Son vaxtlar cavan, orta yaşlı insanların qəfildən dünyasını dəyişməsi halları artıb. Ötən gün aktyor Ramiz Hüseynzadənin 41 yaşında qəfildən dünyasını dəyişməsi bu cür faktlardan biridir. Məlumata görə, aktyor beyinə qan sızması nəticəsində vəfat edib.
Bəs bu cür ölümlərin sayının artmasının səbəbi nədir? Pandemiyanın yaratdığı stress, gərginliklər, yoxsa?..
Mövzu ilə bağlı “Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov aşağıdakıları dedi: “Həqiqətən də son zamanlar gənc insanların ürək tutmasından və digər xəstəliklərdən qəfildən dünyasını dəyişdiyi haqda xəbərlərlə rastlaşırıq. Lakin mediada yayılan epizodlar başqa, rəsmi statistika bizə nə deyir, bu haqda məlumatımız tam deyil. Ona görə də gənc insanların qəfildən dünyasını dəyişməsi hallarının artması haqda qəti fikir söyləmək çətindir. Hər halda son bir ildə koronovirusla bağlı yaşadığımız həyəcan, gərginlik, onun yaratdığı fəsadlar, üstəlik 44 günlük müharibənin baş verməsi kifayət qədər insanlara stresslər yaşadıb. Xüsusilə həssas insanların situasiyaya uyğunlaşması xeyli çətinləşir.
İnsanın sinir sistemi mühitə uyğunlaşmaq üçün çoxlu dəyişikliklərə məruz qalır. Tibdə buna neyroplastik sinir deyilir. Həmin bu neyrioplastik sinir yeni şəraitlərə uyğunlaşaraq, insanı çətinliklərə adaptasiya etdirir. Lakin bu çətinliklər, həssaslıqlar həddindən artıq çox olduqda neyrioplastik sinirin uyğunlaşma imkanlarında xeyli çətinliklər yaranır. Bu da təbii ki, müəyyən nevrotik cavablara, reaksiyalara gətirib, çıxarır. Həmin reaksiyalardan biri insanlarda təzyiqin, qanda şəkərin artmasıdır, müəyyən psixoemosional gərginliklə müşahidə olunan kənara çıxmaların ortaya çıxmasıdır. Bu fonda xüsusən əgər insanların yanaşı xəstəliyi də varsa, onlarda ciddi həyati təhlükələr yarana bilər.
Bundan əlavə, cəmiyyətin ciddi bir hissəsi postkovid sindromu yaşayır. Həmin insanların orqanizmləri hələ tam bərpa olunmayıb. Bəzi insanlarda hələ də tənəffüs sistemində problemlər qalıb. Bütün bunlar təbii ki, əlverişsiz şəraitlə yanaşı, insan orqanizminin resurslarını tükədir. Müəyyən şəxsi, iqtisadi problemlər də üst-üstə gəldikdə həyat imkanları bir qədər məhdudlaşır. Hərdən həmkarlarımız zarafatla deyirlər ki, “deyəsən yer insanlar üçün yavaş-yavaş əlverişli olmamağa başlayır”.
Zülfüqar Yusifov məsələ ilə bağlı öz tövsiyələrini də verdi: “Təxminən 10-15 il əvvəl psixoloq adını uzaqdan eşidirdik. Bəzən psixoloq axtarsaq da tapa bilmirdik. Amma bu gün təxminən hər küçədə bir psixoloji mərkəz var. Bu da gərginliyin artmasının göstəricisidir ki, psixoloqlara böyük tələbat yaranıb. Əlbəttə ki, real, peşəkar psixoloq məsləhətlərinə ehtiyac var. Yaxşı olardı ki, psixoloqlar tərəfindən ictimaiyyət üçün müəyyən mesajlar verilsin, treninqlər keçirilsin və sairə. İnsanların özünə qaldıqda isə, sinir sistemini gücləndirmək üçün mümkün qədər özünütəlqin üsullarına müraciət etməkdə fayda var. Yenə də burada psixoloqlar, nevroloqlar daha çox köməyə gələ bilər.
Bununla yanaşı, gündəlik rejimimizi qaydaya salmalıyıq. Xüsusən yuxu rejiminin qaydada olması çox vacibdir. Çalışmaq lazımdır ki, çox informasiya ilə özümüzü yükləməyək, baxmayaraq ki, informasiya birbaşa evimizə, əlimizdəki telefona girir. Düzgün qidalanmaya diqqət etmək lazımdır. Nə qədər çətin olsa da ünsiyyətə çalışmaq lazımdır. Qeyd edim ki, ünsiyyətin çətinləşməsi də psixoloji gərginliyi artıran səbəblərdən biridir. Amma hər halda məsafəni qorumaq şərti ilə problemləri yaxınları ilə bölüşmək faydalıdır. Həmçinin açıq havada gəzmək çox faydalıdır”.
Xalidə GƏRAY