Ekspert: “​Texnologiyalardan çox istifadə uşaqlarda fiziki, psixoloji və sosial pozuntu yaradır”

Baxış sayı: 2. 061

“Müasir texnologiyalardan çox istifadə uşaqlara mənfi təsir göstərir”.  Bunu “Report”a açıqlamasında Uşaq və Gənclərin Sosial Reabilitasiya Mərkəzinin psixoloqu Asəf Kərimov deyib.

O bildirib ki, texnologiyaların uşaqlara mənfi təsirini üç qrupa – fiziki, psixoloji və sosial təsirlərə bölmək lazımdır.
A.Kərimov qeyd edib ki, valideyn nəzarəti olmadan və lazımi qaydada istifadə edilməyən müasir texnologiyaların uşaqlara mənfi təsirləri daha böyük olur.
Psixoloq fiziki zərərlərə gözün zəifləməsi, fiziki inkişafdan qalma, fiziki çalışmalar edilmədiynə görə immun sisteminin zəifləməsi, vaxtında qidalanma ilə bağlı problemlərin daxil olduğunu bildirib: “Psixoloji baxımdan uşaq informasiyadan asılı olur, real ünsiyyətdən qaçır, virtual ünsiyyətə meyl göstərir, özünün digər qabiliyyətlərini inkişaf etdirmir, təhsildən geri qalır, uzunmüddətli və məqsədyönlü yadda saxlamada problemlər özünü göstərir.
Ətrafda onu emosional baxımdan cəlb etməli olan bir çox real gözəllikləri duya bilmir. Bu zaman canlı təbiətə laqeyd münasibət yaranır, digər zövq alınması mümkün olan obyektlər ikinci plana keçir”.
O bildirib ki, ən qorxulu hal uşaqların zərərli informasiyanın təsiri altına düşməsidir. Psixoloqun sözlərinə görə, xüsusilə daha çox oynanılan şəbəkə oyunlarında aqressiya daşıyıcısı olan döyüş oyunları, yarış oyunları onların aqressivliyinə səbəb olur: “Uşağın şəxsiyyətinin formalaşmasında bədii ədəbiyyatda olan müsbət və mənfi obrazların rolu böyükdür. Bədii ədəbiyyatdan alınan informasiyanın yerini oyun qəhrəmanlarının obrazları tutur. Onların davranışı da real sosial davranışdan çox fərqlənir və şəxsiyyət bu informasiyanın təsiri altında formalaşır. İnternet asılılığı artıq psixi problem kimi tədqiqatçıların diqqət mərkəzindədir”.
A.Kərimov onu da vurğulayıb ki, uşaqların müasir texnologiyalardan asılılığı sosial davranış və qaydaların pozulmasına gətirib çıxarır. Real ünsiyyətə girə bilməmək, cəmiyyətdən təcrid və qapalılığa gətirib çıxarır.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir