modern.az_doqmalarindan_imtina_edenler_7767533419560960_n_75_64

Doğmalarından imtina etməyə məcbur olan TANINMIŞLAR

Baxış sayı: 1. 002

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmur atasından imtina edib. O buna səbəb kimi Fuad Qəhrəmanlının həyat yoldaşına və qızlarına qarşı zorakılıq etdiyini, ailə başçısından şiddət gördüklərini göstərib.

Bu hadisə bir neçə gündür, sosial şəbəkələrin, eyni zamanda mətbuatın gündəmini zəbt edib. Nəticədə ailəsində yaranan məişət problemlərinin ictimailəşdirilməsi Fuad Qəhrəmanlının AXCP-dən istefa verməsinə səbəb olub.

Valideynlərindən və ya övladlarından imtina halları Azərbaycan cəmiyyətində əvvəllər də rast gəlinən hadisə olub. Xüsusilə, siyasətlə bağlı olan şəxslərin bu kimi addımları zaman-zaman müzakirələri qızışdırıb.

Beləliklə, zaman-zaman doğmalarından və ya yaxınlarının onlardan imtina etməsi ilə gündəmə gəlmiş məşhur şəxslərin siyahısını təqdim edirik.

 

İlk olaraq, sadalamağa Fuad Qəhrəmanlının həyat yoldaşı, yazar Zümrüd Yağmurdan başlayaq. O da vaxtilə ailəsindən imtina etməyi ilə gündəmə gəlmişdi. Z. Yağmur bu imtinanı özünün siyasi fəaliyyəti ilə bağlı olduğunu söyləmişdi:

“Ailəmə dedim ki, təzyiq altında olmamaq üçün məndən imtina edin. Onlar bunu istəmədi. Qərara gəldim ki, bu addımı özüm atım”.

 

Xarici ölkəyə – Norveçə köçən yazıçı-jurnalist Günel Mövludun da ailəsi vaxtilə ondan imtina etmişdi. Belə ki, Günel Mövludun iki qardaşı həbs ediləndən sonra ailəsi jurnalistdən imtina etdiyini bildirdi. Onun anası Şövkət Şəfiyeva oğlanlarının həbsini qızı Günel Mövludun “Meydan” TV ilə əməkdaşlıq etməsinə bağlamışdı.

Günel Mövludun atası daha öncə qızından imtina etməyəcəyini desə də, bu hadisədən sonra Şövkət xanıma qoşulduğunu söyləmişdi.

 

Hollandiyada yaşayan azərbaycanlı mühacir, tez-tez kəskin müxalif fikirləri ilə gündəmə gələn vloger Orduxan Teymurxanın da ailəsi ondan imtina edib. Onun yaxınları Orduxanın əməllərindən utandıqlarını deyiblər. O. Teymurxanın bacısı oğlu Elnur Əliyev bildirib ki, 10 ildən artıqdır, Azərbaycanda yaşamayan dayısı ilə onları heç nə birləşdirmir.

“Qarabağ”ın və milli komandanın futbolçusu Mahir Mədətovun (soyadı indi Emrelidir-red.) atası, prodüser Anar Mədətovdan imtina etməsi də yaddan çıxmayan hadisələrdən biridir. Futbolçu sosial şəbəkələrdə paylaşdığı yeni şəxsiyyət vəsiqəsində atasının həm adından, həm də soyadından imtina etdiyini göstərib. Onun vəsiqəsində soyadı “Emreli”, ata adı isə “Mahir” olaraq qeyd olunub.

Qeyd edək ki, Mahirin bu addımına səbəb ailəsində yaşanan problemlər olub. Həmin dönəmdə Anar Mədətov Mahirin anasından boşanmadan, başqa xanımla ailə həyatı qurmağa hazırlaşırdı.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlu da oğlu Rüfət Səfərovdan imtina etmişdi. E.Sabiroğlu sosial şəbəkədə oğluna məktub yazaraq, ondan imtina etdiyini açıqlamışdı. O, həmin məktubunda Rüfətə hətta məzarı üstünə gəlməməsini də vəsiyyət etdi.

Lakin bu günlərdə sosial şəbəkələrdə Rüfət Səfərov ailəsinin yanında olduğunu bildirib və bunu təsdiqləyən foto paylaşıb.

Xatırladaq ki, R.Səfərov Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqidir. O, rüşvət almaqda təqsirləndirilərək həbs edilmiş, Prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa çıxmışdı.

 

Mətbuatda müzakirələrə səbəb olan sonuncu imtina hadisələrindən biri isə bu ilin iyul ayında baş verdi. Belə ki, Azərbaycanın sabiq xarici iqtisadi əlaqələr naziri Qüdrət Quliyev öz oğlundan imtina etdi. Bu barədə sosial şəbəkə hesabında paylaşım edən Q.Quliyevi bu addımı atmağa Amerika Birləşmiş Ştatlarına köçmüş oğlu Mone Quliyevin müxalif “Azadlıq” qəzetinə verdiyi qalmaqallı müsahibəsi vadar edib.

Quliyev bildirib ki, ailəsi Monedən imtina edir və onun siyasi fəaliyyətinə görə heç bir məsuliyyət daşımır.

 

Hazırda ABŞ-da yaşayan telejurnalist Sevinc Osmanqızının bacısı Lalə Mirzəyeva da 2017-ci ilin martında ondan imtina edib.

L. Hacıyeva mətbuata açıqlamasında bildirib ki, son iki ildə Sevincin siyasi mövqeyini kəskin dəyişməsi onda təəssüf yaradıb: “Mənim dəfələrlə və təkidlə ona sağlam siyasi mövqe nümayiş etdirmək üçün təsir etməyimə baxmayaraq, o öz fikrindən əl çəkmədi. Məhz buna görə də bizim siyasi baxışlarımız qarşı-qarşıya gəldi”.

Lalə Hacıyeva deyib ki, o, dəfələrlə elektron media vasitəsilə Sevincin doğma vətənim Azərbaycan, onun siyasi rəhbərliyi barədə yazdığı fikirlərə tənqidi münasibətimi bildirib, ailə tərbiyəsinə yaraşmayan mövqedən əl çəkməsini böyük bacı kimi də tələb edib.

Hacıyeva, həmçinin, bacısının mövqeyinə görə, atası, mərhum Osman Mirzəyevin adının hallandırıldığını, onun ruhunun inciməsindən narahat olduğunu da qeyd edib: “Onunla bağlı müzakirələrdə atamın adının hallandırılması, Osman Mirzəyevin adının belə müzakirələrdə çəkilməsi mənə rahatlıq vermir”.

L. Hacıyeva müraciətinin sonunda qeyd edib: “Bütün bunları nəzərə alaraq mətbuat vasitəsilə bəyan etmək istəyirəm ki, məni Sevinc Osman qızı Mirzəyeva ilə artıq heç nə bağlamır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir