Aysel Ibrahimli- 2

“Camaat nə deyər?”— psixoloji azadlığın görünməyən zindanı

Baxış sayı: 1. 108

Gəlin, açıq danışaq ki, hər birimiz zaman-zaman ətrafdakıların bizə necə baxacağını, haqqımızda nə deyəcəklərini düşünürük. Bəzən geyindiyimiz bir paltarın, söylədiyimiz bir fikrin, etdiyimiz bir hərəkətin digərləri tərəfindən necə qarşılanacağını öz beynimizdə dəfələrlə analiz edirik.Bəzən isə bu fikirlər o qədər yer tutur ki, istər-istəməz düşünməyə başlayırıq: biz doğrudan da öz həyatımızı yaşayırıqmı, yoxsa başqalarının bizdən gözlədiklərini yerinə yetirməyəmi çalışırıq?

 

Başqalarının fikri niyə bu qədər əhəmiyyətlidir?

Fərqli olmaq çox vaxt daxildən gələn bir ehtiyacdır. Amma sən olduğun mühitdə hər kəsdən fərqli davrandıqda, bu, bəzən səni narahat edə bilər və hətta özündə problem olduğunu düşünə bilərsən. Çünki o baxışlar, o pıçıltılar, o ani səssizlik sanki sənə deyir ki, “Sən yanlışsan”. Ancaq bu doğrudanmı belədir? Sən sadəcə fərqlisən, bu isə “səhv” olmaq demək deyil. Təəssüf ki, bu sual çoxlarımızın həyatını səssizcə idarə edir. Elə səssiz və dərin şəkildə ki, bir nöqtədən sonra artıq öz istəklərinlə başqalarının gözləntiləri arasındakı sərhəd demək olar ki, silinib yoxa çıxır və sən, sanki həyatını “yaşamaq” üçün yox, “təsdiq almaq” üçün yaşamağa başlayırsan.

Burada söhbət eqoistlikdən getmir. Bu yazı səni başqalarının təsdiqinə bağlı yaşamaqdan uzaqlaşdıraraq iç səsinlə tanış etmək, daxili azadlığa doğru yönləndirmək məqsədi daşıyır. Çünki başqalarının fikri bizə təsir edir, hətta bəzən bu təsiri etiraf etməsək belə. İnsan sosial varlıqdır – qəbul olunmaq, bəyənilmək, sevilmək kimi psixoloji ehtiyaclarımız var. Uşaqlıqdan bəri bu ehtiyaclar vasitəsilə davranışlarımız formalaşıb:“Ağıllı uşaq ol”,“Bunu etmə, başqalarına ayıb olar”,“Elə eləmə, qonşular baxır.”Beləcə,biz yavaş-yavaş öyrənirik ki, digərlərinin təsdiqi bizim dəyərimizi müəyyən edir. Ancaq bu mexanizm zamanla bizi öz daxili azadlığımızdan uzaqlaşdırır. Dəyərlərimizi itiririk, qərarlarımızı başqalarının bəyənib-bəyənməməsinə görə veririk, halbuki psixoloji azadlıq başqalarının razılığına deyil, öz dəyərlərinə əsaslanaraq seçim etməkdir.

 

Psixoloji azadlıq nədir?

Psixoloji azadlıq həyatını başqalarının gözləntilərinə görə deyil, öz dəyərlərinə əsaslanaraq yaşamaqdır. Psixoloji azadlıq o zaman əldə olunur ki, sən artıq “camaat nə deyər?”sualını prioritet tutmursan. Sənə yönələn tənqiddən qaçmaq əvəzinə onu anlayır, faydalı olanı götürürsən, yersiz olanı isə arxanda qoyursan. Daxilən azad insanın gözündə və səsində sakit bir güvən olur: “Mən bilirəm nə etdiyimi, niyə etdiyimi və kim olduğumu.” Çünki o, artıq başqalarının düşüncəsi ilə hərəkət etməyi deyil, özünü dinləməyi öyrənib. Bəzən bu azadlığın itirildiyinin fərqinə belə varmırıq. Özümüz kimi olmaqdan çəkinirik, əsl fikrimizi deməyə utanırıq, çünki qorxuruq ki, birdən bizə gülərlər, bəyənməzlər, qəbul etməzlər. Sosial mediada bir paylaşımı dəfələrlə düşünüb, silib yenidən yazırıq, yalnız başqalarının nə deyəcəyini düşünərək daxilən razı olmadığımız şeylərə belə“hə”deyirik ki,pis görünməyək, kimsə inciməsin. Amma bu,sadəcə harmoniya yaratmaq deyil, bu özünü boğmaqdır.

 

Psixoloji azadlığa doğru addımlar

Əgər bu vəziyyətdən azad olmaq istəyirsənsə, ilk olaraq öz dəyərlərini tanımalısan.“Əslində nə istəyirsən?”, “Nəyə inanırsan?”, “Hansı prinsiplərə əsaslanırsan?”. Özünə bu sualları ver və dürüst cavablar axtar. Kağız götür və yaz: “Mənim üçün ən vacib olan 5 dəyər nədir?” Sonra gündəlik seçimlərinə bax və özündən soruş: “Bu qərarlarım mənim dəyərlərimlə uyğun gəlirmi?”

Tənqidi isə qorxulu bir şey kimi yox, inkişaf fürsəti kimi qarşıla.Doğru niyyətlə edilən tənqid bizi daha yaxşı versiyamıza aparır, lakin qərəzli və dağıdıcı tənqidlər var ki, onların tək məqsədi zədələməkdir. Onlara çox enerji xərcləməyə dəyməz.

Bir başqa məsələ də budur ki, səhv etməyə haqqın olduğunu qəbul etməlisən. Özünü daim mükəmməl göstərməyə çalışmaq sənə sadəcə mənəvi ağırlıq yükləyəcək. Səhv et, öyrən və yoluna davam et, çünki yaşamaq cəhd etməkdir. Özün-özünün müəllimi ol və bu müəllim səni heç vaxt cəzalandırmasın, sadəcə yönləndirsin.

Və nəhayət, “yox” deməyi bacar. Başqalarının razılığını almaq üçün öz ehtiyaclarını görməzdən gəlmək, bir nöqtədə həm münasibətlərdə, həm də ruhunda aşınma yaradır.“Yox”demək eqoistlik deyil, əksinə, bu özünə hörmət və özünə sevgi göstəricisidir. Qarşındakını incitməmək üçün özünü incidirsənsə, bu münasibət bir müddət sonra səni tükəndirəcək.

 

Əsl azadlıq nədir?

Azadlıq çoxlarının düşündüyü kimi, hər istədiyini etmək deyil. Azadlıq, bəzən bir şeyə “yox” deyə bilmək cəsarətidir. Azad olmaq o demək deyil ki, başqalarını düşünməyək, qaydaları pozaraq fərqli görünməyə çalışaq. Bu, nə azad düşüncədir, nə də azadlıq anlayışının özü ilə uyğun gəlir. Əksinə, azadlıq hörmət və mədəniyyət çərçivəsində, amma öz kimliyinə sadiq qalaraq yaşamaqdır. Fərqli olmaq istəyirsənsə, özün kimi ol, çünki hər insan individual və fərqlidir, lakin çox az insan özü ola bilməyə cəsarət edə bilir. Yəni, başqalarının təsdiqinə ehtiyac duymadan, onları narahat etmədən, sadəcə olaraq öz dəyərlərinlə və inandığın kimi yaşamaq əsl azadlıqdır.

Bir gün həyatının sonuna yaxınlaşanda, geriyə dönüb baxanda görəcəksən ki, insanların sənin haqqında nə düşündüyü o qədər də vacib deyilmiş. O anda “Camaat məndən razı qaldı” demək əvəzinə, “Görəsən, mən özüm bu həyatdan razı qaldımmı?” sualı daha çox anlam daşıyacaq. Bu gün isə bəlkə də, fərqində olmadan məhz o əhəmiyyətsiz sualın, “Camaat nə deyər?” fikrinin əsirinə çevrilmişik. Bəs niyə?..

 

Klinik psixoloq Aysel İbrahimli




15 şərh ““Camaat nə deyər?”— psixoloji azadlığın görünməyən zindanı

  1. Rafael rəssam

    Məqalə məni çox düşündürdü, çünki sənətçi olaraq çox vaxt öz daxili azadlığım üçün mübarizə aparıram. Ətrafımdakıların fikirlərinə çox diqqət edirdim, çünki rəsm sərgilərində insanların mənə nə deyəcəyini düşünmək, nəticədə mənim işimi necə qiymətləndirəcəklərini təxmin etmək istəyirdim. Amma zamanla anladım ki, insanlar nə düşünürsə düşünsün, mən öz işimi yaratmaq və özümü ifadə etmək üçün buradayam. Həqiqətən də, özünü heç kimə bənzətməmək və başqalarının gözləntilərini göz önündə tutmamaq vacibdir. Daxili azadlıq, həyatımızı başqalarına görə deyil, özümüzə görə yaşamaqdır. Məqalədəki “səhv etməyə haqqın var” cümləsi çox yerinə düşür, çünki sənət də səhv etmədən inkişaf etmir. Bəlkə də, mənim üçün bu azadlıq məhz başqalarına aldanmadan özün kimi olmaqdır.

    Cavabla
  2. Amil X

    Çox vaxt başqalarının nə düşündüyünü çox düşünürük, amma bunun bizə nə qədər zərər verdiyini çox anlayırıq. Öz dəyərlərini bilmək və onlara uyğun yaşamaq daha yaxşıdır.

    Cavabla
  3. Könül

    bəzən cəmiyyətin qaydaları ilə uyğun yaşamaq insanın özünü azad hiss etməsini çətinləşdirə bilər. Bu barədə nə düşünürsünüz?

    Cavabla
  4. Samire

    “Azadlıq çoxlarının düşündüyü kimi, hər istədiyini etmək deyil, əsl azadlıq, bəzən bir şeyə “yox” deyə bilmək cəsarətidir”
    _____________________________________
    Özünəməxsus fikirləriniz var və bu fikirlər ilk dəfə sizin məqalənizdə diqqətimi çəkərək məni çox düşündürdü👏🏻👏🏻👏🏻

    Cavabla
  5. Kazım

    Mənim üçün ən çətin məsələlərdən biri də başqalarının fikirlərini həyatımda ön planda tutmaq olub. Həqiqətən də, bir işadamı olaraq, insanlara necə göründüyün çox vacib olur – həm müştərilər, həm də iş yoldaşları tərəfindən necə qiymətləndiriləcəyin haqqında daim düşünürsən. Amma məqalənin mənə təsir edən hissəsi o oldu ki, hər zaman başqalarının gözləntiləri ilə yaşamaq insanı daha çox yorur və həqiqətən özünü tapmaq çox çətindir. Düşünürəm ki, insanların fikirlərini nəzərə alaraq, amma onların təsirinə qapılmadan hərəkət etmək vacibdir. Öz dəyərlərini tapmaq çox vacibdir, çünki insanlar sənin ətrafında olarkən, bəzən yalnız başqalarını razı salmaq üçün yaşadığını düşünürsən

    Cavabla
  6. Kənan Piruyev

    Çox maraqlı yazıdı, amma bir sualım var: Bəs ya başqalarının fikri bizi həqiqətən yaxşıya doğru yönləndirirsə? Məsələn, mənə çox bəzən dostlarımın tənqidləri həyatda daha yaxşı qərarlar verməyimə kömək edir. Bu vəziyyətdə necə yanaşmalıyıq?

    Cavabla
  7. Sabina

    “Camaat nə deyər?” – bu fikir, düşüncəmizin ən dərin yerində yerləşən görünməz bir zəncirdir. Psixoloji azadlıq, başqalarının deyil, öz istəklərimizin səsinə qulaq asmaqla başlayır. Güclü və düşündürücü məqalə. 👏

    Cavabla
  8. Selin

    Bu kimi yazılar vacibdir, çünki bizi düşündürür və suallar qoyur: Biz doğrudan da nə istədiyimizi seçirik, yoxsa sadəcə başqalarının gözləntilərinə uyğun yaşayırıq?
    Məqalədə bu problemin psixoloji tərəfinə toxunulması və “azadlıq” anlayışının yalnız fiziki deyil, həm də zehni bir hal olduğu fikri çox yerində vurğulanıb. Bu mövzunu gündəmdə saxlamaq və xüsusən gənclərdə fərdi düşüncə tərzini inkişaf etdirmək üçün bu cür məqalələrin davamlı paylaşılması önəmlidir.

    Cavabla
  9. Parvana

    Camaat nə deyər? — Bu sual çoxlarının həyatını sükut içində yönləndirir. Məqalə çox yerinə düşüb: biz azad görünürük, amma fikirlərimiz girovdur.

    Cavabla
  10. 3 baci

    Bu məqalə məni illərlə içimdə daşıdığım bir qorxu ilə üz-üzə qoydu. Nə qədər seçimim başqasının düşüncəsinə görə dəyişdi? “Camaat nə deyər?” sualını özümüzə nə qədər az verəriksə, bir o qədər çox yaşaya bilərik. Oxumağa dəyər.

    Cavabla
  11. Qərbi Azərbaycanlı

    Məqalə bizi sosial maskalardan uzaqlaşıb, orijinal “mən”imizlə tanış olmağa çağırır. Bu, təkcə bir yazı deyil, bir azadlıq manifestidir.

    Cavabla
  12. Gülməmmədov Kamal

    Məqalə cəmiyyətin kollektiv nəzarət mexanizmlərini psixoloji baxımdan təhlil edir. Tədqiqat xarakterli genişləndirilmiş versiyası olsa, akademik mühit üçün faydalı resurs olar.👍

    Cavabla
  13. Rasim S.

    Məqalədə deyilənlərə çox qatılıram, amma eyni zamanda düşünürəm ki, bir çoxumuz bu “başqalarının nə düşündüyü” mövzusunu yanlış anladıq. Mənə elə gəlir ki, insan cəmiyyətdə yaşadığı üçün, digər insanlarla əlaqədə olarkən onların fikirlərinə əhəmiyyət verməlidir. Əlbəttə ki, heç bir zaman başqalarının təsdiqini almağa ehtiyac yoxdur, amma sosial varlıq olaraq bir növ uzlaşma yaratmaq da vacibdir. İnsanlar bir-birini anladıqca və qəbul etdikcə daha sağlam münasibətlər qururlar. Hətta öz dəyərlərini tapmaq belə, bir növ başqalarına qarşı hörmət göstərməyi tələb edə bilər. Sözüm onda ki, psixoloji azadlıq deyəndə yalnız özünə güvənməyi deyil, həm də cəmiyyətlə münasibətdə balans qurmağı düşünmək lazımdır.

    Cavabla
  14. Ruslan Sadıqov

    Bu məqaləni oxuyanda çox düşündüm. Həqiqətən də, bəzən başqalarının nə düşündüyü bizi idarə edir. Özümüzü unutmuşuq. Amma bəlkə də, əsl azadlıq başqalarına “yox” deməkdir, necə hiss edirik, elə də yaşamalıyıq.

    Cavabla
  15. Nuranə

    Bu məqaləni oxumağım mənim üçün çox faydalı oldu. Çünki gənc olduğum üçün daim dostlarımın və cəmiyyətin fikirindən təsirlənirəm. Hər zaman müsbət olmaq, hər kəsə xoş gəlmək istəyirəm və bəzən öz fikirlərimi və hisslərimi başqalarının razılığını qazanmaq üçün gizlətmək məcburiyyətində qalırdım. Hətta sosial mediada belə, bəzən insanların fikirlərini gözləyirəm və ona uyğun hərəkət edirəm. Bu məqalə məni düşündürdü ki, mən özüm kiməm və nə istəyirəm? Özüm olmağa cəsarət etməliyəm. Məqalədəki “yox” deməyi bacarmaq fikri mənim üçün çox əhəmiyyətlidir. Öz ehtiyaclarımı və istəklərimi daha çox qiymətləndirməliyəm və başqalarının gözləntilərini həyatımda artıq daha az yer tutmalıdır.

    Cavabla

Sabina üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir