erken nikah

Karantin erkən nikahların daha çox olmasına zəmin yaradırmı?

Baxış sayı: 796

Erkən nikah ölkəmizdəki sosial problemlərdən biridir. Bu problemlə mübarizə çərçivəsində qanunlar qəbul olunur, onunla mübarizəyə yönəlmiş müxtəlif sənədlər var, lakin yetkinlik yaşına çatmayan qızların zorla ərə verilməsi faktlarına hələ də çox rast gəlinir. Əlbəttə, rəsmi olaraq yetkinlik yaşına çatmayan qızların ərə verilməsi mümkün deyil. Buna görə, baxmayaraq ki, qanunla yalnız rəsmi nikah şəhadətnaməsi olduqda nigah bağlana bilər, qız, sadəcə valideynləri tərəfindən seçilən həyat yoldaşının evinə köçürülür.

Düzdür, BMT son illərdə yavaş-yavaş olsa da, Azərbaycanda erkən nikahların sayının azaldığını qeyd edir. Lakin təşkilatın mütəxəssisləri xəbərdarlıq edirlər ki, koronavirus pandemiyası dünyanın bir çox yerində bu cür nikahların sayını artırmaqda davam edir. Ailələr iqtisadi yüklərini azaltmaq üçün bu yola daha tez-tez müraciət etməyə başlayacaq.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova pandemiya səbəbindən Azərbaycanda erkən nikahların artmasının mümkünlüyündən narahatlıq ifadə edir: “Sosial təcrid dövründə hər kəs evdə oturur və insanların adi həyat ritmi pozulmuşdu. QHT nümayəndələri rayonlara gedib monitorinq keçirə bilmirdillər. İndi, əslində bölgələr öz həyatını, paytaxt isə öz fərqli həyatını yaşayır. Belə şəraitdə erkən nikahların sayı arta bilər, çünki karantin səbəbindən dövlət qurumlarının, QHT-lərin, ictimaiyyətin müəyyən proseslərdən xəbərsiz olduğunu anlayanlar və bundan faydalananlar var idi. İndi kütləvi tədbirlər qadağandır və bütün evləndirmə prosesi çox dar bir dairədə keçirilir”.

Mehriban Zeynalova: “Bir çox ölkələrdə seksual maarifləndirmə fənn ...

Təşkilat rəhbərinin sözlərinə görə, bölgələrdə icra hakimiyyətlərinin, bələdiyyələrin və polisin erkən nikahların sayının artmasına imkan verməməsi vacibdir: “Onlara həvalə olunan ərazidə nələrin baş verdiyindən xəbərdar olmalıdırlar. Belə hallarla rastlaşan qonşular, qohumlar da laqeyd qalmamalı və bu kimi halların qarşısını almaq üçün müvafiq qurumlarla əlaqə saxlamalıdırlar”.

O ki, qaldı karantin dövründə gəlirlərin itkisi, yoxsulluq səbəbindən erkən nikahların sayının nə qədər artmasına, Zeynalova bu göstəricilərin bir neçə aydan sonra məlum olacağını və yalnız bundan sonra hansısa mülahizələr yürüdülə biləcəyini qeyd edir.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir