Sabri Burhanoglu

Duyğusal korluq – Türkiyəli psixiatr yazır

Baxış sayı: 814

Hər gün bir-birimizə “Necəsən?” deyib hal-əhvalımızı xəbər alır, qarşılığında isə adətən “yaxşı” cavabını eşidirik. Bəs, yaxşı olmaq necə bir hissdir? O an həqiqətdə özümüzü necə hiss edirik?

Əslində, bu sual-cavab qeyri-iradi hal alıb. Hərdən də olur ki, necə olduğumuzu, nə hiss etdiyimizi doğrudan da bilmirik. Buna baxmayaraq, hər halda, “Necəsən?” sualına cavabında  “bilmirəm” deyən olmayıb. Qəribə olsa da, reallıqdır, bəzən öz hisslərimizi anlamaqda və ifadə etməkdə çətinlik çəkirik. Hətta bəzi insanlar həqiqətən də sevgi, üzüntü, xoşbəxtlik, eşq, sevinc, kədər, nifrət, coşqu, qəzəb duyğularının nə olduğunu bilmirlər. Yəqin siz də bəzən duyğularınızı qarşınızdakı ilə paylaşan zaman tam anlaşılmadığınızı hiss etmiş olarsınız. Psixoloqlar bu anlaşılmamaq halını “aleksitimiya” adlandırır. Bu, hissləri anlama qabiliyyətinin zəif olması deməkdir. Aleksitimiyanın dilimizdəki qarşılığı duyğusal korluqdur.

“Aleksitimiya” terminindən ilk dəfə psixoterapist Peter Sifneos psixoloji bir problemin adı kimi istifadə edib. Amma zamanla bu halın sosial həyatda insanlarda çox yayğın olduğu müşahidə edilməyə başlandı. Bu cür adamlar öz hisslərini ifadə edə bilmədikləri kimi, başqalarının hisslərini də anlamaqda çətinlik çəkirlər. Bu halda isə ikili münasibətlərdə, hətta cəmiyyətdəki problemlərə düzgün reaksiya verə bilmirlər. Nəticədə sosial münasibətlərdə ciddi şəkildə anlamaq və anlaşılmaq problemi yaşanır.

Duyğuların böyük önəm kəsb etdiyi sosial həyatımızda aleksitimiyadan əziyyət çəkən insanlar yad, hətta başqa dünyadan gəlmiş canlı təəssüratı bağışlayırlar. Dərin daxili dünyaları olmadığı üçün onların düşüncələri daxili yox, xarici təsirlərlə hərəkətə keçir. Kənar təsir olmadığı halda isə daşdan, divardan çox da fərqlənməyən reaksiyasız və hissiz hala gəlirlər.

 

Aleksitimiya problemi kimlərdə və necə ortaya çıxır?

Mütəxəssislərə görə, aleksitimiya daha çox uşaqlıqda lazımınca diqqət və qayğı görməyən insanlarda müşahidə olunur. Uşaqlıqdan beynin tanıma duyğularının yetərincə inkişaf etməməsi beyin quruluşunda anormallığa səbəb olur. Duyğuları və bu anormallığın aleksitimiyaya yol açdığı ehtimal edilir.

Təhsilin səviyyəsi də bu problemin ortaya çıxmasında böyük rol oynayır. Təhsil səviyyəsi aşağı düşdükcə cəmiyyətdə aleksitimiya probleminin artdığı müşahidə olunur. Bu da insanların duyğularını ifadə edəcək söz ehtiyatının az olması ilə əsaslandırılır.

Aleksitimiyaya qadınlarla müqayisədə kişilərdə daha çox rast gəlindiyi deyilir. Belə problemi olan insanlarda anoreksiya, xroniki ağrı və bağırsaq sindromu kimi fiziki xəstəliklər də müşahidə edilə bilir. Psixoloqlara görə, duyğularımızın fərqində olmaq halı sağlamlığı və fiziki reaksiyaları da normallaşdırır. Əks halda, insan verilən ani fiziki reaksiyaların nədən qaynaqlandığını anlaya bilmədiyi üçün, reaksiyalar daha fərqli və güclü, anormal formalarda özünü bürüzə verir.

Buna görə hər bir fərdin psixologiya ilə maraqlanması, öz hisslərini anlaması və onları düzgün ifadə etməyə çalışması həm öz, həm də ətrafındakıların əsəb sistemini qoruya bilməsi baxımından çox vacibdir. Bu problemi aradan qaldırmağın ən effektiv yolu isə psixoterapiya hesab edilir. Psixoterapiyanın köməyi ilə insan anlamadığı istəklərinin, duyğuların varlığından xəbərdar olmağa başlayır, zamanla psixosomatik simptomların fərqinə vara bilir və bütün hallarda nə hiss etdiyini anlayacaq duyğusal səviyyəyə gəlir. Bu isə daha sağlam psixologiyaya sahib olub insanlarla düzgün münasibətləri qurmağa kömək edir.

 

Uzman psixiatr DR. Sabri Burhanoğlu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir