dis fircasi

Diş sağlamlığı üçün düzgün fırça necə seçilməlidir?

Baxış sayı: 641

Müasir dövrdə sağlam həyat tərzində gigiyena xüsusi əhəmiyyət daşıyır. Diş fırçaları orqanizmin xüsusiyyətlərinə uyğun qaydada seçilməlidir. Qeyd edək ki, bu gün mağazalarda müxtəlif firmaların diş fırçalarına rast gəlirik.

Diş fırçalarının seçimi barədə məlumat verən həkim-stomatoloq Rəşad Həsrəddinov aşağıdakıları dedi: “İlk növbədə stomatoloq ağız boşluğunu müayinə etməlidir, çünki dişin üst qatının, yəni mina təbəqəsinin möhkəmliyindən tutmuş damağın sağlamlıq vəziyyətinə qədər yoxlanılmalıdır. Məsələn, dişin üst qatının, yəni mina təbəqəsinin eroziyası, aşınması, yaxud damaq çəkilmələri varsa, həmin halda sərt fırçadan istifadə edilməməlidir. Hər dəfə yeməkdən sonra dişlər fırçalandıqda dayanıqlı qida qalığı qalır və onu yumşaq fırça ilə çox asanlıqla təmizləmək olur”.

Ümumiyyətlə, dişlərin gigiyenası üçün gündə üç dəfə onları fırçalamaq lazımdır, çünki axşam yuyulmadıqda dişlərdə olan qida qalıqlarında bakteriyalar artmağa başlayır. Bu isə kariyesin yaranması və diş kökü xəstəliklərinə səbəb olur. Hazırda mütəxəssislər elektron diş fırçalarından istifadə edilməsini məsləhət görürlər.

“Elektron fırçaların bir neçə özəlliyi var, xüsusən əl fırçalarında lazım olan təzyiqi əlimizlə nizamlaya bilmirik. Elektron fırçalardan istifadə zamanı isə bir az artıq təzyiq artıq olanda, məsələn, damağın və dişin zədələnmək təhlükəsi olan kimi siqnal çalır”, – deyə həkim-stomatoloq bildirib.

Mütəxəssislər bildirirlər ki, diş fırçalarından istifadənin müddəti üç aydır. Ona görə onların vaxtaşırı yeniləri ilə əvəz olunması tövsiyə olunur. Qeyd edək ki, yeni diş fırçası ərpi köhnə diş fırçasına nisbətən 25-30 faiz daha yaxşı təmizləyir. Stomatoloqlar tükləri deformasiyaya uğramış fırçalardan istifadəni düzgün hesab etmirlər: “Sağlam diş əti və sağlam dişlər varsa, standart fırça seçmək olar. Diş əti qaçması, diş əti qanaması və ya mina eroziyası olduqda standart fırça seçilməsi məqsədəuyğun deyil”, – deyə həmsöhbətimiz fikrini tamamlayıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir