Tanınmış həkim-ginekoloq Aysel Paşayeva pasiyentlərindən birinin doğuş anını videoya çəkərək İnstaqram hesabında paylaşıb. Sözügedən görüntülər bəzi istifadəçilər tərəfindən heç də birmənalı qarşılanmayıb. Bir çoxları belə paylaşımı etik hesab etməyib.
Buna baxmayaraq bu cür videoların paylaşımının tamamilə normal hal olduğunu düşünənlər də az deyil. Son zamanlar bu tip videoların dəb halına çevrilməsi bir həqiqətdir. Türkiyədə və bir sıra ölkələrdə doğum anını əks etdirən görüntülərə xüsusi maraq var. Valideynlər xatirə olaraq körpənin dünyaya gəldiyi ilk dəqiqələri foto və video görüntülərlə qeydə alıb bunu sosial şəbəkə hesablarında paylaşır. Cəmiyyətimizdə isə nədənsə, bu tip görüntülərə qarşı sərt təpkilər var.
Sözügedən görüntülərdə heç bir qeyri-etik hal olmadığını deyən sosioloq Lalə Mehralı bildirir ki, doğum videolarında biabırçı heç nə yoxdur.
Onun sözlərinə görə, doğum anına dair videoların paylaşılması, izlənməsi tamamilə normal haldır və heç kəsin buna sərt irad bildirməyə haqqı yoxdur:
Lalə Mehralı: “Hətta babasil əməliyyatını da sosial şəbəkələrdə yerləşdirirlər”
“Bu görüntülərin nə üçün biabırçı adlandığını başa düşə bilmirəm. Süd vəzi və başqa plastik cərrahiyələrlə bağlı əməliyyatları başdan-ayağa çəkirlər və paylaşırlar. Hətta babasil əməliyyatını da sosial şəbəkələrdə yerləşdirirlər. Bu görüntülərə biabırçı deyən yoxdur, amma dünyanın ən təbii və normal durumunu çəkib paylaşmaq biabırçılıq kimi qələmə verilir. Sözügedən videoda açıq-saçıq nəsə yoxdur, qadının ayaqları belə görünmür. Anlaya bilmədim bu videoda biabırçılıq nədir. Son zamanlar bir çoxları doğuş anını çəkib paylaşır, hətta bunun üçün fotoqraflar da çağırırlar. Fotoqraf doğuş zamanı şəkilləri çəkir və sonra bu şəkillərdən ibarət kliplər düzəldirlər. Gənc ana və atalar da həmin görüntüləri sosial şəbəkələrdə paylaşır. Bu, tamamilə normal haldır. Sözügedən videoda isə həkimin pasiyentinə necə gözəl dəstək olduğunu görürük. Belə həkimlər çox azdır. Gözümüz alışıb ki, həkim dünyaya uşaq gətirən qadının üstünə qışqırsın və onunla kobud rəftar eləsin. Amma görün bu həkim xəstəsi ilə necə mülayim danışır”.
“Ana olmağa hazırlaşan qadınlar bu cür videolara baxaraq özlərinə dəstək axtarırlar”
Sosioloq bildirir ki, doğuşa hazırlaşan qadınların əksəriyyəti “yutubda” və digər sosial şəbəkələrdə doğum videoları axtarır:
“Həkimin paylaşdığı videoda heç qadının üzü görünmür, çılpaq bir yeri yoxdur. Ana olmağa hazırlaşan qadınlar bu cür videolara baxaraq özlərinə dəstək axtarırlar. Təbii doğuşu seçən qadınlar ağrı və sancılardan qorxurlar. İlk dəfə doğuş edən qadınlar bu prosesin necə olduğunu tam bilmirlər. Belə videolar axtarırlar ki, görsünlər orada proses necə başlayır, necə davam edir və sonlanır. Mən də belə videolara baxmışam. Xarici ölkələrdə suda doğuş anına dair çoxlu videolara var. Hətta orada çılpaq formada qadınlar suda doğuş edirlər. Sözügedən videoda pasiyentin heç bir yeri görünmür, hətta doğuşun əvvəlidir. Maraqlıdır, doğuşun tam reallaşdığı görüntülər olsaydı nə deyərdilər ?”.
Həkimlərin belə videoları daha çox paylaşmasının yararlı olduğunu deyən sosioloq vurğulayıb ki, bu gün keysəriyyə əməliyyatına “qaçan” qadınlarımız kifayət qədər çoxdur. Ona görə də belə videolar onlara motivasiya ola bilər:
“Kimlərsə ana olmağa hazırlaşan qadınları qorxudur ki, təbii doğuş çox dəhşətli və ağırdır. Normal və təbii prosesi qadınların gözündən salmağa çalışırlar. Bəzən dırnaqarası həkimlər də qadınları keysəriyyəyə yönləndirirlər. Amma bu cür videolara baxıb həkimin mülayim davranışını görən qadın ürəklənib insan təbiətinin əksinə getməyərək övladını təbii yolla dünyaya gətirər”.