erken nikah 1

Erkən nikahların cəmiyyətə uğursuz ailə “bəxş” etməsini necə önləməli?

Baxış sayı: 963

Bəşəriyyət ailəni sivil cəmiyyətin əsasını təşkil edən, insanlığın ən ali, ülvi və saf duyğularını, nəcib niyyətlərini özündə təcəssüm etdirən müqəddəs ittifaq kimi dəyərləndirir. Normal ailəyə, övlada sahib olmaq hər bir yetkin insanın daxilindən qaynaqlanan təbii bir istək, xoş arzudur. Aparılan ən müxtəlif sosioloji tədqiqatlar göstərir ki, ailə institutu indiyə qədər olduğu kimi, bundan sonra da cəmiyyətdə üstün mövqeyini qoruyub saxlayacaq. Bu mənada sağlam ailə həm də sağlam cəmiyyətin, sivil dövlətin məhək daşını, bünövrəsini təşkil edir, deyirlər.

Ailə mədəniyyəti, ailə dəyərləri bu gün dünyada mövcud olan xalqların sayı qədər rəngarəng, müxtəlif və özünəməxsusdur. Azərbaycanda isə ailə institutuna böyük dəyər verilir. Bu, elə müqəddəs ittifaqdır ki, onun səmimiliyinə, saflığına və təmizliyinə heç bir halda xələl gətirmək olmaz. Lakin son illərdə müəyyən sosial-psixoloji problemlərin ortaya çıxması ailə institutunun monolitliyinə xələl gətirir. Boşanmaların və ailə münaqişələrinin əsas səbəbi kimi çıxış edən həmin problemlərin psixoloqlar tərəfindən obyektiv araşdırılması nəticəsində məlum olur ki, gənclər arasında maarifləndirmə, təbliğat işinin gücləndirilməsi qarşıda duran aktual və vacib məsələlərdən biri olaraq qalır. Könülsüz evlilik son məqamda anlaşılmazlıqlara, ziddiyyətlərə və boşanmalara gətirib çıxarır.

Bu gün cəmiyyətdə ən çox narahatlıq doğuran, mətbuatda, efirlərdə haqqında söhbət gedən mövzulardan biri də erkən nikahlardır. Azərbaycanda Ailə Məcəlləsi haqqında qanun qəbul edilib qüvvədə olduğu halda belə bir vəziyyət necə yaranır? Həmin məcəllənin 10.1-ci maddəsində nikah yaşı istər qadınlar, istər kişilər üçün 18-dir. Eyni zamanda, Avropa İnsan Hüquqları Konvensiyasının 12-ci maddəsində də göstərilir ki, yalnız nikah yaşına çatmış kişi və qadınlar ailə qurmaq hüququna malikdirlər. Bütün bu qanunların işlədiyi ölkəmizdə erkən nikahların sürətlə artmasına rəvac verən səbəblər hansılardır? İş o yerə çatıb ki, artıq bizim hər birimiz ətrafımızda erkən qurulan ailələrlə və bir qayda olaraq onların dərin fəsadları ilə rastlaşırıq.

erken nikah

Tanıdığım bir neçə ailədə erkən nikahın xoşagəlməz nəticəsinin şahidi oldum. Düzü, əvvəllər məsələnin bu dərəcəyə gəlib çıxacağını təsəvvür etməzdim. Çünki bu gün qarşılaşdığımız problemləri cəmiyyət bir əsr əvvəl həll etmişdi. Və həmin məsələlərə təkrar baxış, təbii ki, çoxlarımızı təəccübləndirir. Qadın azadlığı, qız-gəlinlərin hüquqları, başörtüyü, qız uşaqlarının təhsildən yayınması və digər məsələləri vaxtilə M.F.Axundzadə, H.B.Zərdabi, C.Məmmədquluzadə, C.Cabbarlı və digər mütəfəkkirlərimiz bədii və publisistik əsərlərində ifşa etmişdilər. Qadının ləyaqətini alçaldan, onun şəxsiyyətini ikinci plana keçirən, qızlarımızın ata-anaların mülkiyyətinə çevrilməsi mənəviyyatca xırda və cahil adamların yenidən ortaya çıxardığı təhlükəli meyillərdir. Həyatdan geri qalan, keçmişləri qaytarmağa çalışanlar, bir sözlə, emansipasiyaya əks olan meyillər nədənsə yenidən dirçəlməkdədir. Bunun müəyyən səbəblərini araşdırsaq görərik ki, hazırda cəmiyyətdə mövcud olan və güclü təsirə malik stereotiplər hələ də qadın və qızlarımızın əleyhinə işləyir.

…Bağ evimizin qonşuluğunda yaşayan bir qız uşağının taleyi məni həmişə düşündürür. Həmin qızı 12 yaşında gəlin köçürürlər. 13 yaşında o, uşaq dünyaya gətirir. Bundan sonra əsəblərində dəyişiklik baş verir. Bu fəsad özünü əvvəlcə yüngül, sonra kəskin formada göstərir. Necə deyərlər, qız tamamilə havalanır. Çünki uşaq dünyaya uşaq gətirir…

Bu proses onsuz da istənilən qadın üçün çətin bir haldır. O ki ola 13 yaşında uşaq üçün… Stress, əsəb, yaşına uyğun olmayan ağrılar onun həyatını sözün əsl mənasında puç etmişdi. Üstəlik, əri qazanc dalınca Rusiyaya getmiş, nənə-baba isə böyüməkdə olan uşağa baxmaq çətinliyində qalmışdılar. “Ana” isə psixoloji durumunun təsiri ilə kəndin küçələrinə qaçır, gülə-gülə qapıları döyür, ağlına nə gəlirsə deyir, camaatı narahat edir…

Hər bir valideyn övladının xoşbəxt ailə sahibi olmasını istəyir. Lakin heç də hər valideyn düşünmür ki, onun xoşbəxtlik anlayışı düzgündürmü? Bu anlayış və yanaşma övladını uğursuz və ağrılı bir həyata yuvarlatmaz ki? Üstəlik, xoşbəxtlik anlayışını səhv başa düşüb övladlarını vaxtından əvvəl ailə qurmağa vadar edən ata-analar Azərbaycan cəmiyyətinə də əlavə bir problem gətirir, demoqrafiyamıza, genofondumuza zərbə vururlar.

erken nikah

Problemin kökü nədən qaynaqlanır? Dinin təsirindən, təhsilin lazımi səviyyədə olmamasından, sosial vəziyyətin ağırlığından, yoxsa nədən?..

Əlbəttə ki, cavablar müxtəlifdir. Çoxları deyir ki, bu problemin sosial vəziyyətlə heç bir əlaqəsi yoxdur. Bu, uzun illər boyu formalaşmış stereotiplərdir, bəzi ailələrin “qayda-qanun”udur. Bunun aradan qaldırılması üçün stereotiplərin dəyişdirilməsinə, güclü maarifləndirmə işlərinin, yerlərdəki dövlət qurumlarında bu sahədə güclü islahatlar aparılmasına ehtiyac var.

Bəziləri isə bir sıra digər ölkələrdən misal gətirərək az qala bizdə vəziyyətin yaxşı olduğunu söyləmək istəyirlər. Düzdür, Azərbaycan maarifçiliyi bizə qonşu olan müsəlman ölkələrinin, xüsusilə Orta Asiya xalqlarının mədəni inqilablarında da əsas silah olmuşdur. Bir sıra tarixi səbəblərdən qadın azadlığı, qız və gəlinlərin hüquqlarının qorunması məsələsi bizim ölkəmizdə özünün daha tez və şüurlu həllini tapmışdır. Lakin indi də “şükür edirlər” ki, “bizdə erkən nikaha daxil olanların yaş həddi 15-dən aşağı deyil, yuxarıdır” deyənlər özlərinə təskinlik verməsinlər. Çünki bu proses hər bir halda təhlükəlidir.

