“Moda imperiyası”! O yerdə ki, “imperiya” sözü var, deməli, moda günümüzdə həqiqətən də önəmli yer tutur. Hər halda dəb sənayesi bu gün ən çox gəlir gətirən sahələrdən biridir.
“Gencaile.az” “Publika.az-aistinadən dünyanın ən böyük dəb imperiyalarını idarə edən zəngin biznesmenlərdən bəhs edən yazını təqdim edir.
“Zara” brendinin sahibi – 67 milyard dollar
“Zara” brendinin sahibi Amansio Orteqa hər şeyə özü nail olan klassik iş adamıdır. Orteqa tikiş tikməyi hələ məktəbdə oxuyarkən La Korunuye şəhərciyində yerləşən kiçik atelyedə öyrənib. Orteqanın ailəsi olduqca kasıb olub. O, 12 yaşından işləməyə məcbur olduğu üçün məktəbi yarımçıq buraxıb. Məktəbi yarımçıq qoymasına baxmayaraq, bu, onun varlanmasına mane olmayıb.
Kifayət qədər təcrübə qazandıqdan sonra gənc modelyer kiçik emalatxana açıb öz işinin sahibi olmağa qərar verib. Bu işdə modelyerin ailə üzvləri ona dəstək olublar. Qardaşı maliyyə məsələləri ilə məşğul olub, həyat yoldaşı isə dərzi kimi fəaliyyət göstərib. Ailə biznesi Orteqaya böyük uğur gətirib. Belə ki, əvvəlcə o, şəxsi mağazasını açıb, daha sonra isə digər ispan şirkətlərini almaq imkanı qazanıb.
5 ildən sonra “Zara” şəbəkəsi artıq İspaniyada böyük populyarlıq qazanıb. Bununla da Amansio ölkə xaricinə çıxıb dünyanı fəth etmək üçün geniş imkanlar əldə edib. Dizayner ilk olaraq Fransanı fəth edib. Orteqanun Paris ofisi xanımların rəğbətini qazana bilmək üçün uzun müddət yenilik axtarışında olub. Bunun üçün onlar dayanmadan işləyiblər, bütün dəb jurnallarını vərəqləyiblər. Sözsüz ki, istedadlı modelyer öz istəyinə nail olub. Sözügedən brend Parisdən sonra bütün dünyada məşhurlaşıb.
Hazırda 76 yaşlı iş adamının dünyanın 77 ölkəsində təxminən 5000-dən çox mağazası fəaliyyət göstərir.
90-cı illərdə Orteqa “İnditex Group” şirkətini yaratmağa müyəssər oldu. “Pull&Bear”, “Massimo Dutti” və “Bershka” kimi demokratik brendləri “İnditex Group” bayrağı altında birləşdi. İndi ispaniyalı iş adamının moda imperiyasının qiyməti altmış yeddi milyard dollardır.
“Forbes”in versiyasına görə, Orteqa dünyanın ən varlı adamlarının reytinqində ikinci yeri tutur.
Bernar Arno – LVMH şirkətinin sahibi 34 milyard dollarıq sərvət
Bernar Arno Fransanın ən varlı sakinidir. 60-a yaxın dünyaca məşhur brendin sahibidir. Bu sıraya “Louis Vuitton”, “Kenzo”, “Christian Dior”, “Givenchy”, “Hennessy”, “Guerlain”, “Chaumet, Moet&Chandon”, “TAG Heuer” kimi ticarət nişanları daxildir.
67 yaşlı Arno “LVMH” holdinqini bir snayper dəqiqliyi ilə idarə edir. 34 milyardın sahibi müsahibələrində dəfələrlə bəyan edib ki, uduzmağı sevmir.
Stefan Persson – H&M şirkəti, 28 milyard dollarlıq sərvət
İsveçin ən zəngin biznesmeninin taleyi lap əvvəlcədən həll olunmuşdu. Belə ki, 1947-ci ildə onun atası Erlinq Persson ucuz qadın geyimləri istehsal edən “Hennes” şirkətini yaradıb. Şirkətin adı isveç dilindən tərcümədə “onun” deməkdir.
