətirlərin çəkisi 200 qramdan artıq olmur. Xüsusilə də şüşə-lifdən hazırlanan çətirlər yüngülüyü ilə seçilir”.

Satıcının dediyinə görə, ən kiçik çətirlər 18 sm-dir. Belə çətirlər yığılır. Onları daşımaq rahatdır. Belə çətirlərin sütunlarının uzunluğu 60 sm-ə yaxın olur. Onun sözlərinə görə, böyük – ikinəfərlik çətirlər də var: “Belə çətirlərin sütunları 70-80 sm. yaxındır. Belə çətirləri xüsusilə də sevən cütlüklər alır”.

Uşaqlar üçün də çətirlərə gəlincə, həmsöhbətimiz bildirib ki, onların sütunlarının uzunluğu 40-45 sm-dir. Uşaqlar üçün çətir alanda onun keyfiyyətli və təhlükəsizlik üçün maili, oval hissələrdən ibarət olmasına fikir vermək vacibdir.

Satıcı deyir ki, çətirlər yığılan balaca və yığılmayan uzunsov şəkildə olur: “Daha çox uzunsozv çətirlər davamlıdır. Onların özülü və sütunları daha möhkəm olur. Uzunsov çətirlərin yuxarısı daha böyük və oval şəkilli olduğuna görə, daha yaxşı qoruyur. Çətirin belə quruluşu onu küləyə qarşı da davamlı edir. Yığılan çətirlər isə küləyə davamlı deyil və tez əyilir. Çünki onların sütunları və özülü daha kövrək, əyilməyə meylli olur. Lakin belə çətirlərin istifadəsi çox rahatdır. Onları çantaya da qoymaq olur. İndi çoxusu belə çətirlərdən istifadə edir”.

Onun sözlərinə görə, keyfiyyətli çətirlər də düzgün istifadə edilmədikdə tezliklə xarab olur: “Belə ki, çətir yaxşı qalsın deyə, quru yerdə saxlanılmalıdır. Yağışdan sonra tam qurudulmalıdır. Parçası genəlməsin deyə, onu yarı açılmış və asılı vəziyyətdə qurutmaq lazımdır. Tam qurumayana qədər çətiri bağlamaq olmaz”.

Satıcı bildirir ki, çətirləri yumaq da olur: “Bunun üçün ilıq suya paltar yumaq üçün nəzərdə tutulan yuyucu toz əlavə olunur. Çətir açılaraq həmin suda isladılmış kubka ilə sürtülür. Çətir yuyulduqdan sonra isitmə sisteminin, qazın yanına qoyulmamalıdır. Onu isitmə avadanlıqlarından uzaq yerdə adi havada qurutmaq lazımdır”.

Çətirlərin uzunmüddətli olması üçün sütunların hansı materiladan hazırlanmasının önəmli olduğunu bildirən satıcı nəzərə çatdırıb ki, alüminuma nisbətən dəmirdən olan sütunlar daha keyfiyyətli hesab olunur: “Lakin dəmir ağır olduğundan belə çətirləri daşımaq çətindir. Alüminium isə çox yüngül olduğundan çətir tez sınır. Keyfiyyətli çətirlər isə şüşə lifdən hazırlanır. Belə çətirlər möhkəm və uzunmüddətlidir. Lakin yığılan çətirlərin tutacaq və özülü fərqli materillardan olsa daha yaxşıdır”.

R.Həmidovun dediyinə görə, çətir seçərkən tutacağına da fikir vermək lazımdır: “Tutacaq rahat olmalı, ovuca yerləşməlidir. Taxta tutacaqlı çətirlər baha olsa da, daha keyfiyyətlidir. Plastmaslar isə tez qırılır”.

Müsahibimiz qeyd edir ki, çətirin parçası da vacib amillərdəndir: “Çətirlər poliester, neylon kimi parçalardan hazırlanır. Poliefirdən olan çətirlər suya davamlı və möhkəm olur. Bəzən bu materiala pambıq da əlavə olunur ki, bu da parçanı daha yumşaq edir. Neylondan hazırlanan çətirlər isə poliesterdən olanlara nisbətən ucuzdur. Bu parça kobuddur. Lakin buna baxmayaraq, uzunmüddətlidir. Belə çətirlər xarab olduqda düzəltmək daha asandır. Parça növü olan epoj isə daha tez quruyur. Bu baxımdan da istifadəsi rahatdır. Bundan başqa çətirlərin materiallarında teflondan da istifadə olunur ki, bu da son yeniliklərdəndir”.

Həmsöhbətimiz əlavə edir ki, çətir alarkən yoxlamaq lazımdır: “Çətiri bir neçə dəfə açıb bağlayın. Bu əməliyyatlar rahat, maneəsiz yerinə yetirilməlidir. Çətiri ehmalca yelləyib fikir verin ki, sütunları möhkəm bərkidilsin və tərpənməsin. Eləcə də parçanın sütunlara bərkidilməsinə də nəzər yetirin. Parça tək tikişlərlə deyil, plastik başlıqlarla da bərkidilməlidir. Parça həm də uzunsov çətirlərdə sütunlar üzərində kip oturmalıdır. Yığılan çətirlərdə isə əksinə, parça boş olmalıdır ki, çətir asanlıqla yığılsın”.

Müsahibimizin dediyinə görə, keyfiyyətli çətirlərin yuxarısında loqotip, kod, 6-12 ay arası istifadəyə yararlılıq müddəti də göstərilməlidir. Çətirlərin hansı materialdan hazırlanmasına da fikir verilməlidir. Bəzi ölkələrdə çətirlərin sifarişlə hazırlandığını deyən V.Xanlarov bildirib ki, sifarişlə hazırlanan taxtadan olan çətirlər keyfiyyətli olur. Bu qiymətdə də özünü göstərir.

Satıcı diqqətə çatdırır ki, sütunlar eyni uzunluqda, çətirin yuxarı hissəsi, ucu isə möhkəm olmalıdır: “Bir çox çətirlərdə bu hissə düşüb itir. Ona görə də ucluğun bərkidilməsinə fikir verin”.

Satıcı Ramil Aitov isə əlavə edir ki, çətirlərin üzərində mütləq küləyə davamlı olması barədə işarə olmalıdır. “Əks halda çətir külək əsərkən qırılacaq”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir