“FotoTURist” rubrikası ilə dünyanı gəzməyə davam edirik. Bu dəfə Koreyadayıq. Əlbəttə, google-un köməkliyi ilə istənilən ölkədən çoxlu sayda fotolar tapmaq olar, ancaq təqdim etdiyimiz rubrikanın fərqi ondadır ki, bu fotolar indiyədək heç bir yerdə yerləşdirilməmiş, yeni, dəbdə olan ifadə ilə desək, eksklüziv fotolardır.
Hə, Koreya…. Əlbəttə ki, Şimali Koreyadan söhbət getmir. Kimdir ki, sizə Şimalda rahatca çəkiliş aparmağa icazə verən?! Ona görə də siyasi cəhətdən yumşaq Koreyadan – Cənubi Koreyadan çəkilmiş fotoları Sizə təqdim edəcəyik.
Koreya yarımadasının cənub hissəsində yerləşən Koreya Respublikasının sərhəd qonşuları Çin, Yaponiya və Şimali Koreyadır. Sahəsi 100 032 kvadrat kilometr, əhalisi 50 milyondan çoxdur. Paytaxtı Seul şəhəridir.
Koreya Respublikası on altı inzibati dairədən ibarət prezident respublikasıdır. Hakimiyyət həm hüquqi, həm də faktiki baxımdan üç qol arasında – icraedici, məhkəmə və qanunverici hakimiyyətləri – bölünüb. Yerli hakimiyyət orqanları yarımmüstəqildirlər, onların da icraedici və qanunverici funksiyaları var.
Yüksək həyat səviyyəsi ilə tanınan ölkələr sırasındadır. Asiyada dördüncü ən böyük iqtisadiyyata malik olan bu ölkə “Böyük 20-lər” (G20) qrupunun üzvüdür.
1948-ci ildə qəbul olunmuş konstitusiyaya sonrakı illərdə bəzi dəyişikliklər edilib. 1980-ci illərə kimi bir neçə hərbi diktatura hakimiyyətini sinaqdan keçirmiş Koreya Respublikası hazırda müvəffəqiyyətlə liberal demokratiyanı inkişaf etdirməkdədir.