Erlinq on beş il sonra kişi geyim brendi “Widforss Mauritz”i almaqla biznesini bir az da genişləndirməyə nail oldu. Beləliklə, “Hennes&Mauritz” ticarət nişanı yarandı. Hazırda brend “H&M” kimi tanınır. “H&M”-nin dünyaya tanınmasında Erlinqin oğlunun müstəsna rolu olub. Brendin dünya səviyyəsində əsas pərakəndə mağazalar şəbəkəsinə çevrilməsi 70-ci illərdən başlayır. Stefana etibar edilmiş ilk mağazaya müştəriləri cəlb etmək üçün o, o dövrdə məşhur olan ABBA musiqi qrupunun plastinlərini paylayırdı.
Stefan Persson hər dəfə maraqlı reklam kampaniyaları fikirləşirdi. Məsələn, o, dünyanın ən bahalı modellərini ucuz geyim brendinin reklamında çəkilməyə razı salmışdı. Sonra isə “Roberto Cavalli”, “Lanvin” və “Balmain” kimi ticarət nişanları ilə əməkdaşlıq edərək moda aləmində əsl inqilab eləmişdi.
Fransua Pino
Fransua Pino “PPR Group”-un sahibidir. Zirək fransız karyerasının əvvəlində hansı işlə məşğul olmayıb ki? O, ağac ticarəti ilə məşğul olub, Afrikaya avtomobillər, hətta yazı kağızları idxal edib. Amma ona ən çox dəb sənayesi böyük uğur və pul gətirib.
Biznesmen ilk olaraq “Yves Saint Laurent”, “Alexander Mcquee”, “Bottega Veneta” moda evlərini alır, bir qədər sonra isə “Gucci” brendinin sahibi olur. Lakin o bununla da kifayətlənmir. “Sergio Rossi”, “Boucheron”, “Bedat&Co”, “Stella McCartney”, “Balenciaga” və “Puma” kimi markaları ələ keçirir və “PPR Group” imperiyasını qurur.
Alen və Jerar Vertxaymer – “Chanel” şirkətinin sahibləri
Alen və Jerar Vertxaymer “Сhanel”-in sahibləridir. Vertxaymer qardaşları sahib olduqları hər şeyə görə bir vaxtlar Koko Şanelin şəriki olan babaları Pyer Vertxaymerə borcludur. Koko Şanelin ölümündən sonra moda evi Pyer Vertxaymerə keçib.
Əlbəttə ki, moda evinin inkişafında onların zəhmətini danmaq olmaz. 70-ci illərdə əfsanəvi fransız brendi onların ixtiyarına keçəndə maliyyə və satış heç də ürəkaçan olmayıb. Burada gənc menecerlər brendin xilası üçün gözəl plan hazırlayıblar: Əvvəlcə məşhur “Channel №5”ətrinin flakonu sadə şüşə ilə əvəz edilib, daha sonra ilk pret-a-porte xətti işə salınıb, 1983-ci ildə isə Karl Lagerfeld kreativ direktor vəzifəsinə təyin olunub.
Bundan sonra “Channel” üçün yalnız qələbə şeypuru səslənib. Maraqlıdır ki, qardaşlar zəfərləri ilə öyünməyi xoşlamır, müsahibə vermir, əyləncə gecələrində görünmür, dəb nümayişlərində isə axırıncı sırada oturur. Biznesmen qardaşlar gündəmdə olmaqdansa, zədəgansayağı əyləncələri üstün tutur; ov, atçapma, dağ xizəyi ilə məşğul olur, eləcə də incəsənətlə yaxından maraqlanır. “Channel” idarə heyətinin sədri Alen Vertxaymer şəhər tıxaclarından bezəndə hətta bəzən metroya düşür.
Qardaşların maraqlı xüsusiyyətləri bununla bitmir. Məsələ ondadır ki, onlar bir-birindən xeyli uzaqda yaşayır. Böyük qardaş Alen Nyu-Yorkda, kiçiyi Jerar isə Cenevrədə yaşayır.