tehsil

Dünyanın ən yaxşı universitetləri sırasında Uqanda, Qana… – Bəs Azərbaycan universitetləri?

Baxış sayı: 509

Dünyanın ən yaxşı ali təhsil müəssisələrinin növbəti siyahısı açıqlanıb. Massaçusets Texnologiya İnstitutu birinci pilləni əldən verməyib. Kembric Universiteti ikinci, Oksford Universiteti üçüncüdür. İlk 20-likdə daha çox ABŞ-ın və Böyük Britaniyanın ali təhsil müəssisələri var.

Bizimyol.info xəbər verir ki, dünyanın 1000 ən yaxşı universiteti siyahısında Azərbaycanın adı yoxdur. Siyahıda cəmi 1498 müəssisənin adı yer alıb. Bizim ölkədən Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzərə alınıb. Amma bu təhsil ocaqları ilk 1000-liyə layiq görülməyib. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, ümumiyyətlə, 1201-1498-ci pillələr aralığında özünə yer tapıb.

Siyahıya, heç olmasa, 3 universitetin adının salınmasına sevinməyə tələsməyək. Məsələn, Qazaxıstanın 21 təhsil müəssisəsini görmək olur. Əl-Fərabi Qazax Milli Universiteti yetərincə hörmətli pillədə mövqe tutub (230-cu yer). Avrasiya Milli Universiteti 355-ci, Satbayev Universiteti 481-cidir. Qazaxıstanın 21 universitetindən 13-ü ilk 1000-likdə qərarlaşıb.

Banqladeşin 12 təhsil müəssisəsinə burada yer verilib. Həmin universitetlərin 3-ü bizimkilərdən öndə mövqe tutub. Qonşu Gürcüstan paytaxtındakı Tbilisi Dövlət Universiteti də Azərbaycan təhsil müəssisələrindən daha yaxşı sayılır.

tehsil

Uqandanın universitetlərindən birinin bizimkilərə nisbətən qənaətbəxş mövqedə olmasını bilmək heç yaxşı hiss yaratmır. Makerere Universitetinin Azərbaycan təhsil müəssisələrini geridə qoyması düşünməyə əsas verir.

Hər il tələbə sayını artırmaqla olmur. Keyfiyyət yüksəlməlidir. Təsəvvür edin, ilk 1000-likdə yer almağı bacarmış Qana Universitetində 830 əcnəbi tələbə təhsil alır. Bizim təhsil müəssisələrinin heç biri bu göstərici ilə öyünə bilməz.

Ölkədə təhsilə münasibət kökündən dəyişməlidir. Orta məktəblərdə proqramlar şagirdləri yükləməyə yox, gerçək bilik ötürməyə xidmət etməlidir. Ali təhsil müəssisələrinin isə yaxşı kadr yetişdirmək potensialı olmalıdır. Bu gedişlə gələcəkdə heç 1500 universitet siyahısında da adımızı görməyəcəyik.

 

Aytən




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir