sevgi

Evlilikdə sevgi amili

Baxış sayı: 1. 593

Hər şeydən əvvəl deyək ki, sevgi insanın fitri ehtiyacıdır. Evliliyi təşkil edən əsas amil də sevgi ehtiyacıdır. Ancaq buna baxmayaraq sevgi ayrılıqda bir amil kimi evlilik üçün kifayət deyil. Ona görə də, evlilik sevgi amili ilə yanaşı, hörmət və inam amili üzərində də dayanmalıdır. Başqa sözlə, sevginin hörmət və inamla “qidalanması” evlilk üçün lazım olan sağlam şəraitin hazırlanması deməkdir.

Ümumiyyətlə isə sevigni “şərtli” və “şərtsiz” olmaqla iki qrupa ayırmaq olar. Ancaq bu iki sevgi arasında ən güclü sevgi şərtsiz sevgidir. Çünki şərtli sevgidən fərqli olaraq burada heç bir şərt yoxdur. Məsələn, “Əgər yaxşı insan olsan, səni sevəcəyəm” və ya “Əgər məni başa düşsən, səni sevəcəyəm” və s. kimi… Ya da “Səni sevirəm, çünki ağıllısan” “Səni sevirəm, çünki bacarıqlısan” və s. kimi… Bu misallardan da göründüyü kimi, hər hansı bir şərt üzərində qurulan sevgidə qarşı tərəfin bu şərti ödəməməsi o sevginin öz qüvvəsini itirməsi deməkdir. Hətta, belə olan halda bu hissin sözlə (və ya sözlərlə) ifadə olunması da əsas şərt deyil. Bu hissin özünü hərəkətdə (ya da hərəkətlərdə) göstərməsi qarşı tərəfdə sevgini itirmək qorxusunun meydana gəlməsi deməkdir. Sonradan bu qorxunun qarşı tərəfdə inamsızlığa səbəb olması da təbiidir. Üstəlik, bu dediklərimiz “əgər”li sevgi üçün eyni olduğu kimi, “çünki”li sevgi üçün eynidir. Bir sözlə, “əgər”li sevgi forması nə qədər doğru deyilsə, “çünki”li sevgi forması da o qədər doğru deyil. Bundan başqa, evlilikdə sevgini dəstəkləyən amillərdən biri də tərəflərin bir-birilərini tanımaları, həmçinin bir-birilərini qəbul etmələridir (təbii ki, olduqları kimi). Ancaq bütün bu amilləri birləşdirən bir amil də var ki, bu da fədakarlıq amilidir. Fədakarlıq olan yerdə nə sevginin azalmasından, nə də sevginin tükənməsindən söhbət gedə bilər. Bir də unutmayın ki, bəzən qarşı tərəfə “Sən haqlısan” demək, “Səni sevirəm” deməkdən daha çətindir. Çünki bu söz qarşı tərəfə həm qiymət verdiyinizi, həm də başa düşdüyünüzü göstərmək deməkdir…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir