vpn

Cihazlarınıza VPN yükləməyin təhlükələri nələrdir?

Baxış sayı: 580

Xüsusilə müharibə dövründə bəzi sosial şəbəkələrə girişin qadağan edilməsi və yaxud ölkədə müəyyən şəbəkəyə girişin qadağan edilməsi halları baş verdiyi zaman istifadəçilər VPN-lərə üz tuturlar. Telefonlara və yaxud kompüter və telefonlara kor-koranə VPN proqramları yükləyərək, sanki bu qadağa qarşı çıxmağa çalışanlar çox olur. Amma mütəxəssislərin fikrincə, bu qadağalardan kənara çıxmaq heç də hər zaman istifadəçiyə ucuz başa gəlmir. Bəzən istifadəçilərin şəxsi məlumatları, kontaktları, fotoları və hətta digər özəl məlumatlar da telefondan oğurlana bilər.

 

 

VPN nədir və VPN istifadəsinin hansı təhlükələri var?

Suallarımızı İKT mütəxəssisi Taleh Nəsirli cavablandırdı.

VPN sözünün açıqlaması Virtual Provider Network – yəni, özəl virtual şəbəkə deməkdir. Mənasından birbaşa aydın olur ki, hər hansı bir şirkətlərin arasında, idarələrin arasında, insanların istifadə etdiyi və bir-biri ilə əlaqələndirən texniki avadanlıqların şifrələndirilmiş əlaqə sistemidir. Taleh Nəsirlinin sözlərinə görə, VPN iki cür istifadə olunur: “Şəxsi – insanlar arasında proqram formasında istifadə olunur. Bu barədə internetdə məlumat çoxdur. VPN-lərin həm mobil proqramları, həm desktop proqramları mövcuddur. VPN-lər özəl noutbuklarda, masaüstü kompüterlərdə və yaxud da telefonlarda istifadə olunur. Eyni zamanda VPN şirkətlərdə, banklarda və emal mərkəzlərində istifadə olunur. Hansı ki, burada da həm proqram formasında, həm də ki, hərhansı bir alınmış “Firewall” serverinin içində VPN funksionallığı olur. Bu VPN funksiyalarının parametrlərini etdikdən artıq şirkətlər, idarələr arası məlumat alış-verişi bir növ bir tunel formasında, təhlükəsiz qaydada təmin olunur. Adətən, buna şirkətlər öz arasında VPN tunel deyirlər. Belə təsəvvür edək ki, bir bankdır və bunun 100 filialı var. Bank məlumatlarının filiallar ilə bankın əsas ofisi arasında olan məlumat alış-verişinin internetdə açıq şəkildə olması düzgün deyil. Ona görə belə bir VPN kanal qurulur. VPN kanalı tam şifrələnir və məlumatların gediş-gəlişi həmin tunel daxilində şifrəli şəkildə olur. Bunu kənardan 3-cü bir şəxsin qırması mümkün deyil. Kənardan hərhansı bir məlumat daxil olmayıbsa, yəni, şirkət daxilində hərhansı bir məlumat çıxmayıbsa, o zaman məlumat tam təhlükəsiz formada çatıb deməkdir”.

VPN

Mütəxəssis deyir ki, VPN tuneli şifrələməklə yanaşı, istifadəçini başqa bir IP üzərindən internetə çıxarır.

“Məsələn, hər hansı ölkədə hər hansı qadağalar olur və insanlar VPN-i yükləyir. Burada internet bağlı olduğu halda sən hansısa veb saytlara girə bilirsən. Məsələn, Azərbaycan üzərində olan müəyyən bir IP aralığı var və bu Delta telekoma verilmiş IP aralığıdır. Həmin IP aralığına, hərhansı veb-sayta girişi qadağasını Delta telecom öz tərəfində edir. Amma, biz VPN tətbiqində başqa bir ölkə seçəndə, məsələn, Hindistan, Pakistan, Amerika kimi başqa ölkə üzərindən üzərindən bir IP verir. Bizim öz IP-mizi gizlədir və biz internetdə hara müraciət ediriksə, bizə verilən Hindistan IP-miz ilə müraciət edirik. Ona görə də qoşula bilirik. Telefonunuzda istifadə etdiyiniz VPN tətbiqinin yazılmasında iştirak edən coderlər, ora yerləşdirdikləri hər hansı bir funksiya ilə sizin telefonunuzdan məlumat çəkməyə cəhd edə bilərlər. Siz yazılmış tətbiqin daxilindəki kodları bilmirsiniz. Heç kim bilmir. Onlar kodlarını özlərinə gizli saxlayırlar. Və arxa fonda hansı prosesləri yerinə yetirdiklərini telefon daxilində biz adi istifadəçilər görə bilmirik. Bank tətbiqləri, e-mail tətbiqləri və s.-nin telefon daxilində VPN tətbiqlərinin məlumat oğurlamasına dair müəyyən təhlükəsizlik tələbləri var. Amma, bunu 100 faiz demək olmaz ki, həmin bank tətbiqləri, hərhansı VPN tətbiqlərinin məlumat götürməsinin qarşısını ala bilər” – deyə Taleh Nəsirli əlavə edib.

 

Şəxsi məlumatlarımız qorunurmu?

“Sizdə bank tətbiqi olsa belə, arxa fonda belə bir funksiya ola bilər ki, bütün gün telefonun ekranını qeydiyyat edir. Və siz ora bank kartları məlumatları və s. nə yazsanız görür. Bu səbəbdən də biz nəinki VPN tətbiqlərinin, təyinatını bilmədiyimiz heç bir tətbiqin təhlükəsiz olduğuna 100 faiz zəmanət verə bilmirik. Və tövsiyyə edə biləcəyimiz tətbiqlər də yoxdur. Çünki bu tətbiqlərin istehsalçısı şirkətləri barədə məlumatlar, daxilində çalışan işçilərin kimliyi və kodlarının təhlükəsizliyi barədə məlumatsızıq” – deyən mütəxəssis qeyd edib ki, insanlar daha çox mobil VPN proqramlardan istifadə edirlər. Lisenziyalı olan və istehsalı bizə düşmən olmayan ölkələrin şirkətləri tərəfindən istehsal edilən VPN-lərin istifadəsi yaxşıdır. Yəni, məlumatların oğurlanması və telefonun izlənməsi kimi halları baş verməyə bilər.

 

Azərbaycanda VPN-istifadəçiləri….

“Azərbaycanda halhazırda məlum məsələlərdən dolayı bəzi VPN proqramlarını istifadə edirlər. Həmin VPN proqramların istehsalçısı bizə düşmən ölkələr ola bilər. Düşmən ölkələrin şirkətləri tərəfindən istesahl edilən VPN proqramları bizim məlumatları tam əldə edə bilərlər. Məsələn, Almaniyada hər hansısa bir şirkətin tarixini araşdırıb görürsən və bilirsən ki, şirkət sırf özü inkişafyönümlü tarixçəsini yazan bir şirkətdir. Mənim Azərbaycandakı məlumatım onun üçün əhəmiyyətli deyil. Şirkət sadəcə pulunu alır və xidmət göstərir. Və ya Fransada hərhansı bir VPN şirkəti proqram yazır və o şirkət də bizdən pul qazanır. Amma, bu şirkət biz proqramda imza atıb yazıları oxumadan qəbul etdiyimiz halda, telefonumuzdakı bütün məlumatlara sahib ola bilir. Biz hardayıq, nə edirik, nə xoşlayırıq, nə xoşlamırıq, nə danışırıq, nə mesaj gəlir və s. bu məlumatların hamısını VPN proqramı götürüb Fransadakı əsas ofislərinə göndərə bilər. Onlar həmin məlumatları bizim düşmənlərimizə sata və ya ödəniş qarşılığı olmadan verə bilərlər. Ona görə də tam araşdırmadan və tam əmin olmadan onu telefona yükləyib istifadə etmək düzgün deyil. VPN bizə internetə çıxış verir, amma onun müqabilində bizə aid informasiyaları gizli formada götürə bilər” – deyən mütəxəssis, təyinatı araşdırılmadan VPN proqramlardan istifadəni tövsiyyə etmir.

 

VPN-lərdən istifadə etdiyimiz zaman necə qoruna bilərik?

VPN üzərindən şantaj, dələduzluq və s. hadisələrin baş verməsinə gəldikdə Taleh Nəsirli bildirir ki, bu hal dünyada çox qarşılaşılan bir haldır. Bu vəziyyətdən daha çox hakerlər istifadə edir.

“Bunun qarşısını ala bilmək üçün istifadə etdiyimiz applikasiyaların təyinatını öyrənmək, özəl şifrələrimizi heç kimlə bölüşməmək, lisenziyalı təhlükəsizlik applikasiyalarından istifadə etmək, istənilən mobil applikasiyada və veb saytda qeydiyyatdan keçərkən təyin etdiyimiz şifrələrin təkibində böyük hərf, kiçik hərf, rəqəm və simvol olmasına diqqət etmək, eyni zamanda applikasiyanın istədiyi bütün “icazələri” diqqətlə nəzərdən keçirmək lazımdır” – deyə Taleh Nəsirli vurğulayır.

 

İlahin Zaman




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir