Hava isti olanda da ağlımıza ilk gələn kondisioner olur, soyuq olanda da. Kondisionerlər yayın istisində, qışın soyuğunda dadımıza çatdığından, onun zərərləri haqqında düşünmək belə istəmirik. Ancaq mütəxəssislərə görə, kondisionerlərin insan sağlamlığına və psixikasına böyük zərəri var.
Kondisioner insana rahatlıq versə də, əvəzində onun səbrini əlindən alır. Amerika mütəxəssisləri bu fikirdədirlər. Mütəxəssislər bildirirlər ki, düzgün şəkildə istifadə edilməyən kondisionerlər əzələ ağrısından tutmuş müxtəlif infeksiyalara səbəb ola bilər.
Həkim terapevt Məlahət Abbasovanın sözlərinə görə, kondisionerdən düzgün istifadə edilərsə, heç bir xəstəliyə şərait yaranmaz. Amma təəssüf olsun ki, insanlar çox zaman qaydalara riayət etməyi sevmir. Bu da öz nəticəsini verir: “Kondisionerlərdən düzgün istifadə etməmək qribal və viral infeksiyalarla yanaşı, əzələ tutulması və sətəlcəmə səbəb ola bilər. Kondisionerlərin zərərlərini aradan qaldırmaq üçün otağı yavaş-yavaş sərinləndirmək lazımdır. Məsələn, çöldə 35 dərəcə isti varsa, bunu kondisionerdə 5 dərəcə aşağı salmaqla başlamaq olar. Ümumiyyətlə, otağın istiliyi çöldə havanın temperaturundan 7-8 dərəcə aşağı saxlanılmalıdır”.
Həkim bildirir ki, çox ağır viruslar məhz kondisioner vasitəsilə yayılır. Buna görə də, kondisionerlərin filtrləri nizamlı olaraq təmizlənməli və dəyişdirilməlidir. “Çox ciddi xəstəliklərə səbəb ola biləcək viruslar kondisionerlərlə yayılır. Mikroblar kondisioner çalışdığı mühitdə nəfəs alan adamların üst nəfəs yollarına daxil olur. Kondisionerlər qrip, soyuqdəymə, sinuzit və badamcıqların iltihabı, orta qulaq iltihabı, sətəlcəm və bronxit və s. bu kimi xəstəliklərə səbəb olur. Kondisionerin çalışması havada olan nəm nisbətini azaltdığı üçün məkanda artan quru hava burun daxili toxumalarda və boğazda təhrişə yaradır. Və bu da insanlarda müxtəlif infeksiyaların əmələ gəlməsinə səbəb olur”.
M.Abbasovanın dediyinə görə, insanlar məcbur qalmadıqları halda kondisionerdən istifadə etməməlidirlər. Bunun əvəzinə qapı-pəncərini açıb otaqları havalandırmaq daha məqsədə uyğundur. Kondisionerlər gün ərzində mümkün qədər az istifadə edilməlidir. Kondisioner nizamlı olaraq, təmizlənmədiyi təqdirdə, istifadə edildiyi otaqda allergik soyuqdəymə, astma kimi xəstəliklərə yoluxma riskini artırır.
Həmsöhbətimizin sözlərinə görə, kondisioner istifadə edilən otaqda oturmaq, iş görmək qulaq, əzələ, boyun ağrılarına da səbəb olur.
Kondisionerlərin əmələ gətirdiyi xəstəliklərdən biri də leginoner xəstəliyidir. Mütəxəssislərə görə, kondisionerlərin səbəb olduğu legionella mikrobu təbiətdə bir çox su qaynaqlarında və nəmli mühitlərdə də mövcuddur. Təbiətdən binaların su sistemlərinə daxil olan mikrob uyğun mühitdə sürətlə çoxalır və su zərrəcikləriylə insanların ağciyərlərinə yerləşərək sətəlcəmə səbəb olur. Mikrob ən çox kişilərə və siqaret çəkənlərə təsir edir. “Kondisionerli mühitdə olan insan 2-10 gün sonra hərarətin yüksəlməsi, halsızlıq, əzələ ağrıları, iştahsızlıq və baş ağrıları yaşayırsa, bu, legioner xəstəliyinin əlamətləridir. Sadaladığım hallarla yanaşı xəstələrdə əvvəlcə quru öskürək özünü büruzə verir, daha sonra isə bu öskürək qanlı bəlğəmli öskürəyə çevrilir. Xəstələrin 20 faizində hərarət 40,5 dərəcə olur. Xəstəlik daha çox körpələrə, yaşlılara, siqaret çəkənlərə, alkoqoliklərə, bronxit, diabet və böyrək xəstələrinə təsir edir. Xəstəlik vaxtında müəyyən edildiyi halda düzgün müalicə ilə yaxşılaşma müşahidə edilir. Ancaq çox zaman ölümlə nəticələnir”.
Əgər siz kondisionerli mühitdə işləyirsinizsə və sizdə bəlğəm, nəfəs darlığı, sinə ağrısı, bulanma, qusma, ishal və şüur itməsi kimi şikayətlər varsa, həkimə müraciət edin. Xəstəlik bəzi insanlarda böyrək, qaraciyər və ağciyər çatışmazlığı da yarada bilir.
Abbasova bildirir ki, hər hansı mühitdə olmasından asılı olmayaraq, kondisioner 20 dərəcədən aşağı qoyulmamalıdır.
İradə Cəlil