derman

Dərmanlar niyə effekt vermir?

Baxış sayı: 1. 840

Çərşənbə günü Milli Məclisin (MM) səhiyyə komitəsinin növbəti iclası keçirilib. Komitə sədri Əhliman Əmiraslanov “Dərman vasitələri haqqında”, “Yeyinti məhsulları haqqında”, “Reklam haqqında” qanunlarda və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barəsində qanun layihələrini müzakirəyə təqdim edib.

“Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişikliklər barədə məlumat verən Ə.Əmiraslanov deyib ki, qanuna əlavə ediləcək 4.8-ci maddəyə əsasən normativ hüquqi aktların, o cümlədən texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən, keyfiyyətsiz, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş dərman vasitələrinin satışı, satış məqsədilə saxlanması və ya idxalı qadağandır. Qanuna edilən digər dəyişikliyə əsasən isə 16-1.2.7-ci maddədə “bioloji aktiv əlavə və qida əlavəsi” sözləri “bioloji fəallığa malik qida əlavəsi” sözləri ilə əvəzlənəcək.

Komitə sədri bildirib ki, “Yeyinti məhsulları haqqında” qanunun 7-ci maddəsinin beşinci hissəsində “bioloji aktiv əlavələrin” sözləri “bioloji fəallığa malik qida əlavələrinin” sözləri ilə əvəz olunacaq.

Əmiraslanov İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədə də məlumat verərək deyib ki, Məcəllənin 221.8 maddəsinə təklif olunan dəyişikliyə əsasən üzərində və onların istifadəsi təlimatlarında (içlik vərəqlərində) “dərman vasitəsi deyildir” sözləri yazılmayan bioloji fəallığa malik qida əlavələrinin istehsalına, idxalına və ya satışına görə vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə ediləcək. Məcəllənin 221.9 maddəsinə təklif olunan dəyişikliyə əsasən isə bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılmasına görə vəzifəli şəxslər əlli manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə cərimə ediləcək.

Komitə sədri “Reklam haqqında” qanuna yeni 30.7-ci maddənin əlavə edildiyini də qeyd edib. Yeni maddəyə əsasən bioloji fəallığa malik qida əlavələrinin reklamında onların dərman vasitəsi olmadığı haqqında məlumat verilməlidir.

Müzakirələr zamanı deputat Musa Quliyev bildirib ki, bilolji aktiv maddələr dərman deyil və onların tərkibində bioloji fəal maddələr var. Deputatın sözlərinə görə, onların hədsiz, dozasız istifadəsi zərər verə bilər: “Bioloji fəal maddələri dərman vasitəsini əvəz etmir, amma xəstələrin orqanizminin gücləndirilməsi, onun reabilitasiyası dövründə bu vasitələrdən istifadə edilir. Ona görə də bunların işlənmə qaydası olmalıdır. Həkimlər xəstələrə bunu müstəsna olaraq izah etməlidir. Bunu aydınladışmaq lazımdır”.

M.Quliyev dərmanların keyfiyyəti və qiyməti barədə də narahatlığını bildirib. Deputat hesab edir ki, dərmanların keyfiyyətinin və qiymətinin tənzimlənməsi daim diqqətdə olmalıdır. “Tarif Şurası bu işlə ciddi şəkildə məşğul olur. Amma bəzi hallarda bizi narahat edən məsələlər var. Bizə müraciətlər daxil olur ki, bəzi dərman şirkətləri Çində istehsal olunan dərmanları Avropaya göndərir, sonra onu Avropada qutuya yerləşdirib Azərbaycana Avropa dərmanı adı ilə gətirirlər. Buna görə də bəzi hallarda bizim həkimlərin təyin etdiyi dərmanlar o qədər effekt vermir. Xəstələrimizə tövsiyə edilir ki, qonşu ölkələrdən dərman gətirsinlər. Bu, çox ciddi narahatçıılıq doğuran faktdır. Tarif Şurası buna çox ciddi əncam çəkməlidir. Bəlkə biz 400-500 adda dərmanın qiymətini tənzimləyək, qalanlarının qiyməti isə sərbəst buraxılsın”, – deyə M.Quliyev bildirib.

Deputat Rəşad Mahmudov isə deyib ki, o, bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılmasına görə nəzərdə tutulan cərimələri düzgün hal kimi qəbul etmir. Onun sözlərinə görə, dünyada bu gün vitamin preparatlarının əksəriyyəti antibiotik xəstəyə reseptsiz verilməz. “Lakin xəstəyə ehtiyac olduğu təqdirdə vitamin azlığına görə, multivitamin kompleksi verilir. Bu da bioloji fəal maddələr qrupuna aiddir. Bu maddələrin yazılmasına görə həkimə əngəl qoyulması düz deyil. Uzun illər təcrübəli şəkildə fəaliyyət göstərən həkim istədiyi dərmanı yazmaq rahatlığına sahib olmalıdır. 150-200 manat maaş alan həkimə yenidən 250 manatlıq cərimə etməklə problemləri həll etmək olmaz. Bu, sadəcə gələcəkdə problemlərin fərqli yollarla artmasına səbəb olacaq”, – deyən həkim-deputat qeyd edib ki, son illərdə xəstə haqlarının qorunması ilə bağlı məsələlər çox gündəmə gətirilir: “Hesab edirəm ki, xəstə, həkim və tibb işçilərinin hüquqlarının qorunması balanslı şəkildə həyata keçirilməlidir”.

Əhliman Əmiraslanov Rəşad Mahmudova cavab verərək deyib ki, bəzən həkimlər tərəfindən xəstələrə müalicə üçün lazım olan əsas preparatların yazılması, əsas müalicənin aparılması kənarda qalır, amma 2-3-cü dərəcəli preparatların xəstələrə yazılması ön plana çıxır. “Məsələ ondadır ki, bu preparatların qiyməti əsas dərmanların qiymətindən çox baha olur. Biz həkimlərin dərman sayılmayan bioloji aktiv maddələrdən istifadə etməsinin əleyhinə deyillik. Lakin söhbət ondan gedir ki, bunun arxasında başqa məqsədlər dayanır. Xəstə müalicə olunmaq üçün həkim yanına gəlir. Həkim deyir ki, səni müalicə edəcəyəm, amma xəstə müalicə edildikdən 2 il sonra həkim yanına təkrar gəlir və görür ki, onun bədənində metostazlar var. Belə hallar az deyil”, – deyə komitə sədri bildirib.

Deputat Qənirə Paşayeva isə bildirib ki, insanların sağlamlığına zərər vuranlar ağır şəkildə cəzalandırılmalıdır. Onun fikrincə, əks halda problemlər daha da dərinləşək, şikayətlər daha da artacaq: “Ona görə də İnzibati Xətalar Məcəlləsinə edilən təklifi dəstəkləyirəm. Vətəndaşlarımızı qorumaq üçün mexanizmlər daha da gücləndirilməlidir. Dərman şirkətləri bir sıra həkimlərlə əməkdaşlıq edirlər və bunun nəticəsində bəzən xəstəyə yazılan reseptə bioloji aktiv əlavə və qida əlavəsi dərmandan daha çox olur. Çünki bir sıra həkimlər reseptə yazdığı bioloji aktiv əlavə və qida əlavəsinə görə həmin şirkətlərdən maddi dəstək alırlar.

Xəstə isə bilmir ki, bunun hansı dərmandır, hansı bioloji aktiv əlavə və qida əlavəsi. Bəzi xəstələr isə ümumiyyətlə bioloji aktiv əlavə və qida əlavəsindən xəbərsizdirlər və elə bilirlər ki, həkim reseptə yazıbsa, demək dərmandır və onun alınması xəstəliklə mübarizə üçün vacibdir. Dərman əlavələri isə bir çox hallarda dərmandan da baha olur. Bir çox hallarda xəstələr bu cür reseptlərlə çarəsiz qalırlar və ala bilmədiklərini deyib bir sıra qurumlara müraciət edirlər. Vətəndaşların almağa kömək etmək üçün gətirdiyi xeyli reseptdə bu vəziyyəti görmüşük.
Ona görə də vətəndaşlarımızı bu şəbəkədən qorumaq üçün qanunvericiliyə edilən dəyişiklik çox önəmlidir. Həkimlər bilməlidirlər ki yazdıqları reseptə bioloji aktiv əlavə və qida əlavəsini yazarlarsa, cəzalanacaqlar. Onlar bununla bağlı xəstəyə məsləhət verə bilər, amma reseptə dərmanlar siyahısında yazmağın artıq qadağan olması və cəza tədbirləri ilə bağlı maarifləndirmə həkimlər və vətəndaşlarımız arasında daha geniş aparılmalıdır”.

Paşayeva bildirib ki, dərmanların qiyməti, keyfiyyəti ilə bağlı məsələlər daha da sürətlənməlidir: “Bir neçə gün əvvəl Türkiyədə səfərdə olduğum zaman bir nəfər yaxın bir insan zəng edərək onkoloji xəstə olan anasına həkimin yazdığı “Xeloda” adlı bir dərmanı almağımı xahiş etdi. “Niyə Bakıdan almırsan” deyəndə cavabı belə oldu ki, Bakıda həmin dərmanın qiyməti 500 manata yaxındır. Türkiyədə isə 120 dollar. Bu qədər böyük fərq var qiymətlərdə. Dərmanların qiyməti ilə bağlı özəlliklə həyati vacib dərmanların qiyməti ilə bağlı məsələlər daim diqqətdə olmalıdır”.

Qeyd edək ki, müzakirələrdən sonra qanun layihələri MM-in plenar iclasına tövsiyə olunub.

Aqil ASLAN




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir