menzil

Mənzil bazarında niyə durğunluq hökm sürür?

Baxış sayı: 1. 436

Son dövrlər mediada rast gəlinən mövzulardan biri də mənzil bazarı ilə bağlıdır. Mövzu ilə əlaqədar müxtəlif aspektlərdə xəbərlərlə qarşılaşırıq. Verilən informasiyalardan belə aydın olur ki, insanların mənzilə olan tələbatı olduqca yüksəkdir və bu tələbatı ödəmək üçün isə fərqli təkliflər irəli sürülür. Məsələn, həmin təkliflərdən biri Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA)  sosial evlər layihəsidir. MİDA Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışını elan etdi.

Mənzillərlə bağlı olan bir digər layihə isə İpoteka və Kredit Zəmanət Fondu tərəfindən həyat keçiriləcək kirayə mənzil mexanizmidir. Mexanizmə əsasən, vətəndaşlar mənzili kirayə götürdükdən sonra aylıq ödənişlər etməlidirlər. Həmin vəsait evin xərcindən çıxılacaq. Müqavilə bağlanandan 3 il sonra isə kirayəçi mənzilin sahibinə çevrilmək imkanı qazanacaq və ya ödənişi davam etdirib 25 il ərzində mənzilə sahib ola biləcək.

Mənzillərlə bağlı belə layihələrin həyata keçirilməsinin bazardakı qiymət siyasətinə necə təsir etdiyi maraqlıdır. Layihələrinin həyata keçirilməsi tələb-təklif məsələsinə, ümumiyyətlə, mənzil bazarındakı qiymətlərə necə təsir göstərir?

 

“Əmlak” ekspert mərkəzinin direktoru Ramil Osmanlı deyir ki, bu layihələrin mənzil bazarına hər hansı formada təsirinin olduğunu birmənalı iddia etmək olmaz: “Faktiki olaraq bazarda baş verən proseslər, aparılan təhlillər göstərir ki, bu layihələr hələ ki, mənzil bazarına təsir edəcək gücdə deyil. İlk olaraq ona görə ki, həmin layihələr üzrə təklif portfelinin həcmi olduqca aşağıdır, ikincisi, faktiki olaraq bu layihələr çərçivəsində bazara çıxarılan evlərin mütləq əksəriyyəti yaxın dövr üçün alğı-satqı predmeti ola bilməz. Bu mənada onların daşınmaz əmlak bazarına təsiri də müşahidə edilməyib. Amma son illərdə mənzil bazarında bir sıra istiqamətlər üzrə müəyyən dəyişikliklər baş verib. Qiymətlərin manatla ifadəsində müxtəlif dövrlərdə nisbi artımlar olub. Amma bu artımlar devalvasiyadan əvvəlki zamanlarda olduğu kimi dinamik olmayıb. Məsələn, illik qiymət dəyişmələri daha çox ümumi iqtisadiyyata adekvat olub”.

Ekspertdən hansı bölgələrdə mənzillərin daha ucuz, hansılarında daha baha olduğunu soruşduq. O, bildirir ki, son dövrlərdə təkrar mənzil bazarında nisbi qiymət ucuzlaşması müşahidə edilir: “Yəni təqribən şəhər mərkəzində və mərkəzdən kənar ərazilərdə köhnə mənzillərin qiyməti aşağı düşüb. Bu da ümumi bazardakı orta qiymətlərə təsir edəcək səviyyədə deyil. Amma bundan fərqli olaraq, ilkin mənzil bazarında, xüsusilə, dövlət tərəfindən qəbul edilən qərarlar və digər inzibatı, şəhərsalma və infrastruktur tədbirləri ilə bağlı qiymət artımları baş verir. Bu da daha çox şəhərsalma tələblərinin sərtləşməsi, pilot layihələrin icrasında yaranan müəyyən problemlərlə bağlı olur”.

 

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirdi ki, alğı-satqı ofislərinə vətəndaşların müraciəti azalıb: “Əvvəllər mənzil bazarına nəzarət etmək daha asan idi. Çünki bazarı alğı-satqı məntəqələri idarə edirdi. Onların vasitəsilə bazardakı durumu bilmək olurdu. İndi isə vəziyyət bir qədər dəyişib. Belə ki, hazırda mənzil bazarındakı hesabatı aparmaq çətindir. Çünki tikinti şirkətləri reklam bazarına çıxış əldə ediblər və mənzillərin satışını şirkət özü təşkil edir. Nəticə etibarilə alğı-satqı ofislərinə vətəndaşların müraciəti azalıb. Bu gün ümumi mənzil bazarı hesabatına baxsaq, durğunluq olduğunu görmək mümkündür. Amma binalar tikilir və satılır. Məsələ buradadır ki, satılanlar ucuz mənzillərdir. Əvvəllər bahalı yaşayış obyektlərinə maraq çox idisə, indi vəziyyət fərqlidir. Etiraf etmək lazımdır ki, bu gün bazarda bahalı evlər işləmir. Alıcıların 80-90%-i ipotekalı, sosial, kreditli evlərin ümidinə qalan adamlardır.

Mənzillərin qiymət səviyyəsindən danışan ekspert qeyd etdi ki, qiyməti aşağı olanlar çıxarışı olmayan həyət evləridir: “Ümumi olaraq, Bakı, Abşeron ərazisində ucuz evlər, sənədi olmayanlardır. Hansı ki, şəhərin kənarında 30-35 min manata 2 otaqlı ev almaq olar. Yəni bu tip evlərə tələbat daha çoxdur. Layihələrə gəlincə isə düşünmürəm ki, onlar mənzil bazarındakı qiymətə ciddi təsir göstərsin”.

 

Makler Elburus Bayramov vəziyyətin elə də ürəkaçan olmadığını qeyd edir: “Hazırda mənzil bazarında uzun müddətdir ki, durğunluq var. Xüsusilə də sentyabr ayından qiymətlərdə 3-5 min arası yüksəlmə müşahidə edilir. Alıcılıq qüvvəsi isə çox zəifidir. Qiymət artımı olan ərazilər isə daha çox mikrorayonlar, Yasamal rayonu ərazilərdir.  Çünki vətəndaşların böyük əksəriyyəti ev üçün həmin ərazilərə müraciət edirlər. Şərait və yerləşmə baxımından həmin ərazilər insanlar üçün əlverişli sayılır”.

 

 

Günel Azadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir