Cadugərliyə qarşı istər səmavi, istərsə də qeyri-səmavi dinlər qarşı çıxsalar da, maraqlıdır ki, bütün dinlərin daşıyıcıları arasında buna meyl göstərənlər heç də az olmayıb. Cadugərliklə dinlə yanaşı, yerli orqanların da mübarizəsinə baxmayaraq, ona maraq azalmaq bilmir. Bütün maneələrə rəğmən dünyanın hər tərəfində cadugərlik var, yəqin ki, olmaqda da davam edəcək. Üstəlik kiçik, inkişaf etməmiş dövlətlərdə deyil, böyük, güclü dövlətlərdə cadugərliyin geniş vüsət tapması bir çoxlarını hələ də təəccübləndirir. Məsələn, ingilis kimi bir millət üçün cadugərlər heç də orta əsrdə ilişib qalmayıblar. İngilislər bu gün də onlara inanır və qorxurlar.
İnsanlara cadugərliklə xətər toxuna biləcəyi barədə yəqin ki, çoxları eşidib. Elə insanları cadulardan qorxudan da məhz şirin canlarının təhlükə qarşısında qalmasıdır.
“Gencaile.az” cadugərliklə bağlı İngiltərədə olan maraqlı faktları tədim edir:
Məsələn, Oksfordşir və Uorvirkşir sərhəddində yerləşən Lonq Kompton kəndində Ceyms Heyvud adlı kişi qonşusu, yaşlı qadın olan Enn Tennanta çoxsaylı xəsarətlər yetirməklə öldürüb. Məhkəməyə çıxarılan Heyvud özünə bəraət qazandıraraq qadını cadugərlikdə ittiham edib. Onun iddiasına görə, qadın ona cadu edərək xəstələndirib, əmək fəaliyyətini aşağı salıb.
İngiltərə əyalətlərində xüsusilə viktorian epoxasında güclənmiş cadugərliyə hələ də inanlar çoxdur. Və maraqlıdır ki, orta əsrlərin inkvizisiyası nə cadugərlərə dərs olmayıb, nə də onlara nifrət edən insanlarda mərhəmət yaradıb. Çoxları hələ də belələrinə edam verilməsində maraqlıdır.
Viktorian dönəmində insanlar inanırdılar ki, cadunu batil etmək üçün, mütləq onu yazanın qanını tökmək lazımdır. Əks halda daimi xəstəlik, hətta ölüm insanı təqib edər. Odur ki, kəndlilər cadugər olduğuna inandıqları qadınları o vaxtdan hədəfə almaqda davam edirlər. İndi də öldürməsələr də, ən azından bir damçı da olsa, qanını axıdırlar.
Qeyd etdiyimiz kimi, bütün dinlərdə olduğu kimi Xristianlıq da cadugərliyi qəbul etmir və bu barədə dini qeydlərində öz əksini tapır (Apostolların fəaliyyəti haqqında yazılarda, müqəddəs Mixeyanın cadugərliyi qınaması). Amma insanlar dini kitablardan çox, şayiələrə inanaraq kimin ifritə olub-olmamasını təyin edirlər. Bu da nəticədə əsrlərdir ki, yanlış qadınları hədəfləyir.
İngilislər bəzən caduları üzə çıxarmaq üçün bilicilərin yanına gedirlər. Bilicilər cadugərlərdən fərqli olaraq xeyirxah əməlli şəxs hesab edilirlər. Onlara xalq arasında “su həkimi” deyilir. Su deyəndə, əslində sidiklə guya adamın cadulu olub-olmamasını müəyyənləşdirirlər. Hətta XX əsrin ortalarına qədər nəinki kiçik kənd və qəsəbələrdə, Londonda belə qab sınsa, günahı cadugərlərin boynuna qoyarmışlar. Heç bir dinə boyun əyməyən, cəzalardan qorxmayan bu “ölməyən” sənət bəlkə də texniki tərəqqi dövrünə məhəl qoymadan öz qanunları ilə işləyən yeganə sənətdir. Göründüyü kimi, ya “su” ilə, ya da atəşlə (şam) özünə inananları hələ çox yuyub, yandıracaq.