yeni il

Yeni il oyuncağının ev yandırdığı dövr – Bayram hazırlığında nələrə diqqət edək?

Baxış sayı: 642

Artıq Yeni il bayramının gəlməsinə sayılı günlər qalıb. Demək olar ki, bütün metro stansiyalarının qarşısında Yeni il yarmarkaları qurulub. Mağazalarda da müxtəlif şirniyyatlardan ibarət hazır hədiyyə qutuları satılır.

Bəs biz bunların keyfiyyətinə nə dərəcədə etibar edə, bu məhsulları övladımıza verə bilərik?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, Yeni il hədiyyələri ilə bağlı hər zaman şikayətlər olub.

eyyub huseynov

“Adətən Yeni il bayramı bitdikdən sonra Azad İstehlakçılar Birliyinə müraciətlər daxil olur, valideynlər bu hədiyyələr içində vaxtı keçmiş məhsulların olduğunu vurğulayırlar. Lakin qeyd edim ki, ildən-ilə bu şikayətlərin sayı azalır. Çox zaman vaxtı keçmiş və pis şəraitdə saxlanılan malları qablaşdırıb bayramda azyaşlılara verir, təhlükəli malları istehlakına şərait yaradırlar. Yaxşı olar ki, valideynlər bu Yeni il hədiyyələrini özləri mağazalardan seçib qutulara yığsınlar. Belə qutularda hazır alınan məhsulların isə açıb keyfiyyətinə baxmaq lazımdır”.

Ə.Hüseynov deyir ki, çünki belə məhsullar arasında yararlılıq müddəti bitən mallar da olur: “Bu yaxınlarda bizim ofisimizə içi qurdlanan şokoladlar gətirildi. Elə mallar var ki, vaxtı keçməsə də, tez xarab olur”.

Bundan başqa, Ə.Hüseynov bildirir ki, Yeni il bayramına aid oyuncaqlar alarkən də diqqətli olmaq lazımdır: “Xüsusən də yolka ağaclarının üzərini bəzəyən işıqları alarkən. Bu işıqlar əslində çox təhlükəlidir və onların əksəriyyəti Çindən gəlir. Həmin işığa görə 3 otaqlı bir mənzilin alışmasının şahidi olmuşam. Belə işıqlı Yeni il ağaclarını bir an da nəzarətsiz qoymaq olmaz.

Oyuncaqlara gəldikdə, onlardan rəng çıxırsa, pis qoxu gəlirsə, valideynlər övladlarına bunları almasınlar. Oyuncaqlar məcburi sertifikatlaşdırılmış mallar siyahısına aiddir. Lakin təəssüf ki, bizdə oyuncaqların əksəriyyəti məcburi sertifikatlşmadan keçirilmir”.

yeni il-bazar

Birlik sədri deyir ki, buna görə də istehlakçılar bu cür mal alanda onun sertifkatını tələb etməlidirlər: “Qida məhsulları ilə bağlı problem olarsa, məsləhət görürəm ki, 1003 qaynar xətti vasitəsi ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilsin”.

Ə.Hüseynov digər istehlak malları ilə bağlı problem olarsa, 195-2 qaynar xətti ilə İqtisadiyyat Nazirliyi yanınıda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etməyi məsləhət görür.

 

Nigar İsgəndərova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir