Biri vardı, biri yoxdu… Hər bir uşaq bu sözləri maraqla və zövqlə dinləyir. Nağılları nənələr, analar və tərbiyəçilər söyləyirlər. Uşaqlar isə rahat şəkildə sevimli oyuncaqlarını qucaqlayaraq nağıllara qulaq asırlar. Bəzən bu nağılları, oyuncaqları valideynlər uşaqların əlindən erkən alırlar. Əslində uşaq normal olaraq, 6 yaşında məktəbə getməlidir. Lakin 6 yaşı tamam olmayan uşaqların valideynləri övladlarını məktəbə yazdırmaq üçün xüsusi istedada malik uşaqların 1-ci sinfə qəbulu ilə bağlı müsahibələrə gətirirlər. Çox zaman uşaqlarının bu qabiliyyətini dəyərləndirən valideynlər onların daha çox uğur qazanmaları və həyata daha tez atılmaları üçün məktəbə erkən başlamasının tərəfdarı olurlar. Lakin nəzərə almaq lazımdır ki, istedad məktəbə tez başlamaqla və ya 3-4 şeir əzbərləməklə əldə edilmir. Uşağı vaxtından əvvəl ağır bilgilərlə yükləmək hər zaman müsbət nəticələr verməyə bilər.
Bir çox Avropa ölkələrində bu sahədə araşdırma aparılır və maraqlı məlumatlar ortaya çıxarılır. Belə ki, bu yaxınlarda Almaniyanın Münhen Lüdviq-Maksimilian Universiteti apardığı araşdırma zamanı uşaqların erkən yaşda məktəbə başlamasının onlarda diqqət dağınıqlığı və hiperaktivliyin pozulmasına səbəb olduğunu ortaya çıxarıb. Araşdırmanın nəticələri Fransada aparılan tədqiqatın nəticələri ilə eyni olduğundan psixoloqlar məktəbə vaxtından tez başlamağın doğru olmadığını hesab edirlər. Almaniyada 600 minə yaxın uşağın bu problemdən əziyyət çəkdiyi ehtimal edilir. Araşdırmanın rəhbəri professor Jörq Batsinq bu hala daha çox oğlan uşaqlarında rast gəlindiyini bildirir
Mövzuyla bağlı “Gencaile.az” saytına danışan yeniyetmə uşaq psixoloqu Aysu Əliyeva aşağıdakıları dedi:”Hər valideynin ən böyük arzularından biri övladını məktəbə yola salmaqdır. Bəzən valideynlər bu arzunu gerçəkləşdirmək üçün hədsiz tələsirlər. Uşağı erkən yaşda məktəbə yazdırırlar. Bu hal daha çox oğlan övladı olan ailələrdə görülür. Zaman qazanması baxımından irəli düşdüklərini düşünürlər, lakin irəli düşərkən uşağı geri atdıqlarının fərqində deyillər. Belə ki, hər yaş dövrünün öz aparıcı fəaliyyəti var. Təlim dönəmi uşaqlarda 6 yaş və üzəri uşaqlar üçün əsas fəaliyyət növüdür . Yəni 6 yaş və 6 yaşdan yuxarı olduğu təqdirdə uşaq məktəbə gedə bilər. Daha erkən yaşlarda məktəbə gedən uşaqlarda adaptasiyanın gec yaranması,məktəb fobiyası, ayrılıq qorxusu, dərsə istəksizlik, oyuncaqlardan qopa bilməmək, oxuya bilməmək, yaxud oxuduqlarını anlamaqda çətinlik çəkmək tez – tez görülən hallardandır. Çünki 6 yaşdan aşağı uşaqlarda anlama-qavrama, akademik bacarıqlar , diqqət, hafizə və digər idrak prosesləri yetərincə formalaşmış olmur. Təbiidir ki, bu da uşağın məktəb həyatındaki uğursuzluqla nəticələnir.”
Təhsil eksperti, təlimçi, mentor İlhamə Axundova isə mövzuyla bağlı saytımıza aşağıdakıları bildirdi: “6 yaşa qədər mərhələ zehnin və sosial inkişafın ən sürətli inkişaf dönəmlərindəndir. 6 yaşı tamam olmayan uşaq eqo yaşını keçməyən, şəxsiyyətini tanımağa çalışmayan uşaqdır. Bu yaş qrupundakı uşaqlarda oynamaq, kəşf etmək daha çox olur. Bu yaşda təhsilə cəlb olunarlarsa, həm valideyn, həm də müəllim dərsə adaptasiya problemi yaşayır. Bu yaşda uşaq bağçası tamamlamalıdır. 6 yaşa qədər bu yaş səviyyəsinə uyğun oyunlarla uşağın inkişafına kömək ola bilərsiniz.”
Təqdim etdi: Uğur
Uşaqların 6 və ya 7 yaşında məktəbə başlamalı olduğuna dair bir qanun yoxdur. Ümumiyyətlə, məktəb üçün ən uyğun dövr 7 yaş hesab olunur. Lakin bu, uşağın qavrama qabiliyyətinə görə dəyişir. Elə uşaq var ki, 7 yaşı var, amma 5 yaş səviyyəsindədir və ya tam əksinə, 6 yaşı olub, 7-8 yaş səviyyəsində olan uşaqlar da az deyil.
məktəbə tez başlayan uşaqda əvvəl heç bir problem görünməsə də, bir müddət sonra, dərslər çətinləşdikcə onlarda ciddi psixoloji fəsadlar ortaya çıxa bilər
Ola bilər ki, Yaponiyada, Koreyada məktəblər erkən yaşdan başlayır. Biz onlarla özümüzü, təhsilimizi müqayisə etməməliyik.
Məktəbin vəzifəsi bilik öyrətməkdən əlavə sağlam nəsil yetişdirməkdir. Ona görə insanlar sağlam övlad istəyirlərsə, övladlarının uşaqlıq dönəmini düzgün və tam şəkildə keçirmələrinə dəstək olmalıdır. İndi 7 yaşdan başlayan təhsil sisteminə qayıtmaq da bizim üçün müşkül məsələdir. Ona görə 6 yaş bizim üçün kifayətdir, ondan aşağısı fəlakətli olar.
Uşağı 5-6 yaşdan məktəbə qoymaq doğru deyil. Çünki həmin dövrlərdə uşaq məktəb üçün hələ tam hazır olmur. Bəzi uşaqlar istisnadır. Elə uşaqlar var ki, informasiyanı rahat şəkildə qəbul edirlər. Yenə də uşaqların erkən məktəbə göndərilməsinin əleyhinəyəm. Çünki məktəb nizam-intizam yeridir. Bu da övladlarımızı uşaqlıqdan alıb başqa bir cəmiyyətə qoyur. Uşağın həyatında yeni və daha çətin dönəm yaradır. Bu dönəmin 5-6 yaşda başlamağı uşaqda travmalara gətirib çıxara bilər. Hətta öyrənmə qabiliyyətini itirməyinə və tükənməsinə səbəb ola bilər. Həvəsi, marağı tez qırılar.
Çox faydalı saytdır. Yazıda əməyi keçən mütəxəssislərə xüsusən təşəkkür edirəm. Çox işimizə yarayır