Doğrudur, hər gün dünyanın müxtəlif yerlərində minlərlə erkən evlənmə baş verir. Adətən, bu halların daha çox Asiya və Afrika ölkələrində olduğu güman edilsə də, əslində elə Avropanın bir sıra yerlərində erkən yaşda ailə quranlar az deyil. Son zamanlar inkişaf etmiş ölkələrin özündə də bu faktlar müşahidə edilməkdədir. Belə ki, Böyük Britaniyada, Avstriyada, İsveçrədə, Fransada, Danimarkada, hətta ABŞ-da da erkən nikahlar nadir və təəccüblü hal sayılmır. Qonşu Türkiyədə isə erkən nikahlar aktual problem olaraq qalır. Rusiyada isə nikahların 13-15 faizini azyaşlılar arasında qurulmuş ailələr təşkil edir.

Əlbəttə, hər bir ölkənin öz demoqrafik problemləri var. Bizim vəzifəmiz isə bu sahədə öz problemlərimizi həll etmək, dərin fəsadlara yol verməməkdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin BMT-nin Uşaq Fondu ilə birgə apardığı “Erkən nikahlar: uşaq hüquqlarının pozulması” sosial araşdırmalarının nəticələri nə göstərib? Bakı, Abşeron, Quba, Lənkəran və Ağstafa bölgələrində erkən nikahın qarşısının alınması ilə bağlı tövsiyələr təqdim edilib. Dövlət Statistika Komitəsi, BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycandakı nümayəndəliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin maddi və texniki dəstəyi ilə ölkənin regionlarının şəhər və kənd yerlərində “Qızların erkən nikaha daxil olması və rəsmi nikahdan kənar doğum hallarının öyrənilməsinə dair” statistik göstəricinin nəticəsinə görə, 18 yaşadək qızların nikaha daxil olmasının 38,9 faizi şəhər, 61,1 faizi kənd yerlərində baş verir.

Əvvəllər belə bir fikir mövcud idi ki, qızları yalnız ucqar dağ kəndlərində, valideynlərin onlara təhsil vermək fikri olmadığı yerlərdə erkən yaşda gəlin köçürürlər. Lakin müşahidə və tədqiqatlar deyir ki, paytaxt və şəhərimizdə də belə hallar az deyil.

Məlum həqiqətdir ki, erkən nikahın səbəblərindən biri valideynləri tərəfindən uşaqların məktəbə getməsinə icazə verilməməsidir. Bakının bəzi kəndlərində bu ənənə kütləvi hal almaq üzrədir. Qız uşaqları üç, ya dörd sinif oxuyurlar. Hərfləri öyrənib adlarını yaza bilən kimi onları nişanlayıb ərə verirlər.

Bəzi oğlan uşaqları da oxumaq istəmir. Onlar arasında da erkən evlənmələr müşahidə olunur. Bu uşaqlar bağ mövsümündə həyətlərdə işləyir, maşın yuyur, bir növ, kimlər üçün isə nökərlik edirlər. Heç bir peşə, ixtisas sahibi ola bilmirlər.

Gələcək nəslin düzgün formalaşması, övladlarımızın hərtərəfli inkişaf etməsi üçün isə ilk növbədə onların valideynləri, əsasən də anaları savada, geniş dünyagörüşə, həyat təcrübəsinə malik olmalıdır. Savadlı ana ziyalı gələcək, ayıq millət deməkdir.

Erkən nikahlardan söhbət düşəndə yenə də bir qızın taleyi məni xeyli düşünməyə vadar edir. O, kasıb bir ailənin dördüncü qız övladı idi. Atası dünyasını dəyişəndən sonra ana qızlarını tezliklə yerbəyer etmək istəyi ilə onları erkən yaşlarında ərə verir. Bacılardan ən çox Gülnarın həyatı acınacaqlı olur. Belə ki, üç uşaqları olsa da, ər-arvad bir-biri ilə mehriban dolana bilmir, söz-söhbət baş alıb gedir və nəticədə kişi ailədən imtina edir. Əslində, elə ata da evlənəndə hələ yaşı az imiş – 17-si bitməmişdi. Əlbəttə ki, ailə saxlamağın məsuliyyətini və çətinliyini bilmirmiş. Üç uşağın “yükü”nü isə nə o tərəfdəki, nə də bu tərəfdəki valideynlər çəkmək iqtidarında olur. Beləliklə, Gülnar məcbur qalıb evlərdə təmizlik işləri görərək dolanışığını təmin etməyə çalışır. Lakin bu iş mütəmadi olmadığı üçün kafelərdən birinə xidmətçi düzəlir. “Özünü doğruldandan” sonra onu qabyuyan keçirirlər. İndi isə tamam “başqa işlə” məşğuldur…

Dəhşət doğuran hallardır. Bax cəmiyyətdə erkən nikahların əleyhinə həyəcan təbilini çalmağa çağıran bir səbəb də budur.

Narahatlıq doğuran digər səbəb isə yeniyetmə qızların yaşlı kişilərə ərə verilməsidir. 55 yaşlı bir kişinin öz qızı yerində birisi ilə izdivac qurmasına necə təəccüblənməyəsən? Kasıb bir ailədən olan kiçik bir qızın valideynləri tərəfindən “ağ gün” üçün ərə verilməsi məyusluq doğuran bir faktdır.

Bir sözlə, cəmiyyətdə erkən evlənənləri dəstəkləyən və onu müxtəlif bəhanələrlə əsaslandıran insanlar da tapılır. Məsələn, evliliyi çıxış yolu kimi göstərərək sosial-iqtisadi durumu yaxşılaşdırmaq, adət-ənənəyə riayət, dini inanclar, təhsilsizlik, ailədaxili zorakılıq, təcavüz edənlə evləndirmə halı, qaçırılma kimi səbəblər göstərilir.

erken nikah

 

Bütün bunlarla bağlı mütəxəssislər hansı fikirdədir?

Azyaşlı qızların ərə verilməsi birmənalı olaraq insan hüquqlarının pozulması deməkdir. Bu, həm də qanunlarımıza ziddir. Çünki 15-16 yaşında qız ən çox təhsil almaq, peşə öyrənmək, sənət sahibi olmaq istəyir. Xüsusilə müasir dövrdə qızlar özləri üçün xoşbəxt gələcək qurmaq arzusunda olurlar. Bu da bir həqiqətdir ki, insan ömrünün bütün dövrlərini, o cümlədən uşaqlığını, yeniyetməliyini də mənalı yaşamalıdır.

Başqa sözlə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də 1989-cu ildə qəbul olunmuş Uşaq hüquqları haqqında Konvensiyada tam fəaliyyət qabiliyyəti olmayan şəxslər uşaq hesab edilir. Belə çıxır ki, biz uşaqları vaxtından əvvəl ailə həyatına təhrik edirik? Yaxud, bunu edənlərin dəvəti ilə toya-nişana gedib erkən ailələrin qurulmasının şahidi, bəlkə də iştirakçısı oluruq?!

Erkən nikahlar eyni zamanda ölkədə evlənənlərin və boşanmaların statistikasının dəqiq aparılmasına da zərbə vurur. Əvvəla, qurulan ailələrin sayı dəqiq bilinmir, çünki erkən nikah qeydə alınmır. Onların sayını dəqiqləşdirmək də müşkül məsələdir. Bunu göstərən yeganə mənbə belə nikahlardan doğulan uşaqların sayı ilə müəyyən olunur. Bu halda isə dəqiqlik mümkün deyil.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Beynəlxalq Sosial Tədqiqatlar Mərkəzi və UNISEF-in 4 regionda 488 respondenti əhatə edən tədqiqatı nəticəsində məlum olub ki, aşkarlanan erkən nikahların təxminən 58 faizi qızların tam razılığı olmadan baş verib.

16 yaşında qız ailə qurur və bu, dövlət tərəfindən qeydə alınmırsa, deməli, bu nikahın hüquqi zəmanəti də yoxdur. Qızlarını bu yaşda ərə verən və azyaşlı qızı evinə gəlin gətirən valideynlər öz hərəkətlərinə bəraət qazandırmaq üçün molla kəbinini misal gətirirlər. Lakin onlar unudurlar ki, dini kəbinin heç bir hüquqi qüvvəsi yoxdur.

Müşahidələr göstərir ki, tez evlənənlər əksər hallarda tez də ayrılırlar. Əvvəla, məktəb partası arxasından yarımçıq ayrılmış yeniyetmə qızın ev sahibəsi, yaxşı ana kimi səriştəsi olmur. Onun hələ lazımi bilik və dünyagörüşü yoxdur. Ev işləri görməyə, ailəni bir ana olaraq idarə etməyə nə mənəvi, nə də fiziki gücü var.

Burada bütün məsələlər bir-biri ilə sıx surətdə bağlıdır. Belə ki, erkən nikahların qarşısını almaq uşaq hüquqlarını qorumaq, təhsilə dəstək vermək, gələcək anaların və körpələrin sağlamlığına qayğı göstərmək vacib məsələdir. Bir qayda olaraq erkən yaşda qurulan evliliklərdən sonra peşmançılıq, qəzəb, fikir qırıqlığı kimi mənfi hisslər baş qaldırır. Erkən nikahların yaranmasına nə səbəb olursa-olsun, onların yanlışlığı şəksizdir və fərdlər üçün bir travmadır. Həkimlər və psixoloqlar belə ailələrdə stress və depressiyanın, əsəb pozuntusunun və digər mənfi halların olduğunu istisna etmirlər.

Erkən evlənmə cəmiyyətə həyatından narazı, bədbəxt cütlüklər və psixoloji problemlərlə böyüyən uşaqlar bəxş edir.

erken nikah

Erkən nikahları dağıdıcı təsirə malik sosial fenomen hesab edənlər heç də yanılmırlar. Burada güclü mübarizə gərəkdir. Qanunların gücündən ta qızların, qadınların səlahiyyətlərini, hüquqlarını bilməsinədək, cəmiyyətdə hər kəsin bu istiqamətdə maariflənməsinədək bütün vasitələr işə salınmalıdır.

Beləliklə, bu nəticəyə gəlmək olar ki, erkən nikahlar ilk növbədə savadsızlığın “məhsulu”dur. Azərbaycanda isə 16-17 yaşlı qızların 20 faizi təhsildən uzaqdır. Türkiyədə bu rəqəm 48 faiz təşkil edir. Qazaxıstanda, Türkmənistanda, Özbəkistanda isə vəziyyət daha acınacaqlıdır.

Bir çox peşə sahiblərinin – həkimlərin, pedaqoqların, psixoloqların, tədqiqatçıların, adi müşahidəçilərin fikrinə şərik olaraq bir daha qeyd edək ki, erkən nikahlar ən çox təhsilin zəif və qadınlar üçün iqtisadi imkanların məhdud olduğu əyalət bölgələrində, dağlıq rayonlarda geniş yayılıb. Bu fikirdə böyük həqiqət olsa da, qeyd edək ki, elə böyük şəhərlərdə də, Bakının qəsəbə və kəndlərində də belə hallar nadir deyil. Deməli, məsələnin daha dərin kökləri var. Geriliyə, mühafizəkarlığa qarşı mübarizədə bizim bir əsas silahımız var. O da xalqımızın müasir məktəbidir. Onun nüfuzunu qorumalı, səviyyəsini artırmalıyıq.

 

İradə ƏLİYEVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir